Məlum olduğu kimi BMT Baş Assambleyasının COVİD-19 ilə əlaqədar xüsusi sessiyasının keçirilməsi məhz prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi göstərdiyi təşəbbüs nəticəsində baş tutub. Milli və beynəlxalq səviyyədə məsuliyyət nümayiş etdirən Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun koronavirusla mübarizəyə həsr edilmiş Zirvə görüşünün keçirilməsinin təşəbbüskarı oldu. Həmin Zirvə görüşündə İlham Əliyev tərəfindən BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təklif edildi. Qoşulmama Hərəkatının bütün 120 üzvü həmin təklifi dəstəkləmişdir. Daha sonra isə digər BMT-yə üzv dövlətlər də həmin təşəbbüsü dəstəklədilər və nəticədə Baş Assambleya xüsusi sessiyanın çağırılmasına qərar verdi. Qaydalara əsasən, Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərdən 97 ölkənin razılığı kifayətdir ki, hər hansı təşəbbüs əsasında xüsusi sessiya təşkil olunsun. Azərbaycanın təşəbbüsünü isə 150 ölkə dəstəklədi.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə COVID-19-la əlaqədar BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyasının keçirilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Prezident bununla təkcə regional müstəvidə deyil, həm də qlobal səviyyədə məsələlərə təsir etmək imkanlarını nümayiş etdirmiş oldu:
“Azərbaycan Prezidentinin təşəbbüsünün belə qısa zaman kəsiyində qəbul olunması, heç şübhəsiz ki, onun dünya müstəvisindəki yüksək yerinin və mövqeyinin göstəricisidir. Bu həm də onu göstərir ki, prezident təkcə regional müstəvidə deyil, həm də qlobal səviyyədə məsələlərə təsir etmək imkanlarına malikdir. Bu, Azərbaycana dünyada olan nüfuz və etimadın bariz göstəricisidir və dünyada ölkəmizin irəli sürdüyü təşəbbüslərə göstərilən yanaşma bunun əyani sübutudur.
Bunun başlıca səbəbi Prezident İlham Əliyevin apardığı praqmatik siyasət və qarşıya qoyulan hədəflərə çatmaq üçün sərgilədiyi iradədir. Heç şübhəsiz ki, Prezidentin koronavirus pandemiyasına qarşı mübarizədə dünya ölkələrinə verdiyi birlik və həmrəylik mesajları, irəli sürdüyü təkliflər Azərbaycanın dünyadakı çəkisini daha da artırmağa xidmət edir”.
Politoloq bildirib ki, pandemiya ilə mübarizədə yoxsul ölkələrlə bağlı xüsusi humanitar proqramın qəbul olunmasına xüsusi ehtiyac var: “Cənab Prezident sessiyadakı çıxışında beynəlxalq ictimaiyyətin yalnız birlik, çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan hüquqlarına hörmət əsasında COVID-19-un fəsadlarının aradan qaldırılması və indi yayılmaqda davam edən pandemiyadan xilas olmasının mümkünlüyünü qeyd edərək təhlükəsiz və təsirli vaksinin tezliklə hazır olacağına ümidini ifadə etdi və xüsusi olaraq həmin vaksinin hamı üçün münasib qiymətə paylanmasının vacibliyini vurğuladı.
Bu bəladan xilas olmaq üçün hər kəsin əməkdaşlıq etməsi şərtdir. Əks halda ölkələr ayrı-ayrılıqda bu bəlanın öhdəsindən gəlməkdə böyük çətinlik çəkəcəklər. Dünyada bir sıra iqtisadi, humanitar və digər profilli təsisatlar var. Həmin təşkilatların konkret məsələlərlə bağlı işbirliyi problemin həllinə kömək edə bilər”.
Yusif Bağırzadə əlavə edib ki, xüsusi sessiya həmçinin Azərbaycan həqiqətlərinin növbəti dəfə dünya birliyinə çatdırılması baxımından da əhəmiyyətl hesab oluna bilər: “Prezident sessiyadakı çıxışında Azərbaycanın pandemiya dövründə qlobal atəşkəslə bağlı BMT Baş katibinin təşəbbüsünü dəstəklədiyini vurğulayaraq Ermənistan tərəfindən bu çağırışa məhəl qoyulmadığını bildirdi və Ermənistanın təcavüzkar siyasətini bir daha dünya ictimaiyyətinə çatdırmış oldu.
Son iki il ərzində Ermənistanın danışıqlar prosesini məqsədyönlü şəkildə məhv etməsini, bu ölkənin baş nazirinin “Qarabağ Ermənistandır” kimi bir sıra təxribatçı bəyanatlarını, müdafiə nazirinin “yeni ərazilər uğrunda yeni müharibə”yə çağırış etməsini, eləcə də Azərbaycan dövlət sərhədlərində törətdiyi təxribatları və nəticə etibarilə sentyabrın 27-də Azərbaycana qarşı irimiqyaslı hərbi təxribatlara başladığını, 11 nəfəri uşaq olmaqla, 94 mülki şəxsin qətlə yetirildiyini, 400-dən artıq insanın yaralandığını ən ali beynəlxalq tribunadan bir daha bütün dünya birliyinin nəzərinə çatdırmış oldu”.