18 Noyabr 2020 09:14
2 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ danışıqları hələ tezdir. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında bəyanat imzalanıb. İlk növbədə bu bəyanatın şərtərinə əməl edilməlidir. Əvvəlcə Kəlbəcər, Laçın və Ağdam Azərbaycana təhvil verilməlidir. Baxmayaraq ki, Kəlbəcər məsələsində ermənilər bizdən əlavə vaxt istədilər. Digər tərəfdən, Ermənistanda dəyişikliklər olsa bu vəziyyəti dəyişməsə də, uzada bilər. Hər halda dekabrın 1-də bu məsələ başa çatmalıdır. Bundan sonra Azərbaycanın görəcəyi çoxlu işlər var.

Bu fikirləri Teleqraf.com-a politoloq Əli Abbasov deyib.

Onun fikrincə, bu məsələ həll edildikdən sonra Azərbaycan bir sıra işlər həyata keçirməlidir: “Bu üç rayon minadan təmizlənməlidir. Qaçqınlar öz evlərinə qayıtmalı, bu torpaqlarda insanlar yaşamalıdır. Məncə, bu proses azı 6 ay çəkəcək. Əlbəttə, bununla paralel danışıqlar gedəcək. Ancaq hansı formada gedəcək?

Diqqət etdinizsə, erməni tərəfi Kəlbəcəri qaytarmaq üçün əlavə vaxt istədi və bunu Rusiya vasitəsilə Bakıya çatdırdı. Ola bilsin Bakı da onlara zaman verib, amma həm də deyib ki, Kəlbəcərdən çıxarkən vandal hərəkətlərə yol verməsinlər, yəni insan kimi davranış nümayiş etdirsinlər. Görünən budur ki, Rusiyanın vasitəsilə danışıqlar gedir, dialoq var”.

Əli Abbasov əlavə edib ki, Qarabağda qalan erməni silahlı dəstələri oradan çıxmaq istəmirlər: “Ötən gün videolar yayıldı. Rus sülhməramlıları onlara xəbərdarlıq edirdi. Hərçənd Rusiya kanalları bunu elə formada veriblər ki, sanki ərazidən çıxmaq istəməyən bizik. Amma bu, belə deyil. Bu saat orada qalan və çıxmaq istəməyən daşnakların qüvvələridir. Ruslar əldə olunan razılaşmaya əsasən erməni tərəfindən bunu tələb etməlidirlər. Belə xırda məsələlər ortaya çıxa bilər. Yəni prosesi gecikdirə bilər.

Buna da təbii yanaşmaq lazımdır. Hazırlanan heç bir qrafikdə yazılanlar saat mexanizmi kimi həyata keçmir. Amma bu baş verəcək. Digər məsələlərdə həll olunduqdan sonra real danışıqlara başlanıla bilər”.


Müəllif: Cavad

Oxşar xəbərlər