Azərbaycan xarici siyasət prinsiplərinə uyğun olaraq bütün dünya ölkələri ilə konstruktiv əməkdaşlıq qurmaqda maraqlıdır. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər davamlı olaraq inkişaf edir. Aİ-nin enerji təminatında Azərbaycanın çox böyük rolu var. İttifaqla ölkəmiz arasında yeni bir sənəd də paraflanıb. Tərəfdaşlıq üzərində yeni sənədin ərsəyə gəlməsi üçün davamlı müzakirlər aparılıb.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
Millət vəkili bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər hər iki tərəfin maraqları istiqamətində inkişaf edir:
“Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Bu münasibətlərin qurulmasında İtaliyanın xüsusi rolu var. Bütövlükdə ittifaq çərvivəsində Azərbaycan-İtaliya münasibətləri ayrıca fərqli cəhətlərə malikdir”.
Deputat dövlətlərarası münasibətlərdə səmimi yanaşmaların olduğunu qeyd edib:
“Bu, daha səmərəli əməkdaşlığın qurulması üçün zəmindir. Daim Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi də münasibətlərə təsir edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu dövründə qeyri-adekvat yanaşmalar vardı. İtaliya Azərbaycana qarşı ədalətli yanaşma sərgiləyib. Münaqişənin ədalətli şəkildə tənzimlənməsinin vacibliyini vurğulayıb. Ona görə də Azərbaycan İtaliyanı özünün etibarlı tərəfdaşı hesab edir”.
Elşad Mirbəşiroğlu əlavə edib ki, cənab Prezidentin İtaliyada rəsmi səfərdə olan zaman keçirdiyi bütün səviyyəli görüşlər iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olduğunun göstəricisidir:
“Bu münasibətlər tərəflərin potensial imkanlarına əsaslanır. Münasibətləri yüksəltmək üçün ciddi potensial mövcuddur. Yeni əməkdaşlıq istiqamətlərinin tapılması imkanları genişdir. Vətən müharibəsində də İtaliya Azərbaycanın dostu olduğunu bir daha sübut etdi".