31 Dekabr 2020 09:05
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, siyasi şərhçi Elşad Mirbəşiroğlu Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elşad müəllim, bu il Azərbaycan 30 ilə yaxın davam edən işğal faktına son qoydu. Azərbaycanın yola saldığımız 2020-ci ildə beynəlxalq müstəvidəki fəaliyyətini necə xarakterizə etmək olar?

- Siyasi müstəvidə qələbəmizi təmin edəcək elementlər mövcud idi. Bu, bir daha aydın nümayiş etdirir ki, 2020-ci il Azərbaycanın xarici siyasəti üçün çox uğurlu bir il olub. Bütövlükdə dünya üçün bu il çox rəvan keçmədi. 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı pandemiya elan etdi. Bundan sonra dünyanın siyasi və iqtisadi həyatı iflic oldu. Siyasi təmaslar minimuma endi, əməkdaşlıq imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdı. Belə olan halda xarici siyasət sahəsində dövlətin məsuliyyət yükü daha da artdı. Azərbaycan pandemiya dönəmində beynəlxalq əməkdaşlığın prioritet istiqamətini də müəyyənləşdirdi. Koronavirusla mübarizədə dünya dövlətlərinin siyasətləri səfərbər olundu. Bu istiqamətdə Azərbaycan ilk təşəbbüslə çıxş etdi.

İlk dəfə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında Azərbaycanın təşəbbüsü ilə koronavirusla mübarizə məsələləri müzakirə edildi. Ümumi imkanların birləşdirilməsi nəzərdən keçirildi. Bu, dünya dövlətlərinin əməkdaşlığı üçün unikal bir örnək idi. Bundan sonra koronavirusla mübarizə istiqamətində dünya ölkələrinin əməkdaşlığının genişlənməsi baş verdi. Bunun ardınca Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının təmas qrupunun toplantısı baş tutdu. Bu toplantıda cənab Prezident BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr olunan xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüs qısa zaman kəsiyində BMT-yə üzv olan ölkələrin əksəriyyəti tərəfindən yekdilliklə dəstəkləndi. Bu il dekabrın əvvəlində BMT-nin Azərbaycanın təşəbbüsü ilə xüsusi ssesiyası baş tutdu. Azərbaycan Prezidenti sessiyada çıxş etdi. Çıxışda iki istiqamətdə Azərbaycanın fəaliyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. İlk növbədə koronavirusla mübarizə istiqamətində Azərbaycan dövlətinin gördüyü fəaliyyət sistemli şəkildə izah edildi. Digər tərəfdən Ermənistanın Azərbaycana təcavüzündən, hərbi təxribatlarından və müharibədə ölkəmizin qələbəsindən bəhs olundu. Münaqişə vəziyyətində Azərbaycanın ədalətli mövqeyi bir daha əsaslandırılıb.

- Hücum diplomatiyasının mahiyyət etibarilə strateji hədəflərinə çatdığını söyləmək mümkündürmü?

- Son 4-5 ildə Azərbaycanın xarici siyasətdə həyata keçirdiyi uğurlu siyasəti xaraktercə hücum diplomatiyası adlandırmaq olar. Bunu cənab Prezident də dəfələrlə qeyd edib. Bu diplomatiyanın mahiyyəti ondan ibarət idi ki, bütün müvafiq imkanlar səfərbər olunsun, hər şeydən öncə Azərbaycanın münaqişə vəziyyətində haqlı mövqeyi dünya ictimaiyyətinə çatdırılsın. Eyni zamanda Azərbaycanla bağlı ədalətli mövqenin formalaşmasına nail olunsun. Hücum diplomatiyası bir istiqamətli deyildi, çoxvektorlu fəaliyyəti əhatə edirdi. Müxtəlif istiqamətlərdə milli maraqlarımızın qorunması üçün sistemli fəaliyyət həyata keçirilirdi. Bu sistemli fəaliyyətin nəticəsi olaraq əsas hədəf ondan ibarət idi ki, beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq dəstəklənsin, münaqişənin tənzimlənməsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində baş versin. Eləcə də dünya dövlətlərinin, beynəlxalq təşkilatların aydın mövqe sərgiləmələrinə nail olunsun. Ümumi şəkildə Azərbaycanın hücum diplomatiyasının mahiyyəti bundan ibarət idi.

- Müharibəyə qədər hərbi-siyasi, diplomatik istiqamətdə hansı işlər görüldü?

- Azərbaycanın bu istiqamətdəki uğurlarına nəzər salmaq üçün 44 günlük Vətən müharibəsinin nəticəsini xatırlamaq kifayət edir. Hücum diplomatiyasının nəticəsi qalibiyyətli müharibə aparmaq imkanlarımızın meydana gəlməsini şərtləndirdi. Bu imkan verdi ki, Azərbaycan strateji hədəflərinə çatsın. Xüsusilə son illərdə ölkəmizin ərazi bütövlüyü bütün beynəlxalq platformalarda dəstəkləndi. Açıq mətndə mövqe nümayiş olundu. Münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsinin mümkünlüyü qeyd edildi. Ayrıca olaraq beynəlxalq müstəvidə, təşkilatlar çərçivəsində qəbul olunmuş bütün sənədlərdə Azərbaycanın bütövlüyü dəstəkləndi. Hücum diplomatiyasının da əsas hədəfləri məhz bundan ibarət idi.

- Ölkəmizin hərbi qüdrətini şərtləndirən əsas amilləri xarakterizə edərkən daha çox hansı amillərə diqqət ayrılmalıdır?

- Azərbaycanın hərbi qüdrəti haqqında heç kəsdə şübhə yoxdur. Azərbaycan hərbi texniki sahədə ən səmərəli əməkdaşlıq sistemi qurmuş ölkədir. 2019-cu ildə aparılan tədqiqatlara əsasən dünyanın ən çox müasir hərbi silah-sursat alan 40 ölkəsi sırasında Azərbaycan 30-cu yerdə qərarlaşıb. Bütün bunlar torpaqlarımızın hərbi yolla işğaldan azad edilməsi üçün Azərbaycanın kifayət qədər hərbi gücünün olmasını şərtləndirib. 44 günlük müharibə də bunu əyani şəkildə sübut etdi. Lakin cənab Prezident də qeyd edib ki, uğurlu hərbi əməliyyatların başlanılması üçün də münbit geosiyasi reallıqların olması vacibdir. Azərbaycan hücum diplomatiyası və ümumilikdə sistemli fəaliyyətin nəticəsində əlverişli geosiyasi reallıqlar yaratdı. Azərbaycan çox böyük uğurla, hərbi yolla 44 gün ərzində torpaqlarını işğaldan azad etdi.

- 44 günlük müharibə dövründə Azərbaycana müəyyən təzyiqlər edilirdi. Bu təzyiqlər daha çox hansı rakurslardan yönəldilirdi?

- Sözsüz ki, Vətən müharibəsi dövründə də Azərbaycana müxtəlif yanaşmaların şahidi olduq. Bir çox əsassız iddialar eşitdik. Amma bu mövqelər, ədalətsiz iddialar olduqca təsirsiz və zəif idi. Azərbaycan müharibəyə qədər dövrdə olduqca ciddi, siyasi dividentlər qazanmağı bacarmışdı. Bir sıra ölkələrin Azərbaycana münasibətdə qərəzli mövqe sərgiləməsi bütövlükdə ölkəmizin siyasi xəttinə beynəlxalq mövqelərinə zərrə qədər təsir göstərmədi. Azərbaycana qarşı səsləndirilən iddiaların, sərgilənən mövqelərin qarşısı uğurlu informasiya mübarizəsi ilə alındı. Prezident İlham Əliyev 44 günlük müharibə dövründə 30-a qədər beynəlxalq kütləvi informasiya vasitələrinə müsahibələr verib. Bu müsahibələr zamanı Prezidentə ünvanlanan sualların içərisində açıq qərəzli olanları da vardı. Amma ölkə başçısı bu suallara cavab verərkən onu ünvanlayanları da ifşa edirdi, onların qərəzli mövqelərini aşkara çıxarırdı. Bu, bir daha göstərdi ki, informasiya mübarizəsinin bütün ağırlığını cənab Prezident öz çiyinlərində daşıdı. Azərbaycanın ədalətli haqqlı mövqelərini çox ciddi təkzib olunmaz arqumentlərə söykənərək beynəlxalq kütləvi informasiya vasitələri ilə dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Məhz buna görədir ki, Azərbaycana qarşı əsassız iddialar heç bir nəticəyə gətirib çıxarmadı. Əksinə Azərbaycanın nüfuzu bu müddət ərzində daha da artmış oldu. Ölkəmizin müharibəyə qədər də kifayət qədər ciddi pozitiv imici vardı. Müharibədən sonra ölkəmizin mövqeyi daha da güclənmiş olub.

- Zaman etibarilə Azərbaycanın qazandığı hərbi-siyasi üstünlüyünü əsaslandırmasına ehtiyac yarana bilərmi?

-44 günlük Vətən müharibəsi ərzində Azərbaycanın hərbi, siyasi, informasiya müstəvisindəki qələbələri ciddi sinxronluq təşkil etdi. Hərbi qələbəmiz post-müharibə dövründə, indi və bundan sonrakı dövrdə siyasi müstəvidə mövqelərimizi müdafiə etmək üçün bütün ilkin zəmini formalaşdırıb. Azərbaycan hazırda informasiya mübarizəsində tətbiq etdiyi mexanizmlər olduqca təsirlidir. Ermənistanın bu gün Azərbaycanın qarşısına çıxaracaq hər hansı bir arqumenti qalmayıb. Beynəlxalq ictimaiyyət də artıq erməni yalanlarına inanmır. Bütün bunlar göz önündədir. Bunları əsaslandırmaq üçün əlavə arqumentlərə ehtiyac yoxdur. Vizual bir baxış yetərlidir ki, Azərbaycanın bu istiqamətdə də üstün mövqeləri müşahidə edilsin.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər