25 Noyabr 2020 09:05
1 653
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad olunan torpaqlarımızda erməni vandallarının bütün tarixi abidələrimizi dağıtdığının aydın şəkildə şahidi oluruq. İşğalçılar həmin ərazilərdəki bütün abidələrimizi məhv ediblər. Amma bu gün bəzi Qərb dövlətləri regionda olan ayrı dinlərə məxsus abidələrin zərər görməsi ilə bağlı narahat olduqlarını ifadə edirlər. Müharibə başa çatandan sonra bəzi Qərb liderləri məsələ qaldırırlar ki, Azərbaycanın azad etdiyi torpaqlarda xristian məbədləri necə olacaq? İslamofob hisləri alovlandıran, İslam müqəddəslərinin təhqirlərinə göz yuman və hətta onları təhqir edənlərə bəraət qazandıran bu şəxslər narahat olmamalıdırlar.

Bunu Teleqraf.com-a millət vəkili Cavid Osmanov deyib.

Deputat bildirib ki, Azərbaycan dünyada tolerantlıq nümunəsi kimi tanınan ölkələrdəndir:

"Azərbaycanda milli azlıqların hüquqlarına, bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşılır. Azərbaycan xalqı mədəni irsin hər bir nümunəsinə tarixi sərvət kimi yanaşır, onları qoruyur. Ölkəmiz dünyada mədəniyyətlərarası və sivilizasiyalararası körpü rolunu oynayır. Hər il Bakı Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu kimi mühüm tədbirlərə ev sahibliyi edirik. Eyni zamanda Azərbaycan dünya dini liderlərinin Zirvə görüşlərinə ev sahibliyi edən ölkədir. Dünyanın aparıcı qurumları, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti örnək kimi göstərir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib. Bir neçə il öncə Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm haqqında danışıb”.

Cavid Osmanov qeyd edib ki, Azərbaycanda olan tolerantlıq, dini dözümlülük, mədəniyyət abidələrinə, dini məbədlərə olan yüksək münasibət bütün ölkələr üçün nümunədir:

“Ona görə də, kimsə Azərbaycana bu məsələlərlə bağlı irad tuta bilməz. Bu gün narahatlıq keçirənlər, xristian məbədlərinə baş çəkmək istəsələr, onlar üçün şərait yaradıla bilər. Amma onlar həm də gəlib ermənilərin Azərbaycanın dini məbədləri ilə necə rəftar etdiklərini, onları dağıtdıqlarını, təhqir etdiklərini görsələr, daha ədalətli olarlar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər