Türkiyənin NATO-da Çevik Qüvvələr Komandanlığına rəhbərlik etməsi çox əhəmiyyətil və ciddi hadisədir. Bu hal bizi ancaq sevindirə bilər. Ümid edirəm ki, belə mötəbər struktura komandanlıq Türkiyənin gücünə əlavə güc qatacaq.
Türkiyənin NATO daxilində Çevik Qüvvələr Komandanlığını rəhbərlik etməsini Teleqraf.com-a şərh edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, Türkiyənin əhəmiyyəti getdikcə artacaq.
NATO-nun Belarus hadisələri ilə bağlı Polşaya qoşun yeritdiyini xatırladan Sərdar Cəlaloğlu əlavə edib ki, bu addımda məqsəd Rusiyanın operativ fəaliyyətinin qarşısını almaq olub:
“Təsəvvür edin ki, indi bu qoşunlara Türkiyə rəhbərlik edir. Üstəlik Türkiyənin Ukrayna ilə hərbi əməkdaşlıq müqaviləsi mövcuddur. Eləcə də Azərbaycan və Qazaxıstanla oxşar müqaviləsi var. Faktiki olaraq Belarusdan başlayaraq Orta Asiyaya qədər cəbhə xətti var. Bu, Türkiyənin hərbi mövcudluğunun olduğu və rəhbərlik etdiyi bir xəttdir. Məncə, Türkiyənin imkanı var ki, bu gücü cəmləşdirsin. Bu avantajdır. NATO-da Çevik Qüvvələrin Komandanlığına yaxın bir ildə rəhbərlik edəcək Türkiyə Rusiyadan bəzi güzəştlər qopara bilər. Əslində bu, bizim xeyrimizə olan haldır”.