12 Dekabr 2020 11:45
4 959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Eldar müəllim, Azərbaycan Ordusu 30 ilə yaxın işğalda qalan torpaqlarımızı azad etdi. Düşmən üzərində zəfər əldə edildi. Tarixi qələbəmizi şərtləndirən amilləri necə şərh etmək olar?

- Tarixi qələbəmizi şərtləndirən ən başlıca amil xalqımızın birliyidir. Xalqımız bir yumruq kimi birləşərək düşmənə layiq olduğu cavab verdi. Çünki Azərbaycan xalqı heç vaxt işğal faktı ilə barışmayıb. Hər zaman torpaqlarımızın işğaldan azad edilməsi xalqımızın, dövlətimizin ən başlıca amalı olub. Bu illər ərzində xalqımız ancaq torpaqlarının azadlığa qovuşacağı günü gözləyib. Dövlətimiz ən zəruri və prinsipial addımları atıb ki, işğal faktına son qoymaq üçün tələb olunan bütün prinsiplər təmin edilsin. Uzun onilliklər keçsə də xalqın hər zaman öz torpağına, ərazi bütövlüyünə olan həssaslığı düşmən üzərində qazanılan qələbəmizi şərtləndirən amillərdən oldu. Azərbaycan, bütövlükdə türk milləti hər zaman öz torpağına bağlı olub. Baxmayaraq ki, tarixdə torpaqlarımızın yadelli işğalçılar tərəfindən işğalı faktları çoxdur. Amma tarixə də nəzər saldıqda biz Şah İsmayıldan, Nadir şahdan sonra ilk dəfə olaraq öz tarixi ata-baba torpaqlarımızı geri qaytarmağa nail olduq. Gülüstan, Türkmənçay müqavilələrindən sonra Azərbaycanın iki hissəyə bölünməsi və o dövrdə yaranan reallıqlar Azərbaycanın torpaq itkiləri ilə yadda qalıb. 1918-ci ildə əldə edilən müstəqillik və ondan sonra baş verən proseslərdə Azərbaycan öz tarixi torpaqlarını bu və ya digər formada güzəştə getməyə məcbur olub. Xalq Cumhuriyyəti dönəmində də Azərbaycana qarşı çox böyük ərazi iddiaları olub. Qafqaz İslam Ordusu erməni daşnaklarını qovduqdan sonra bu işğala son qoyuldu. 1920-ci ildə Azərbaycan yenidən işğala məruz qaldı. Bundan sonra Azərbaycanın bir sıra əkinə yararlı torpaqları Ermənistana və digər qonşu dövlətlərə güzəşt edildi. Eyni zamanda tarixi Azərbaycan torpaqları olan Zəngəzur Ermənistana birləşdirildi. Bu, o dövrdə siyasi hakimiyyətin qərarı ilə baş tutdu. Bununla Azərbaycanın Naxçıvanla quru yolla əlaqəsinin kəsilməsi baş verdi. O dövr sovet sistemi idi, dövlətlərarası sərhəd anlayışı yox idi. Amma buna baxmayaraq inzibati idarəçilik məhz Ermənistanın tabeçiliyinə keçdi. Çünki Naxçıvana getmək üçün qatarla Ermənistan ərazisindən keçməli olurduq. Həmin dövrdə Dağlıq Qarabağa muxtar respublika statusu verilmişdi. Bu da xalqımıza böyük mənəvi-psixoloji təsir göstərmişdi. Çünki erməniləri bizim torpaqlarımızda yerləşdirməklə bərabər həm də onlara bir status verilirdi. Bu da sözsüz ki, onların əl-qollarının açılmasına imkan yaradırdı. Məqsəd də o idi ki, azərbaycanlıları həmin tarixi torpaqlarımızdan tədricən uzaqlaşdırsınlar. Bütün bunlar bir tarixi reallıq idi. Çünki azərbaycanlıların müstəqil dövləti olmadığı üçün öz torpaqlarını da geri tələb etməsi kimi bir statusu olmayıb. Ermənilərin 1988-ci ildən başlayaraq Azərbaycana qarşı yeni ərazi iddiaları, tarixi ərazilərimizin öz adlarına çıxılması kimi məsələlər gündəmə gətirdi. 1991-ci ildə Azərbaycanın müstəqilliyinin ilk illərində özünümüdafiə sisteminin zəif olmasından yararlanmağa başladılar. Amma bunun əksinə olaraq sovet dövründə burada qalan bütün silahlı birləşmələr ermənilərə təhvil verilmişdi. Ermənilər də bu qədər silahlanmadan istifadə edərək azərbaycanlılara qarşı qanlı terror aktları həyata keçirməyə başladılar. O vaxt burada olan 366-cı alay və digər silahlı birləşmələr Azərbaycan xalqına qarşı amansız divan tutulmasında müstəsna rol oynayıb. Xocalıda törədilən əsrin faciəsi milli ruhun sındırılmasına və xalqımızın mübarizə əzminin sarsılmasına hesablanmışdı. Müstəqilliyimizin ilk illərində Azərbaycan daxilində baş verən siyasi hərc-mərclik və hakimiyyət mübarizəsi düşmənə qarşı vahid gücün formalaşmasına əngəl yaradırdı. Məhz xalqın tələbi ilə siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyev Azərbaycanı bəlalardan, torpaqlarının itirilməsi kimi real təhlükələrdən xilas etdi. Ulu öndərin siyasətinin ən layiqli davamçısı cənab Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını yüksək tutaraq 30 ilə yaxın işğalda qalan ərazilərimizin düşməndən azad edilməsinə nail oldu.

- Ulu öndər Heydər Əliyev bəhs etdiniz dövrdə sovet rəhbərliyində təmsil olunurdu. Azərbaycana qarşı onun dərin sevgisi fonunda digər millətlərin ona münasibəti necə idi?

- Ulu Öndər Heydər Əliyev sovet rəhbərliyində ən mühüm postlarda çalışıb. Ona hansı sahəni tapşırırdılarsa, həmin sahələr az müddətə dirçəlir, inkişaf edirdi. Andropovun, Çerniyenkovun dövründə bu işlər daha mütəmadi xarakter daşıyırdı. Mixail Qorbaçova qədər sovet sistemində ulu öndər Heydər Əliyevin sayəsində mühüm inkişaf əldə edildi. Hətta ən geridə qalmış, batmış sahələr dirçəldildi. Dəmir yolları, səhiyyə və digər sahələr inkişaf etdi. M.Qorbaçova isə ulu öndər Heydər Əliyev kimi bilikli, bacarıqlı adamlar lazım deyildi. Çünki Qorbaçova SSRİ-ni saxlamaq yox, onu dağıtmaq lazım idi. Sosialist bloku dağıdıldı. Almaniya birləşdirildi. SSRİ tərkibində olan 15 respublikada da müəyyən proseslər başlandı. Sonradan isə Siyasi Büroda da dəyişikliklər edildi. Həmin dövrlərdə Ulu öndərə qarşı haqsızlıqlar edilməyə başlamışdı. Ulu öndər isə buna etiraz edərək vəzifəsindən uzaqlaşdı. Eyni zamanda sovet qoşunlarının 1990-cı ildə Bakıda törətdiyi qırğınlara cavab olaraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək cənab İlham Əliyevlə birlikdə buna öz kəskin etirazını bildirdi. Ulu öndər özünün və ailə üzvlərinin həyatını təhlükəyə ataraq sovet hakimiyyətinin Qorbaçovun Azərbaycan xalqına qarşı törətdiyi qırğınlara, cinayətlərə etirazını bildirdi. Ulu öndər Heydər Əliyev sovet hakimiyyətinin Azərbaycan xalqına qarşı olan cinayətindən sonra bu sistemə qarşı açıq mövqe tutdu, partiyadan da imtina etdi. Ondan sonra Azərbaycanda insanlar kommunist partiyasından kütləvi şəkildə imtina etməyə başladılar. 1990-ci ilin yayında ulu öndər Bakıya gəldi. Çox təəssüflər olsun ki, burada ona qarşı münasibət heç də yaxşı olmadı, ulu öndər sovet rəhbərliyində təmsil olunarkən Bakıda yüzlərlə binalar tikdirmişdi. Hətta özünün də Bakıda 4 otaqlı evi vardı. Amma o dövr siyasi hakimiyyətdə olanlar həmin mənzili də ulu öndərə qıymadılar. Bundan sonra o, Naxçıvana getdi.

- Heydər Əliyev 1990-cı ilin yayında Azərbaycana gələrkən ona qarşı qısqanclıq edənlər, mübarizə aparanlar kimlər idi?

- Azərbaycanda o vaxt hakimiyyədə olanlar ulu [ndərə qarşı qısqanclıqla yanaşırdılar. Eyni zamanda Moskvadan çəkinirdilər. O vaxt vəzifədə olanlar yaxşı bilirdilər ki, ulu öndər Heydər Əliyevin Azərbaycanda çox böyük nüfuzu, hörməti var. Çünki Bakıda Azərbaycanın hər yerindən insanlar Heydər Əliyevə çox böyük rəğbətlə yanaşırdılar. O dövrlər qarışıq bir zamanlar olsa da insanlar ulu öndərə hər zaman dəstək olmağa çalışırdı. Bakıda siyasi hakimiyyətdə olanlar görürdülər ki, ulu öndərin burada reytinqi çox yüksəkdir. İnsanlar hər yerdə ona hörmət sevgi ilə yanaşır. Bundan sonra onlar düşünməyə başladılar ki, Heydər Əliyevi Bakıdan uzaqlaşdırsınlar. Hətta ona qarşı cinayət planı quranlar da vardı. Eyni zamanda SSRİ Təhülükəsizlik Sistemi ulu öndərə qarşı təqiblər həyata keçirirdi. Bundan sonra ulu öndər Heydər Əliyev Naxçıvana getdi. Orada xalq onu böyük sevgi və rəğbətlə qarşıladı. Sonradan Heydər Əliyev çox mühüm addımlara imza atdı. İlk dəfə Azərbaycanın müstəqil üçrəngli bayrağını Naxçıvanda ucaldan ulu öndər Heydər Əliyev oldu. Naxçıvan ali məclisinə seçildikdən sonra ona sədrlik etməyə başladı. Naxçıvan bölgənin inkişaf etmiş bir mərkəzinə çevrilirdi. Bu da onun siyasi bacarığı sayəsində mümkün olmuşdu.

- O dövr Bakıda və bütünlükdə Azərbaycanda daxili proseslər məcrasından çıxmışdı. 1993-cü ildən sonra proseslər necə tənzimləndi?

- 1993-cü ildə Azərbaycan xalqı ulu öndər Heydər Əliyevə müraciət edərək onu siyasi hakimiyyətə dəvət etdi. Azərbaycanda çox qarışıq bir vəziyyət yaranmışdı. Azərbaycanın demək olar ki, hər bölgəsində separatçılıq, itaətsizlik hökm sürürdü. Ulu öndər Heydər Əliyev Bakıya gəldi və siyasi prosesləri tənzimləməyə başladı. O, ilk növbədə separatçılara qarşı ciddi addımlar atıldı. Ulu öndərin qətiyyəti ilə Azərbaycanın daxilində sabitlik bərqərar olmağa başladı. Ölkədə müstəqil və dayanıqlı inkişafa nail olmaq üçün sabitlik təmin edildi. Eyni zamanda cəbhədə erməni təcavüzünə qarşı da əks-həmlələr edildi. Baxmayaraq ki, ölkənin müdafiə qabiliyyəti o qədər güclü deyildi. Müəyyən bir zaman lazım idi ki, Azərbaycanda ordu quruculuğu və daxili nizam-intizam daha da güclənsin. Bunun üçün ciddi addımlar atılmalı idi.

- Horadiz əməliyyatı müasir Azərbaycan tarixində mühüm əhəmiyyətə malikdir. Xalqımızın işğal faktı ilə barışmayacağını və bunu mübarizənin başlanğıcı kimi səciyyələndirmək olarmı?

