24 Noyabr 2020 09:05
2 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan axmaq addımlar atmağa başlayacaqsa, vəziyyət qəlizləşəcək. Beləcə burada iki dövlət - Türkiyə və Rusiyanın iştirakı ilə müharibəyə başlayacaq.

Bu fikirləri Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ermənilərin perspektivdə destruktiv fəaliyyəti haqqında danışarkən deyib.

O hesab edir ki, ermənilərin destruktiv fəaliyyəti Rusiya və Türkiyəni üz-üzə gətirməyə səbəb ola bilər:

“Bu, nəzəri yanaşma deyil. Aydındır ki, Rusiya Türkiyə ilə savaşa meyl etməz. Çünki iqtisadi baxımdan Türkiyə ilə ciddi əlaqələrə malikdir. Üstəlik Liviya və Suriyada qarşılıqlı münasibətləri var. Həmçinin ətrafdakı türkdilli dövlətlər bundan razı qalmaz.

Və nəhayətdə Rusiyanın daxilində milyonlarla türkdilli xalqlar var. Bütün bunları nəzərə aldıqda Rusiya belə bir müharibəyə meyl etməz. Türkiyə də açıq şəkildə Dağlıq Qarabağda hər hansı bir kiçik güzəştə gedilməyəcəyini bəyan edib. Bu baxımdan biz burada müharibənin olmamasını arzu ediriksə, beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən tanınmalıdır, ermənilər yaşamaq istəyirsə, bəyannaməyə uyğun olaraq Dağlıq Qarabağda müəyyən edilən ərazilərdə yaşamalıdırlar. Qarabağ məsələsinin qısa müddətdə ədalətli həlli budur. Ermənistanda radikal qüvvələr var, böyük bəyanatlar verir, tarixi saxtalaşdırır, özlərinə “Böyük Ermənistan” dövləti qurur, hamını özlərindən aşağı səviyyədə hesab edirlər. Belə bir yolla biz uzağa gedə bilmərik. Əslində ermənilərin ağlı olsaydı, indi Cənubi Qafqazda tam başqa atmosfer hökm sürərdi”.


Müəllif: Cavad