Ötən gün cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva erməni işğalından azad edilmiş Ağdam rayonuna səfər edib. Cənab Prezident Ağdam məscidinin qarşısındakı çıxışında bir çox mesajlar verib. Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və təbliği üçün bütün zəruri addımlar atılacağını bildirib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Millət vəkili bildirib ki, Ağdam səfərində cəmiyyətimiz İlham Əliyev və Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizə bağlılığını bir daha gördü:
"Ağdam məscidinin erməni işğalçıları tərəfindən dağıdılmasına baxmayaraq cənab Prezident və xanımı içəri ayaqyalın daxil oldular, duallar etdilər. Mehriban Əliyeva Məkkədən gətirilmiş müqəddəs Quranı Kərimi Ağdam məscidinə bağışladı. Ölkə rəhbərliyi tərəfindən tariximizə, milli-mənəvi dəyərlərimizə olan yüksək münasibət bu səfərdə də özünü göstərdi”.
Ceyhun Məmmədov qeyd edib ki, Ağdam məscidində düşmən tərəfindən törədilmiş vandalizmə baxmayaraq, cənab Prezident və xanımının ayaqyalın ora daxil olması özlərinin yüksək mədəni keyfiyyətləri ilə yanaşı. dini dəyərlərə olan diqqətlərinin bariz nümunəsidir:
“Xalqımız tərəfindən bu addım çox yüksək rəğbətlə qarşılanıb”.