- Ulu öndər Heydər Əliyev sözsüz ki, cəbhədə olanları çox dəqiqliklə izləyirdi. O, ardıcıl olaraq cəbhə zonalarında olurdu. Əsgələrin vəziyyəti ilə tanış olur, prosesləri qiymətləndirirdi. 1994-cü ildə ulu öndərin özünün rəhbərliyi ilə uğurlu Horadiz əməliyyatı həyata keçirildi. Bir sıra yaşayış məntəqlərimiz işğaldan azad edildi. Düşmənə layiqli zərbə vuruldu. Azərbaycan Ordusunun tam formalaşması baş verməmişdi. Çünki müstəqillik əldə edildikdən sonra Azərbaycan Ordusunun qurulması, formalaşması istiqamətində heç bir addım atılmamışdı. Müasir və güclü ordunun formalaşması vacib idi.

- Bişkek Protokolundan sonra Azərbaycanın hədəfləri və qazandığı tarixi uğurları necə yada salırsınız?

- Azərbaycana yenidən dirçəlmək və ordu quruculuğunu təmin etmək üçün vaxt lazım idi. Eyni zamanda o dövrə qədər olan hüquqi proseslər gedirdi. Xalqımızı inandırmışdılar ki, müharibə dayanacaq, Azərbaycanın əraziləri sülh yolu ilə geri qaytarılacaq. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı fikirlər səslənirdi. Vurğulanırdı ki, Azərbaycanın ərazi bütövlüyünün təminatı üçün bütün hüquqi addımlar atılacaq. Azərbaycanın da o dövr üçün valyuta ehtiyatları arzuolunan səviyyədə deyildi. Qardaş Türkiyədən maliyyə yardımları alındı. Eyni zamanda 1994-cü ilin sentyabrın 20-də Əsrin Müqaviləsi imzalandı. Bundan sonra Azərbaycanın öz valyuta ehtiyatları artırmağa başladı, ölkənin sosial-iqtisadi inkişafı istiqamətində addımlar atıldı. Əsrin Müqaviləsindən bir neçə ay sonra Azərbaycana 6 milyard dollar həcmində maliyyə vəsaiti daxil oldu. Bu da sözsüz ölkənin zəruri sahələrin dirçəlməsinə yönəldildi. Ordu quruculuğuna da mühüm istiqamət kimi yanaşılmağa başlanıldı. Sözsüz ki, Azərbaycan əsas hədəfi torpaqlarının geri qaytarılmasına nail olmaqdan ibarət idi. ATƏT-in Minsk Qrupunun səyləri ilə torpaqlarımızın geri qaytarılacağına ümidlər vardı. 11 üzvü olan ATƏT məsələnin həlli ilə məşğul olmalı idi. Qardaş Türkiyə də burada təmsil olunurdu. Amma buna baxmayaraq, üç həmsədr dövlət seçildi: ABŞ, Rusiya, Fransa. Fransa erməni lobbisinin, diaspor təşkilatlarının ən çox təmsil olunduğu ölkələrdəndir. Ona görə də, buradan hansısa bir konkret mövqe gözləmək olmurdu. Hətta Ermənistanda bir neçə hakimiyyət dəyişikliyi olsa da heç bir irəliləyişə nail olunmadı. Heç zaman onlar konstruktiv danışıqlara riayət etmədilər. Azərbaycan isə bütün istiqamətlərdə öz inkişafının daha da güclənməsinə hədəflənmişdi. Sözsüz ki, Azərbaycanda islahatlar davam edirdi, aqrar, kənd təsərrüfatı və digər sahələrdə ardıcl islahatlar aparılırdı. İlk dəfə ulu öndərin rəhbərliyi ilə post-sovet məkanında, Azərbaycanda torpaq islahatları həyata keçirildi. Özəl sektor inkişaf etməyə başladı. Eyni zamanda xarici investorlar ölkəyə dəvət edildi. Onların investisiyalarının təhlükəsizliyini təmin etmək üçün dövlət tərəfindən təhlükəsizlik zəmanəti təmin edildi. Xarici investorlar bundan sonra Azərbaycanda daha rahat və təhlükəsiz formada fəaliyyət göstərməyə başladı. Azərbaycan torpaqlarının işğalına məruz qalmasına baxmayaraq inkişaf etməyə, beynəlxalq arenaya çıxmağa başladı. 1995-ci ildə ilk dəfə ulu öndər Heydər Əliyevlə Fransanın paytaxtı Parsidə Azərbaycan nüməyəndə heyəti ilə səfərdə olduq. O dövrlər Azərbaycanı elə də tanımırdılar. Bu illər ərzində Azərbaycan o qədər inkişaf etməyə başladı ki, artıq 90-cı illərin sonunda bütün dünya Azərbaycanı tanımağa onunla əməkdaşlıq etməyə başladı.

- Sizin ulu öndər Heydər Əliyevlə tanışlığınız hansı dövrdən başlayıb?

- AZƏRİTTİFAQ-ın sədr müavini kimi fəaliyyət göstərirdim. Ulu öndər siyasi hakimiyyətə gəldikdən sonra yeni təyinatlar oldu. O dövrdən ulu öndərin tövsiyyəsi ilə AZƏRİTTİFAQ-a sədr seçildim. Sözsüz həmin vaxtlar Azərbaycanın iqtisadi, sosial sahədə çətinlikləri, ən çox da un məmulatları ilə bağlı problemlər vardı. Doğrudur, qardaş Türkiyədən taxıl alırdıq, amma bu da ümumi istehlakı tam qarşılamırdı. Ona görə də, başqa ölkələrdən və bazarlardan taxıl almağa başladıq. O zaman mobil telefonlar da yox idi. Axşam saat 12-i olardı evdə idim, zəng gəldi ki, ulu öndər Heydər Əliyev səni çağırır. Orada bir sıra dövlət rəhbərləri vardı. Ulu öndər Heydər Əliyev taxılla bağlı məndən də soruşdu ki, sizdə vəziyyət necədir? Bizim çörəkbişirmə müəssisələrimiz fəaliyyət göstərirdi. Heydər Əliyev soruşdu ki, əlavə taxıl ehiyatlarınız nə səviyyədədir? Cavab verdim ki, Həştərxanda ehtiyatımız var. O da 3-4 gündən sonra Bakıda olacaq. Mənə dedi ki, yox, 3-4 gün gecdir, olmaz, sən get ora, kapitanı tap! Qoy taxılı gəmiyə yükləsinlər, bir günə taxıl Bakıda olsun. Mən elə “baş üstə” deyib oradan birbaşa maşınla Həştərxana getdim. Səhər tezdən artıq orada idim. Onların pullarını verdik, bizə dedilər siz gedin, gəmi bir günə gələcək. Doğrudan da elə oldu. Gəmi Bakıya gəldi və taxıl məhsulları şirkətinə taxılı payladılar. Çünki o vaxt Bakıda taxıl və çörəklə bağlı problemlər vardı. Rayonlarda bəlkə elə də problem olmazdı. Eyni zamanda Rusiya və Çeçenistandan gələn taxılda müəyyən problemlər vardı. Bu hadisənin üzərindən 3 ay keçdikdən sonra Abbas Abbasov zəng vurdu ki, yenidən taxıl gətirmək lazımdır. Dərbənddə tırlarda un satışları olurdu. Soruşdum ki, bəs ödəniş necə olacaq? Dedi narahat olma, cənab prezident tapşırıb bankdan ödənişi götürəcəklər. Beləliklə, Dərbənddən öz nümayədəmizlə 20 tır un almağa razılaşdıq. Dedilər artıq qayıt biz göndərəcəyik. Bakıya qayıtdım. Səhər məlumat aldım ki, 20 tır un artıq Xırdalandadır, Bakının ayrı-ayrı çörək zavodlarına təqdim edildi. Düzdür, o vaxt ölkəyə gətirilən məhsullarla bağlı çətinlik olsa da, yoluna qoyulurdu. Çeçenistanda müəyyən qruplar yaranmışdı ki, onlar bir çox hallarda ərzaq vaqonlarını saxlayırdılar. Qənd, un vaqonlarımızı bir neçə dəfə saxlamışdılar. Bundan sonra artıq ölkəmizin özü alternativ yollarla inkişaf etməyə başladı. Bu cür asılılıqlar aradan qaldırıldı. Ulu öndərin siyasi iradəsi və möhkəm əzmi ilə ölkənin ərzaq problemi demək olar ki, tam həll edildi.

Ardı var...


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər