Hazırda regionda ABŞ-ın maraq dairəsinə daha çox İran daxildir. İran onların prioritetlərində üçüncü-dördüncü yerdə durur. Bölgədə İranla həmsərhəddir. İndi ABŞ-ı Cənubi Qafqaz daha çox bu konteksdə maraqlandırır.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov ABŞ-İran münasibətləri haqqında danışarkən deyib.
Qeyd edək ki, ABŞ-da hakimiyyətə gələn Prezident Co Bayden İranın uranı zəngiləşdirməsini dayandırmasından sonra Tehrana qarşı sanksiyaların aradan qaldırılması üçün addımlar atıla biləcəyini elan edib.
İranın Ali Dini lideri Seyid Əli Xameneyi isə ilk olaraq sanksiyaların aradan qaldırılmasının vacibliyini bildirərək Baydenin bu təklifini qəbul etmədiklərini deyib. Bununla da iki ölkə arasında hazırda gərin vəziyyət yaranıb.
Rasim Musabəyov hesab edir ki, Bayden administrasiyası dövründə Amerika-İran münasibətlərindəki gərginliyi aradan qaldırmaq mümkün olmacaq. Onun sözlərinə görə, hazırda bu gərginlik konteksində ortalıqda 7 milyard ABŞ dollarının söhbəti gedir: “Başqa sözlə, İranın 7 milyard dollar pulu ABŞ-da dondurulub. İran sanksiyalar götürülməsi tələbi irəli sürəndə üç məsələni həll etməyə can atır:
Birincisi, ABŞ-ın dondurduğu 7 milyard dollar pulu əldə etsin.
İkincisi, İran neftinin satışı ilə bağlı məhdudiyyətlər aradan qaldırılsın.
Üçüncü, beynəlxalq pul köçürmələr bərpa olunsun.
Qalan şeylər İranı maraqlandırmır. Amma mən düşünmürəm ki, ABŞ bu üç məsələdə güzəştə gedə bilər. Bunun da səbəbi var. Bu sanksiyalar Konqres tərəfindən qəbul edilib. Bayden administrasiyası bu sanksiyaları istədiyi şəkildə dəyişdirmək iqtidarında deyil. İranla danışıqlar müqabilində razılaşmalar olsa və yeni administrasiya Konqresi inandıra bilsə, bu zaman hansısa nəticə əldə oluna bilər. Əks təqdirdə Prezident Bayden və komandası bu sanksiya qərarlarını ləğv etmək iqtidarında deyil. Çünki qərarı Konqres verib”.
Deputat əlavə edib ki, ABŞ və İran hakimiyyət nümayəndələrinin bir-birinə qarşı şərtlər irəli sürməsinə baxmayaraq bu iki ölkə arasında hərbi qarşıdurma gözləmir: “İsrail isə təkbaşına İrana hücum çəkməz. Fikrimcə, Bayden administrasiyası İsrailə bunu etməməsi üçün təsir edəcək. Üstəlik İsraildə də erkən seçkilər olmalıdır. Odur ki, yaxın dövr üçün münasibətlərin hərbi toqquşma səviyyəsinə çata biləcəyini gözləmirəm. Amma hər zaman bu məsələ gündəmdədir”.
Sabiq dövlət müşaviri ABŞ və İran diplomatlarının qarşı-qarşıya əyləşib müzakirələr aparacağına da ümid etmir: “Ola bilsin ki, vasitəçi mexanizmlərdən istifadə olunsun”.