16 Dekabr 2020 14:19
5 806
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatlarına düzəliş ediblər və həm də daha öncə, təxminən 26 il ərzində nəzərə çarpmayan bir formada və üslubda... Düzəlişdə qeyd olunur ki, “Həmsədrlər və tərəflər daha pozitiv atmosferin yaradılması üçün təxribatçı ritorikaya son verilməsinin vacibliyini vurğulayıblar”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bəyanatda bir söz dəyişdirilib, “təhrikedici ritorika” “təxribatçı ritorika” ilə əvəz olunub:

“Əslində “təxribatçı ritorika” mahiyyət etibarilə “təhrikedici ritorika”dan daha sərt ifadədir. ATƏT-in Minsk Qrupunun son 15 il ərzində qəbul etdiyi bəyanatlarla bağlı təcrübəni nəzərə alsaq, düzəliş yumşalmaya xidmət etməliydi, amma əskinə, sərtləşdirilib. Qənaətimə görə, düzəlişin təşəbbüskarı Ermənistan tərəfidir. Çünki hələ Azərbaycanın Tovuz rayonu istiqamətindən Ermənistanın həyata keçirdiyi hərbi təxribatdan başlayaraq, rəsmi Bakının bütün bəyanatlarında işğalçı ölkənin təhrikedici hərəkətlərindən söz açılıb.

44 günlük müharibə dövründə də Azərbaycanı sülhə məcburetmə əməliyyatlarına başlamağa Ermənistanın hərbi-siyasi təhrikedici hərəkətlərinin məcbur etdiyi dəfələrlə vurğulanıb. Bu baxımdan, Azərbaycanı müharibəyə Ermənistan rəhbərliyinin hərbi-siyasi təxribatlarının təhrik etməsi ilə bağlı yanaşma rəsmi Bakıya məxsusdur və prosesi izləyənlərdə birmənalı olaraq, söhbətin Ermənistandan getdiyi təəssüratını yaradır. “Təxribatçı ritorika” isə ümumi ifadədir və hər iki tərəfə aid edilə bilər”.

Elçin Mirzəbəyli qeyd edib ki, bəyanatda diqqətçəkən digər məqam, “münaqişə” sözündən, ümumiyyətlə istifadə edilməməsidir:

“Bu isə o anlama gəlir ki, həmsədr ölkələr, indiki halda ABŞ və Fransa münaqişənin başa çatdığını, istisnasız olaraq qəbul edirlər.

Bəyanatda söhbət, yalnız “mahiyyət üzrə yerdə qalan digər məsələlərin hərtərəfli və dayanıqlı tənzimlənməsindən” gedir. Burada da diqqətçəkən məqam, həmsədrlərin klassik “tərəflərin qəbul edə bilər" ümumiləşdirilmiş yanaşmasının “hərtərəfli və dayanıqlı” ifadəsi ilə əvəz olunmasıdır. Bu isə o deməkdir ki, həmsədr ölkələr və təbii ki, Ermənistan Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarının təmin olunduğu reallığını qəbul edirlər. Yerdə qalan məsələlərin, yəni Azərbayacan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin 10 noyabr bəyanatında yer alan digər məqamların hərtərəfli və birdəfəlik tənzimlənməsinə ümid bəsləyirlər".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər