Qatı Avropameyilli siyasətçi hesab olunan Edmon Marukyanın birdən-birə bu cür bəyanatla çıxış etməsi heç də təsadüfi deyil. Çünki Marukyan hələ bir müddət öncəyə qədər ölkəsinin Rusiyanın təsirindən çıxmasının vacibliyini bildirir və hətta Ermənistanı Avroasiya İqtisadi Birliyindən çıxmağa çağırırdı. İndi isə əvvəlki fəaliyyətinin tam əksinə yönəlik bəyanatlar səsləndirir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə “Maariflənmiş Ermənistan” partiyasının lideri Edmon Marukyanın Ermənistanda yeni Rusiya hərbi bazasının yaradılmasının vacibliyi ilə bağlı çağırışına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan siyasiləri Rusiyaya yarınmaq üçün növbəyə durublar:
“Məlumdur ki, Marukyanın həmin bəyanatı Moskvaya səfərindən sonraya təsadüf edir. Elə bu baxımdan da təsadüfi sayıla bilməz. Post-Paşinyan dövrü üçün Rusiyanın Ermənistana təsir imkanlarını nəzərə alan Marukyan bununla Rusiyaya yarınmaq və Paşinyanı əvəz etmək üçün ən yaxşı namizəd olduğunu sübut etmək istəyir.
Düzdür, Marukyan məlum bəyanatı 44 günlük müharibənin nəticəsində Azərbaycan Ordusunun Zəngəzurun sərhədlərinə qədər yaxınlaşması, elə ona görə də ikinci hərbi bazanın məhz bu regionda yerləşdirilməsi ilə izah edir. O təklif edir ki, indiyə qədər Rusiya və Ermənistan arasında olan saziş və razılaşmalar dərinləşdirilmiş hərbi-siyasi əməkdaşlıq haqda vahid sazişdə birləşdirilsin və Sünikin təhlükəsizliyi məsələsi xüsusi olaraq qeyd olunsun. Amma düşünürəm ki, burada məqsəd təkcə güya Ermənistanın təhlükəsizlik məsələsi deyil. Bir daha təkrar edirəm qatı Avropameyilli siyasətçi hesab olunan Marukyan bu bəyanatla rusiyameyilli olduğunu sübüt etməyə çalışır və ola bilər ki, o məlum bəyanatı həm də Paşinyanla razılaşdırsın. Hakimiyyətdən gedəcəyi halda yerini başqa bir Avropameyilli siyasətçiyə ötürmək istəyi belə bir razılaşmanın olmasını ehtimal etməyə imkan verir”.
Yusif Bağırzadə bildirib ki, Rusiyanın Ermənistanda ikinci hərbi baza yaratması nə NATO-nun, nə Avropa Birliyinin maraqlarına cavab vermir:
“Bunu Ermənistanda anlamamış deyillər. Amma bu bəyanatla çıxış edənlər onu da başa düşür ki, bu gün Rusiyaya Ermənistan ərazisində ikinci hərbi baza lazım deyil. Belə ki, Ermənistanın şimalında, Gümrü şəhərində 102 saylı Rusiya hərbi bazası var və 2010-cu ildə Rusiya və Ermənistan bu bazanın ölkədə yerləşməsi haqda müqavilənin müddətini 2044-cü ilə qədər uzadıblar. Həmin hərbi baza kifayət qədər personalla, eləcə də hərbi texnika ilə təchiz olunub və istənilən vaxt oradakı personalın da texnikanın da sayını artırmaq mümkündür. Bu baza Rusiyaya regionda öz maraqlarını təmin etmək üçün tam imkan yaradır. İkinci baza isə iqtisadiyyatı onsuz da yaxşı olmayan Rusiya üçün əlavə maliyyə itkisindən başqa bir şey deyil. Elə bunu nəzərə alaraq da Ermənistanda müxalifət partiyası hesab olunan “Maariflənmiş Ermənistan” partiyasının və onun rəhbəri Edmon Marukyanın bəyanatı ancaq və ancaq özünü Rusiyaya sıramaq cəhdi kimi qəbul edilməlidir”.