4 Dekabr 2020 09:05
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ münaqişəsinin mövcudluğu, qanunsuz rejimin olması istənilən halda bu region üçün böyük risk daşıyırdı. Eyni zamanda regiona iqtisadi layihələrin, investisiyaların cəlb edilməsi, Şərq-Qərb yük daşınması baxımından da münaqişə böyük maneə idi.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, Azərbaycan bu təhlükələrdən yan keçmək üçün qarantiya rolunu oynayırdı:

"Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan xətləri Qarabağdan elə də uzaqda yerləşməyib. Ona görə də belə bir münaqişənin qalması mövcud riskləri daha da artırırdı. Bu isə nəhəng layihələrin dəyərinin daha da artmasına səbəb olurdu. Bölgədə inteqrasiya prosesləri üçün bir maneə idi. Münaqişənin artıq həll edilməsi real riski aradan qaldırıb. Bundan sonra bölgəyə daha çox, uzunmüddətli investisiyanın cəlb edilməsi, əməkdaşlıqların yaranması Avrasiya materikinin sabit yer kimi rol almasına böyük imkan yaradır. Geopolitik imkanlar sonda iqtisadi faydalara çevrilir. Çünki geosiyasətin arxasında iqtisadi fayda və əlaqələrin artması durur. Şərq-Qərb, Şimal-Cənub arası daha çox iqtisadi əlaqələrin inkişafına imkan yaranacaq. Artıq belə bir ehtiyac da var. Çünki indiki halda mövcud pandemiyaya görə, iqtisadi böhranlar, azalmalar baş verir. Növbəti illərdən iqtisadiyyatların və ölkələrarası əlaqələrin daha da artması gözlənilir. Bundan sonra bölgənin alabiləcəyi yer, əldə edəcəyi fayda çox önəmlidir”.

Tahir Mirkişili qeyd edib ki, Qarabağ münaqişəsinin həlli bütövlükdə bölgə ölkələrinin hamısı üçün faydalıdır:

“Türkiyənin, Gürcüstanın, Rusiyanın, İranın xeyrinə olan bir haldır. Burada yeganə zəif bənd Ermənistandır. Bu ölkə mövcud imkanları anlayarsa, apardığı yanlış siyasətdən əl çəkərsə, münasibətlərdə yeni bir dönəmin başlama ehtimalı var. Ermənistan Azərbaycanla əməkdaşlıq müstəvisində bölgənin yeni imkanlarından faydalanarsa, bundan sonra yeni bir situasiya yaranacaq. İqtisadiyyatların inteqrasiya olması hər kəsin bundan faydalanmasına səbəb olacaq. Bu arzuolunandır. Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi Azərbaycana aiddir. Azərbaycan bölgədə ən aktiv iqtisadi oyunçudur. Həm resurslarına, mövcud infrasztruktur layihələrinə, eyni zamanda geniş əlaqlərə görə ölkəmiz lider mövqedədir”.

Millət vəkili indiki halda bölgənin inkişafı üçün mühüm bir geosiyasətin formalaşdığını söyləyib:

“Bu siyasəti də Azərbaycan formalaşdırıb. Azərbaycanın iqtidsadi layihələri hər kəsin faydalanması üçün münbit şərait yaradır. Münaqişəni həll etmiş ölkə kimi Azərbaycan bu qələbəni iqtisadi faydalara çevirməyi bacaracaq. Bunun üçün də mühüm imkanlar var”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər