27 Noyabr 2020 19:54
1 540

Fransa Senatı təxribatçı hərəkətləri ilə işğalçı ölkəni müdafiə edir. Məsələ bir qrup ermənipərəst, anti-türk və anti-azərbaycan əhval-ruhiyyəli senator tərəfindən gündəmə gətirilib. Senat isə “Dağlıq Qarabağ Respublikasının tanınmasının labüdlüyü” adlı qətnamə layihəsini qəbul edib. Milli Məclis Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı bəyanat yaydı. Başda spiker Sahibə Qafarova olmaqla, bütün millət vəkilləri Azərbaycana qarşı atılan həmin addımı pislədi. Bu sənədə ötəri nəzər saldıqda belə onun nə qədər qərəzli bir yanaşmaya əsaslandığını görmək olur.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, uydurma qətnamədə Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti kobudcasına təhrif edilib: "Xalqımızın apardığı Vətən müharibəsinin üzərinə kölgə salmağa cəhd göstərilib. Eyni zamanda ermənipərəst qüvvələrin diktəsi ilə ölkəmizə böhtanlar atılıb. Fransa təcavüzkarı öz adı ilə çağırmır. İşğalçı ilə işğala məruz qalan ölkə arasında fərq qoymur. Üçtərəfli bəyanat Azərbaycan torpaqlarının işğalına son qoyub, regionun inkişafı üçün şərait yaradıb. Azərbaycan Parlamentinin bəyanatında qeyd edilib ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılsın, ATƏT həmsədrinə müraciət edilməsi təklif edilsin. Həmçinin Fransa ilə həm siyasi, həm də iqtisadi münasibətlərə yenidən baxılsın".

Komitə sədrinə görə, qətnamənin Senatda qəbul edilərək plenar iclasa ötürülməsi Azərbaycanın beynəlxalq səviyyədə, Fransa tərəfindən tanınan ərazi bütövlüyünə, hüququn prinsiplərinə açıq hörmətsizlikdir: “İnsan, vətəndaş hüquqlarından dəm vuran dövlətin Senatının ədalətsiz qərarı onun heç bir norma və prinsiplərə əməl etmədiyindən xəbər verir. Digər tərəfdən Fransa hansı əsasla belə bir qətnamə müzakirəyə çıxarır? Bunun bir hüquqi əsası varmı? Yox. Bunun bir cavabı var: o da erməni lobbisinin təsiri. Çünki Fransada yaşayan ermənilər diaspor nümayəndələri münaqişə mövzusundan seçki məqsədləri üçün istifadə edir. Fransanın ermənipərəst siyasətçilərinin təxribatçı, ədalətsiz mövqe tutmasının səbəblərindən biridir. Həmçinin Fransa BMT -nin Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi 4 qətnaməyə əhəmiyyət vermir. Fransa yaddan çıxarmamalıdır ki, bu 4 qətnamənin qəbul edilməsinə özü də səs verib. ATƏT-in Minsk qrupunun 3 həmsədrindən olan Fransa senatı qərəzli mövqeyi ilə həmsədrlik missiyasına ləkə vurur. Bu nonsensdir. Eyni zamanda, məsələnin geosiyasi tərəfini də qeyd etməliyik. Fransa münaqişənin həllində Türkiyə və Rusiyanın ön plana çıxmasından, özünün arxa planda qalmasından narazı və narahatdır. Prezident Emmanuel Makron Dağlıq Qarabağ, 7 rayon Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirib. Fransa Xarici İşlər Nazirliyi də senatın qətnaməsini tanımadığını bəyan edib. Fransız hökuməti qətnaməni qınayan bəyanat verərək Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməli, belə sənədlərin hüquqi bazasının olmadığını bildirməlidir. Digər tərəfdən çalışmalıyıq ki, Azərbaycana, onun haqlı mübarizəsinə iki standartla yanaşan dövlətlər arasında dövriyyəyə buraxılmasın. Əfsuslar olsun ki, belə bir acı təcrübəni qardaş Türkiyə yaşayıb. Qondarma “erməni soyqırımı”nın tanınması bir çox hallarda Türkiyə üçün bəzi maneələr yaradıb. Bəzi dövlətlər məsələnin mahiyyətinə, tarixi əsaslarına varmır, sadəcə eşitdikləri məlumatları əsas götürür”.

Hicran Hüseynova qeyd edib ki, bu sahədə təbliğat işlərinin daha gücləndirilməsi və dayanıqlı olması vacibdir: “İlk növbədə, müxtəlif ölkələrin diplomatlarının, mədəniyyət və elm xadimlərinin, işğaldan azad olunmuş ərazilərimizə səfərlərini təşkil olunmalıdır. Azərbaycan diasporu fəaliyyətini daha da gücləndirməlidir. Özündə həmin ölkələrin tanınmış elm, mədəniyyət, ictimai, siyasi xadimlərini birləşdirən, ittifaqlar, konqreslər yaradılmalıdır. Azərbaycan üçün strateji əhəmiyyət daşıyan ölkələrdə, erməni lobbisi güclü olan ölkələrdə diplomatlarımızın sayı artırılmalıdır, informasiya və lobbiçilik sahəsində işlərimizi daha da gücləndirməliyik. Biz təkcə iqtisadi deyil, həm də humanitar və siyasi əlaqələrimizi inkişaf etdirməliyik. Qaliblər heç vaxt mühakimə olunmur. Ermənilər yeni reallıqla barışmalıdırlar. Tanınmış ictimai-siyasi xadim Tomas Cefferson deyirdi ki, “Gələcək haqqında arzu mənim daha çox xoşuma gəlir, nəinki keçmiş tarix”. Osmanlı İmperiyası süqut edəndə, bəzi qərb dövlətləri ermənilərə dəstək verdi. İmkan əldə edən düşmən bundan öz məqsədləri üçün istifadə edib. Ermənilər hər zaman kin və nifrət türklərə, azərbaycanlılara qarşı vəhşiliklər törədib. Bu gün də həmin terrorçuluq əməllərini davam edir. Kasıb, iqtisadi və siyasi cəhətdən asılı olan Ermənistan separatçı niyyətlərindən, revanş planlarından əl çəkib, daha səmərəli yolu seçməlidir”.

Millət vəkli Azərbaycanın etirazları fonunda artıq bir çox fransız senatorlar səslərindən imtina etdiklərini söyləyib: “Senatorlar Férat Françoise, Philippe Bonnecarrière, Alain Duffourg, Évelyne Perrot, Nadia Sollogoub səslərini geri götürərək bitərəf olduqlarını bildirib. Anne-Catherine Loisier, Hervé Maurey və Jean-Pierre Moga isə səslərini geri götürərək ümumiyyətlə səsvermədə iştirak etməkdən imtina edib. Nəticədə qətnaməyə səs verən senatorların sayı 297 oldu”.


Müəllif: Tapdıq Qurbanlı