13 Noyabr 2020 17:50
1 628
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnqilab vasitəsilə hakimiyyətə gələn Nikol Paşinyan Azərbaycanın qələbəsindən sonra ölkəsini fəlakətə məhkum etmiş bir şəxs kimi onu ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdıraraq, onlara təzyiq və təhdidlər edərək demokratiya adı altında qurduğu diktatura rejimini bütün dünyaya göstərmiş oldu.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə Ermənistanda Paşinyan rejiminin qurduğu diktatura rejimi ilə bağlı vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, hərbi cinayətlərə görə məsuliyyəti təkcə Paşinyan deyil, həm də onun cinayətlərinə göz yuman qərb dairələri daşıyır:

"Hələ 2018-ci ilin mayında hakimiyyəti ələ keçirmiş Nikol Paşinyanı “demokratik lider” kimi təqdim edən bəzi Qərb dairələri bu gün Ermənistanın kriminal yuvaya çevrilməsinə heç nə demir, Ermənistanı tənqid edən bəyanat və çağırışlarla çıxış etmirlər. Eyni hadisələr Azərbaycanda baş versəydi, bu gün bir-birinin ardınca müxtəlif səviyyəli bəyanatların şahidi olardıq. Söhbət Ermənistandan getdikdə isə sükut hökm sörür və müvafiq beynəlxalq təşkilatlar "karam, koram, lalam" prinsipi ilə çıxış edərək susurlar. Bütün bunların tək bir səbəbi var. Bu səbəbində adı ikili standartlardır.

Demokratik dünya adlandırdığımız dövlətlər Ermənistandakı kütləvi həbsləri, təqibləri görməzdən gəlir, heç nə baş verməmiş kimi davranır və bununla bağlı Paşinyan hökumətinə hər hansı sual ünvanlanmır. Çünki konkret mərkəzlərdən idarə olunan ayrı-ayrı beynəlxalq qurumların bu günə qədər və elə indi də üzərlərinə qoyulan vəzifə Azərbaycanı qaralamaq siyasəti ilə bağlı olub. Misal olaraq bu gün Fransanın və Kanadanın Ermənistana açıq dəstək bəyanatları bu ölkələrin hakim dairələrinin həqiqi simalarını və mahiyyətini aydın əks etdirir.

Niyə Qərb mətbuatı Bərdə, Gəncə və digər Azərbaycan şəhərlərində mülki insanlara qarşı Ermənistanın müharibə cinayətlərindən bəhs etmək əvəzinə Azərbaycana və onun liderinə qarşı uydurmalarını davam etdirirlər? Cavab birdir: çünki ölkəsinin ərazi bütövlüyünü bərpa edən güclü Azərbaycan onları narahat edir.

Əgər belə olmasaydı Paşinyanın hakimiyyətdə olduğu bütün bu müddət ərzində Ermənistan həbsxanalarının siyasi məhbuslarla dolub daşması, keçmiş prezidentlərin həbs edilməsi və onlara qarşı cinayət işi açılması qərbi narahat edər və bütün bunlar görməməzlikdən gəlinməzdi. Nəticə etibarilə bu cəzasızlıq daha böyük cinayətlərə yol açdı və Paşinyanın cinayətləri sırasına hərbi cinayətləri də əlavə edildi.

Bu cinayətlərə görə məsuliyyəti isə təkcə Paşinyan deyil, onu hakimiyyətə gətirən, eləcə də onun cinayətlərinə göz yuman qərb dairələri və təşkilatları da daşıyırlar".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər