Ermənilər təkcə Dağlıq Qarabağ və müəyyən müddət onların işğalı altında olan ətraf rayonlardakı tarixi Azərbaycan abidələrini dağıtmayıb, xalqımızın adı ilə bağlı olan yaradıcılıq nümunələrinə dair saxtalaşdırma aparmayıb. Onlar bu prosesin birinci mərhələsini Qərbi Azərbaycanda, indiki Ermənistan Respublikasının yaranıb formalaşdığı ərazilərdə həyata keçiriblər.
Bunu Teleqraf.com-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, XIX əsrdə bu ərazidə əhalinin 90 faizdən çoxunu azərbaycanlılar təşkil edirdi:
“1828-ci il Türkmənçay müqaviləsindən sonra ermənilər bu əraziyə köçürüldükcə azərbaycanlıların həm qovulması, həm də onlara məxsus tarixi irsin izlərinin silinməsi prosesi başladı. Məsələn, qədim türk tayfaları arasında geniş yayılmış qoç qəbirləri götürək. Qoç qəbirləri məhv edib yoxa çıxardılar. Ermənilər Azərbaycan xalqının dini-mədəni abidələrinə daha amansız hücumlar edirdilər.
Məsələn, rəsmi məlumat var ki, 1828-ci ilədək İrəvan şəhərində 28 böyük məscid var idi. Hər məhəllənin özünün məscidi olub. Bu gün İrəvanda yalnız Göy məcsid salamat qalıb ki, onu da iranlılara təmir etdiriblər. İranlılar da ona İran stili veriblər. Yəni azərbaycanlılara məxsus abidəni farslaşdırıblar. Onu hazırda İran məscidi kimi təqdim edirlər”.
Qabil Hüseynli deyib ki, Qərbi Azərbaycanda xalçaçılıq çox inkişaf etmişdi:
“Həmin bölgədə hər kənddə, hər evdə xalçaçılıqla məşğul olurdular. Xalçaçılıq həm də insanların məişətinin bir hissəsi idi. Evlər onunla döşənir, divarlar onunla bəzənirdi və sair. Azərbaycan xalçalarının çoxunu mənimsəyən ermənilər bu günlərdə İrəvanda onun nümayişini həyata keçirirlər. Həmin xalçaların böyük əksəriyyəti azərbaycanlılara məxsusdur.
Ermənilər Qarabağdan, Qərbi Azərbaycandan da xalçalar aparıblar. Onlar bu xalçaları erməni sənətkarlarının toxuduğu xalçalar kimi qələmə verirlər. Halbuki ermənilər ömür boyu xalçanın nə olduğunu bilməyiblər”.
Müsahibimiz bildirib ki, Qərbi Azərbaycanda qəbiristanlıqlarda adlı-sanlı, tanınmış, hörmətli adamların məqbərələri mövcud olub:
“Belə admlar dəfn edildikdən sonra onların məzarı üzərində qübbəli abidə ucaldılırdı. Ermənilər o abidələrin hamısını yerlə yeksan ediblər. İş o yerə çatıb ki, Aşıq Ələsgər kimi böyük sənətkarın Göyçə mahalında hələ sovet dövründə – 1962-ci ildə ucaldılmış abidəsini də uçuraraq məhv ediblər. Aşıq Ələsgər kimi Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsinin abidə kompleksinin dağıdılması erməni vandalizminin, barbarlığının əyani nümunəsidir”.
Qabil Hüseynli deyib ki, ermənilərin yalnız bir məqsədi olub – bu torpaqlarda azərbaycanlıların adı ilə bağlı olan bir dənə də maddi mədəniyyət nümunələri qallmamalıdır:
“Əvəzində bu torpaqların ermənilərə “məxsusluğu sübuta yetirən” erməni izləri olmalıdır... Beləliklə, işğal müddətində Dağlıq Qarabağ və ətraf rayonlarda olduğu kimi Qərbi Azərbaycanda da azərbaycanlıların mədəniyyət nümunələrinin, tarixi abidələrin hamısını yerlə-yeksan edib, izlərini itiriblər.
Sonradan həmin yerlərdə kilsələr tikiblər, başqa abidələr qoyublar. Hər sahədə olduğu kimi maddi mədəni irs nümunələrinin yaradılması sahəsində də bizim nailiyyətlərimizi mənimsəyib, mənimsəmədiyini məhv edib”.