13 Yanvar 2021 18:10
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 11-də Moskvada cənab Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın icrasını təmin etmək üçün idi. Moskva görüşündə həmçinin mövcud problemlərin aradan qaldırılması, regionda dinc həyatın qaydaya salınmasına dair gələcək addımlar birlikdə müzakirə olundu. Rusiya Prezidentinin təşəbbüsü ilə keçirilən üçtərəfli görüş Azərbaycan, bütövlükdə region üçün uğurlu oldu. 10 noyabr bəyanatının 9-cu bəndi üzrə üçtərəfli işçi qrupunun yaradılması barədə razılıq əldə edildi.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Komitə sədri Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinlərinin rəhbərlik edəcəyi İşçi qrupun yanvarın 30-dək ilk iclasının keçiriləcəyini bildirib:

“Fəaliyyət istiqamətləri üzrə ekspert alt qrupları yaradılacaq. Dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən təyin olunacaq ekspert alt qrupları bir ay ərzində layihələri, eləcə də onların icrası üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim edəcəklər. Sənədə əsasən regionda yeni kommunikasiya, nəqliyyat əlaqələrinin bərpasına və yaradılmasına başlanılır. Yaxın gələcəkdə Azərbaycanla Naxçıvanı, daha sonra Türkiyəni birləşdirəcək yol inşa olunacaq. Bu yol Azərbaycanın iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq. Digər tərəfdən Azərbaycan ərazisindən keçməklə Ermənistanla Rusiyanı əlaqələndirəcək yol salınacaq. Bu isə Ermənistanın Rusiya ilə quru yol əlaqəsində Gürcüstandan asılılığının azalmasına səbəb olacaq. Eyni zamanda Bakı və digər şəhərləri Xankəndi ilə əlaqələndirəcək yolların çəkilməsi nəzərdə tutulur. Bütün bunlar Azərbaycanın iqtisadi imkanlarının, beynəlxalq nüfuzunun, geosiyasi və geoiqtisadi müstəvidə əhəmiyyətinin artmasına səbəb olacaq. Prezident İlham Əliyevin istədiyi region ölkələri üçün əhəmiyyətli altıtərəfli əməkdaşlıq formatı artıq reallaşır”.

Hicran Hüseynova qeyd edib ki, cənab İlham Əliyevin həyata keçirdiyi davamlı və sistemli siyasətin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir:

“Sentyabrın 27-dən bu günə qədər prosesin mərhələli həlli müşahidə edilir. 44 günlük Vətən müharibəsində ərazilərimiz işğaldan azad olunub. Ölkə başçısının prinsipiallığı, Ordumuzun gücü müstəvisində digər ərazilərimiz də geri qaytarılıb. Növbəti mərhələdə Azərbaycan öz ərazilərində iqtisadi fəallığı bərpa edəcək. Moskva bəyanatı da Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb. Azərbaycan hərb meydanında olduğu kimi diplomatik arenada da müzakirələrdə üstün mövqedədir. Cənab Prezident İlham Əliyev bəyanatın kommunikasiyaların bərpasının Azərbaycan, Rusiya, Ermənistanın və digər region dövlətlərinin maraqlarına cavab verdiyini vurğulayıb. Digər tərəfdən isə bu prosesin regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcək. Ölkə başçısı bir daha bu konfliktin tarixə çevrildiyini qəti şəkildə bəyan edərək, gələcək haqqında düşünməyin zəruriliyini vurğulayıb”.

Professora görə, dövlət rəhbərlərinin mətbuat konfransındakı açıqlama və davranışları göstərdi ki, Azərbaycan tərəfi qapalı görüşlərdə də istədiyinə nail olub:

“Ortaq bəyanatın mətni - humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması da bunu təsdiqləyir. Bakının şərtləri qəbul edilməsəydi, üçtərəfli əməkdaşlıq formatı olmayacaqdı. Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü və yeni bəyanatla təsbit olunmuş tələblər regional sabitliyi və təhlükəsizliyi möhkəmlətməyə xidmət edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər