23 Dekabr 2020 18:23
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda cənab Prezidentin rəhbərliyi dövründə hər il əvvəlki ilə nisbətdən daha çox problemlər həll edilir, inkişafımızda nəzərə çarpacaq nəticələr olur. 2020 - bu illər içərisində xüsusi bir yer tutur. Bu il Azərbaycan xalqı iki böyük sınaqdan çıxdı. İlk sınaq bəşəriyyətin rastlaşdığı koronavuris pandemiyası ilə mübarizə oldu. Belə bir ağrılı qlobal problemlə mübarizə təcrübəsi dünyanın heç bir ölkəsində yox idi. İndi də bu problem həll edilməmiş qalır. Azərbaycan həm öz təcrübəsindən, həm xarici ölkələrin təcrübəsindən çıxış edərək bu problemi ciddi nəzarət altına almağı mümkün etdi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, vaxtilə qurulmuş xəstəxanalar, yaradılmış klinikalar bu xəstəliyin, infeksiyanın qarşısını almağa, geniş yayılmamasına imkan verdi:

"Dövlət bu problemin həllini tam öz üzərinə götürməklə vətəndaşları ağır maliyyə yükündən xilas etdi. Hər yüz min nəfərə düşən koronavirus xəstəsinin sayına görə Azərbaycan sonuncu yerlərdə dayanır. Son qərarlar nəticəsində artıq günbəgün yoluxma sayının azaldığını müşahidə edirik".

Aydın Mirzəzadə pandemiyadan irəli gələn iqtisadi və sosail məsələlərin həlli ilə bağlı addımlardan bəhs edib:

"Pandemiya insanların təcrid olunmasına, bir çox iş yerlərinin bağlanmasına səbəb olub. Bütün bunlara baxmayaraq Azərbaycan dövləti 600 minə qədər vətəndaşın minimal yaşayış həddi ilə təminatını təşkil edib. İnsanlarımızın sosial təminatı ilə bağlı ən zəruri addımlar atılıb və atılmaqda da davam edir. Bütün sosial ödənişlər vaxtlı-vaxtında təmin edilir. Onların həcmi ilbəil artırılır. Yüz minlərlə yeni iş yerləri yaradılır. Sahibkarlığın inkişafına xüsusi əhəmiyyət verilir".

Millət vəkili 2020-ci ilin Azərbaycanın təşəbbüsü ilə BMT-də koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyanın çağırılması ilə yadda qaldığını qeyd edib:

“150-dən artıq dövlət Azərbaycanın bu mühüm təşəbbüsünə açıq dəstək verib. Burada həm görülən işlərdən eyni zamanda gələcəyə dair planlardan, geniş təcrübə mübadiləsindən bəhs edilib. Bu, imkan verdi ki, ümumi qüvvələr birləşdirilsin. Həmçinin koronavirusla mübarizədə resursları çox kasad olan ölkələrə yardımlar edilsin. Azərbaycan öz növbəsində 30-dan artıq ölkəyə koronavirusla mübarizə çərçivəsində yardımlar edib”.

Deputat əlavə edib ki, bu ilin ən böyük tarixi hadisəsi əsrlər keçdikcə tariximizə qızıl hərflərlə yazılacaq 44 günlük Vətən müharibəsi oldu:

“Azərbaycan üzərindəki 200 illik ağır bir yükü üzərindən götürdü. 30 ildir davam edən torpaqlarımızın işğalına son qoyuldu. Erməni faşizminin başı əzildi. Öz gücü, Prezidentinin qətiyyəti ilə Azərbaycan torpaqlarını işğaldan azad etdi. Dünya birliyi də bunu qəbul etdi. Artıq Azərbaycan Ermənistanla dövlət sərhədini nəzarətə alıb. 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin gücünü, xalqımızın qətiyyətini nümayiş etdirdi. Bütün bunların hamısı cənab Prezidentin düşünülmüş daxili və xarici siyasəti nəticəsində mümkün oldu".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər