13 Yanvar 2021 00:44
329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti 13 yanvar 2021-ci ildə ATƏT PA-nın Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi vəzifəsinə yeni təyin edilmiş Ditmir Buşati ilə onlayn görüş keçirib.

Teleqraf.com-un məlumatına görə, Albaniyanın 5 ilə yaxın xarici işlər naziri olmuş Ditmir Buşati bildirib ki, o, bu vəzifəyə yeni təyin olunub və üzərinə düşən missiyanı yerinə yetirmək üçün Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndə heyətləri ilə ayrı-ayrılıqda görüş keçirərək onların fikirləri və gözləntiləri ilə tanış olmaq istəyir.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev Xüsusi Nümayəndəni salamlayaraq Azərbaycanın 44 günlük müharibədəki tarixi qələbəsi, ölkəmizin regionda yaratdığı yeni reallıq və ATƏT PA-nın bu kontekstdə regional əməkdaşlığa verə biləcəyi potensial töhfələr barədə Ditmir Buşatiyə məlumat verib.

A.Quliyev qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə dair aşağıdakı faktlar və reallıqlar Assambleyanın Cənubi Qafqazdakı gələcək fəaliyyətində nəzərə alınmalıdır:

"Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı və ATƏT ərazisində bu adda münaqişə artıq yoxdur. Tərəflər 10 noyabr 2020-ci il tarixində Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanat qəbul etdilər. Beləliklə, Azərbaycan 30 illik işğala son qoydu, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərini bərpa etdi. Dağlıq Qarabağa heç bir xüsusi status verilməyəcək. Bütün vətəndaşlar kimi ermənilərin təhlükəsizliyinə tam zəmanət verilir və onlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq bərabər hüquq və imkanlardan istifadə edə bilərlər. Azərbaycan hazırda Rusiya sülhməramlılarının yerləşdirildiyi ərazilər üzərində yurisdiksiyasının təmin olunması üzərində müvafiq işlər aparmaqdadır.

11 yanvar 2020-ci il tarixində Moskvada Azərbaycan və Rusiya prezidentləri, Emənistanın baş naziri 10 noyabr sənədində əksini tapmış bir sıra məqsədlərə, xüsusən də Ermənistan və Azərbaycan arasında nəqliyyat və iqtisadi əlaqələrin bərpasına dair konkret mexanizmləri özündə ehtiva edən üçtərəfli bəyanat imzaladılar.

Hazırda qarşıda duran əsas prioritet vəzifələrdən biri Ermənistanla Azərbaycan arasında Sülh Sazişinin imzalanmasıdır. Dağlıq Qarabağ münaqişəsinə son qoyulduqdan sonra ATƏT-in Minsk Qrupunun nə ilə məşğul olacağı sual doğurur və ATƏT PA bu reallığı da nəzərə almalıdır.

Azərbaycan girovların, hərbi əsirlərin və cəsədlərin mübadiləsini 10 noyabr sənədinin 8-ci bəndinə uyğun olaraq həyata keçirib. Ancaq təəssüf ki, 10 noyabr Bəyanatı imzalandıqdan və müharibə dayandıqdan sonra, noyabrın 26-da erməni təxribat qrupu Azərbaycan hərbi qüvvələrinə hücum etdi, bir hərbiçimizi öldürdü və iki hərbiçimizi yaraladı. Azərbaycan ordusu lazımi tədbirlər görərək təxribatçıların bir hissəsini zərərsizləşdirdi və 62 nəfəri saxladı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “terrorçuluq” maddəsinə əsasən həmin şəxslərə qarşı cinayət işi başladılıb. Beləliklə, Ermənistanın onları hərbi əsir kimi geri qaytarmaq iddialarının bu terror aktlarının müharibə başa çatdıqdan sonra törədildiyinə görə hər hansı legitim əsası yoxdu.

10 noyabr sənədinin 7-ci bəndinə uyğun olaraq bütün məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında Dağlıq Qarabağa və Azərbaycanın işğaldan azad olunmuş bütün digər ərazilərinə qaytarılmalıdır. Bu günə qədər 50 minə yaxın erməni qaçqın Rusiya sülhməramlılarının yerləşdirildiyi Azərbaycan ərazilərinə qayıdıb. Erməni qaçqınların Laçın dəhlizi ilə təhlükəsiz qayıdışı Azərbaycan tərəfindən təmin edilir. Keçmiş məcburi köçkünlər üçün sosial, iqtisadi və humanitar tədbirləri əhatə edən “Böyük qayıdış” planı Azərbaycan tərəfindən hazırlanır."


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər