14 Dekabr 2020 12:37
8 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağda savaş bitər-bitməz Rusiyanın rəsmi media qurumlarının “Ermənilər qəhrəman xalqdır, onlar Azərbaycana, Türkiyəyə və terrorçulara qarşı sonadək döyüşdülər” və sair kimi təbliğatı kifayət edərdi ki, Rusiyanın niyyətini anlayasan. Erməniləri Qafqaza köçürüb, onlara 200 il ərzində “ən qədim xalq”, “İsa Məsihdən əvvəlki xristianlar”, “Bizansa və Romaya bərabər Böyük Ermənistan” xülyasını aşılayan rus təbliğatı bununla Qafqazda özünə hər işdə yarayan etibarlı alət yaratdı. Ermənilərin 2020-ci il fəlakətinin ardınca da eyni texnologiya işləyir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Ərəstun Oruclu deyib.

Ərəstun Oruclu qeyd edib ki, bu gün də ruslar həmin aləti diriltməyə çalışır və biz bunu anlamadıqca dirildəcək: “Burda qeyri-adi bir şey yoxdur. 200 il etibarlı işləmiş bir alətdən niyə imtina eləsinlər?”

Politoloq erməni separatçılarının Hadrutda qarşıdurma yaratmaq cəhdlərinə də diqqət çəkib: “Hadrut ərazisində artan gərginliyin hansısa başıpozuq erməni dəstələrinin əməli olduğunu düşünmürəm. Məğlub ermənilərin bu cəsarəti yoxdur, ola da bilməz. Zənnimcə, məsələ başqa cürdür və baş verənlər iki mühüm hədəfə yönəlib:

Birinci, hələ sovet dövründən Hadrut rayonu ərazisində mövcud olmuş radioelektron mübarizə stansiyasına nəzarəti qaytarmaq;

İkinci, Şuşanı mühasirəyə salmaq.

Hər iki məntəqə hərbi-strateji baxımdan son dərəcə əhəmiyyətlidir. Hadrut ərazisində yerləşən stansiya (daha doğrusu, onun yerləşdiyi ərazinin relyefi) həm İranın, həm də Azərbaycanın hava məkanına nəzarət etməyə imkan verir. Şuşanın strateji əhəmiyyəti də bəllidir: Şuşa kimdədirsə, Qarabağa nəzarət də ondadır. Məsələ bu qədər sadədir.

Amma belə bir iddialar ermənilərin gücü çərçivəsində təmin oluna bilməz və qismən onların hədəfi də deyil. Qarabağda hərbi baza qurmağı planlaşdıran Rusiya üçün hər iki məntəqə son dərəcə ciddi əhəmiyyət kəsb edir. Ermənilər isə həmişə olduğu kimi, bu məsələdə də alət rolunu oynayırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər