3 Mart 2021 14:10
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-da nüməyəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, ölkə başçısının mətbuat konfransında verdiyi mesajlar Azərbaycanın dünyaya yeni bir prizmada təqdimatı kimi dəyərləndirilə bilərmi?

- Cənab Prezidentin 4 saatdan artıq müddətdə keçirdiyi mətbuat konfransı Azərbaycanın daxili və xarici siyasət tarixində mühüm iz qoydu. Sadəcə məlumat təqdim edilib hadisələr şərh olunmadı, həm də Azərbaycanın inkişaf strategiyası, gələcək planları, ölkəmizin hədəfləri gündəmə gətirildi. Bu mətbuat konfransı ölkəmizin inkişaf fəlsəfəsinin yol xəritəsi kimi təqdim olunmalıdır. Bu nöqteyi-nəzərdən mətbuat konfransının əhəmiyyəti olduqca böyükdür. Azərbaycan Prezidenti tərəfindən təqdim olunan məlumatlar dünyada çox ciddi şəkildə təhlil edilir. Bu məlumatlar nəzərə alınır, öyrənilir, çünki bütün informasiyalar mənbəyə əsaslanır. Feyk nyus adlandırılan saxta xəbərlərin geniş vüsət aldığı bu günlərdə mətbuat konfransında təqdim olunan məlumatlar sənədlərə əsaslanmaqla yanaşı, özündə böyük bir fəlsəfi məna ehtiva edir. Bu məlumatların hamısı real Azərbaycanın içində görülmüş, görülən və bundan sonra görüləcək işlərlə bağlıdır. Təqdim olunan informasiya xüsusi, möhkəm əsaslara söykənir. Hər bir fikrin arxasında konkret iş dayanır. Bu mətbuat konfransında Ermıənistan və başqa dövlətlərə aid məsələlər də gündəmə gətirildi. Ona görə də, cənab Prezidentin keçirdiyi mətbuat konfransı sadəcə jurnalistlərlə adi bir görüş deyildi. Bu daxili, xarici siyasətdə iz qoyacaq hadisə kimi qiymətləndirilməlidir.

- Azərbaycanın mühüm platformalarda çıxış etdiyi bu dönəmlərdə Ermənistanda daxili təlatüm hökm sürür. 90-cı illərin əvvələrində Azərbaycandakı analoji vəziyyətdən ermənilər sui-istifadə edərək torpaqlarımızın bir hisəsini işğal edib. Azərbaycan isə Ermənistanla bağlı daxili məsələlərə təmkin nümayiş etdirir. Bu yanaşmanı necə dəyərləndirirsiniz?

- Bu, təbii ki, belə də olmalı idi. Burada məqsədlər fərqlidir. Azərbaycan heç vaxt, heç bir dövlətin hesabına öz xoşbəxt gələcəyini qurmayıb. Ümumiyyətlə, kiminsə hesabına qurulmuş xoşbəxtlik hər zaman bədbəxtliyə gətirib çıxarır. Ermənistan isə həmişə öz fikirlərini, niyyətini, xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində qurmaq istəyir. 1915-ci ildən başlayaraq uydurma "erməni soyqırımı" ilə bağlı bütün dünyaya yalan məlumatlar çatdıraraq dividentlər, mövqə qazanmaq istəyirdilər. Eyni zamanda qonşu dövlətin ərazisini işğal edib azərbaycanlıları öz torpaqlarından qovaraq xoşbəxt olmaq iddiasına düşdülər. Daha sonra isə rusları, iranlıları qovaraq, xəyanət etməklə xoşbəxtliyini öz xalqını aldadaraq reallaşdıran ünsürlər üzə çıxdı. Uşaq qatilləri öz “xoşbəxtliklərini” də məhz bu çirkin niyyət üzərində qurmağa çalışdı. Erməni xalqının bədbəxtliyi ondadır ki, onları idarə edən, göstəriş verənlərin hamısı öz xalqını bədbəxt etmək istəyən, millətinin maraqlarını əks etdirməyən insanlar olub. Ona görə də 2018-ci ilə qədər Ermənistanda cinayətkarlar, uşaq qatilləri, soyqırımı təşkilatçıları, rüşvətxorlar, Köçəryanlar, Balayanlar, Sərkisyanlar hakimiyyətdə idi. 2018-ci ildə isə Ermənistanda fürsət yarandı ki, xalq bu cinayətkarları hakimiyyətdən qovsun.

Yeni qüvvələr, Paşinyan və onun ətrafında olanlar hakimiyyətə gətirildi. Onlar da hakimiyyətə gələn kimi xalqın istəklərini həyata keçirmək əvəzinə özlərini Soros Fonduna satdılar. Bununla da faktiki olaraq siyasi alət fəlsəfəsindən siyasi satqınlıq səviyyəsinə gəlib çatdılar. Nəhayət indiki real vəziyyətin yaranmasına səbəb oldular. Ona görə də Ermənistanda xalqın fikirlərini, niyyətini əks etdirən bir hal yoxdur, yenə də hakimiyyət uğrunda mübarizə gedir. Bu mübarizədə olan tərəflər isə əsla erməni xalqı haqqında düşünmür. Paşinyan tərəfində olanlar isə erməni xalqının fikrini deyil, real vəziyyəti nəzərə alaraq revanşist iddiaları gündəmə gətirmək istəmirlər. Başa düşürlər ki, bu istiqamətdə hər hansı bir addım özünəqəsddir. Ermənistanda iki qüvvə keçmiş “Miatsum”, korrupsiyaya uğramış cinayətkarlarla xalqın maraqlarını normal şəkildə əks etdirə bilməyən qüvvələrin mübarizəsi gedir.

Azərbaycan Prezidenti çox müdrik siyasət aparır. Ermənistandakı daxili intriqalara, dartışmalara Azərbaycan əsla qarışmır. Şahmatda belə bir qayda var. Hər hansı bir addım atırsansa, o addım səni məğlubiyyətə aparır. Hazırda Ermənistanda belə bir durum yaranıb. Hakimiyyətə gələn hər hansı bir qüvvənin eyni aqibəti yaşayacağı qaçılmazdır. Bu gün Ermənistan xalqının real istəklərini əks etdirən elə Azərbaycan Prezidenti İlham Əliyevdir. Cənab Prezident Qarabağda yaradılacaq infrastrukturdan danışır. Vurğulayır ki, bu bölgəni yüksəltmək, inkişaf etdirmək lazımdır. Qarabağda yaşayan ermənilər də normal yaşayış səviyyəsində yaşamalıdır. Onları da bu proseslərdən, xunta rejimindən uzaqlaşdırmaq lazımdır. Çünki onların beyinlərini yuyub bədbəxt ediblər.

- Paşinyan tərəfdarları ilə kütləvi mitinq təşkil etdi. Onun bu proseslərdə sona qədər dirəniş nümayiş etdirəcəyinə dair proqnozları bölüşürsünüz?

- Burada iki məsələ var. Eyni zamanda mənim proqnozlarıma da ehtiyac qalmır. Cənab Prezident mətbuat konfransında vurğuladı ki, ilk növbədə ortada imzalanmış sənəd var. Sənədə Azərbaycan və Ermənistan rəhbərləri imza atıb. Bu sənədin implementasiyası asta-asta icra olunacaq. Bundan sonra Zəngəzur dəhlizi işə salınacaq. Bu, tarixi bir məsələdir. Bunun Zəngəzur dəhlizi adlandırılması da cənab Prezidentin növbəti bir siyasi qələbəsidir. Dəhlizin işə düşməsi mühüm bir tarixi gerçəkliyi özündə əks etdirir. Bu müqavilənin icra olunması ilə bağlı reallıq ortadadır. İkinci məqam isə ondan ibarətdir ki, niyə minlərlə adam Paşinyan ətrafındadır? Çünki 2018-ci ildə Paşinyanı hakimiyyətə 20-25 il ərzində Ermənistana rəhbərlik etmiş cinayətkar xuntadan qopmaq istəyənlər gətirdi. Qarabağın dırnaqarası "müstəqilliyi"ni düşünüb bunu reallaşdıra bilməyən qüvvələri sözsüz ki, erməni xalqı görürdü. Ona görə də erməni xalqı onlardan qurtulmaq istəyirdi.

Ermənistanda kim baş qaldırırdısa, parlamentdə belələrini güəllələyir, məhv edirdilər. Digər tərəfdən Paşinyanın ətrafında olanlar korrupsionerlərdən, yaşayışlarından artıq beziblər. Paşinyan fərsiz də olsa, onun ətrafında yığışıblar ki, övladları yenidən Qarabağa aparılıb məhv olmasın. Ermənistandakı hərbçilərin içində də bir mafiya formalaşıb. Bundan da qurtula bilmirlər. Onlara heç Paşinyanın gücü çatmır. Siravi xalq məcbur qalıb Paşinyana dəstək olur. Onlar keflərindən hazırki baş nazirə dəstək olmurlar. Siyasi lider olmadığına görə, buna məcburdurlar. Əks halda yenidən Koçəryanın yanına sürüklənəcəklər. Bu, ABŞ-da Tramp və Klinton arasında keçirilən prezident seçkisinə bənzəyir. Seçicilər Trampa səs verdilər ki, Klinton uduzsun. Klintona da ona görə dəstək oldular ki, Tramp məğlub olsun. Əslində isə Amerika xalqı onların heç birini istəmirdi. Başqa namizəd də yox idi. Ermənistanda hazırda bir qütbdə cinayətkarlar, digər tərəfdə isə fərsiz, kapitulyasiyaya imza atmış bir dövlət rəhbəri dayanıb. Ermənilər də hazırda iki seçim arasındadır. Cinayətkarlara tərəf dursalar, növbəti 30 il erməni gəncləri Qarabağda məhv ediləcək. Paşinyana ona görə dəstək olurlar ki, övladlarını mümkün bəladan qorusunlar.

- Amma paralel olaraq erməni hərbçilərinin mülki maşınlarla, gizli yollarla Qarabağa göndərilməsi fatkları da ortaya çıxır...

- Tikinti materialı adı altında insanların, erməni gənclərinin Qarabağa göndərilməsi yenidən bir cinayətdir. 10 noyabrdan sonra belə addımlar atmaq heç nəyi dəyişdirməyəcək. Artıq qatar gedib, vəziyyət dəyişib. Azərbaycan bu dəqiqə tamam başqa bir vəziyyətdədir. Orada hansı sayda erməni əsgərinin göndərilməsi vəziyyətə qəti təsir etmir. Ölkəmiz istədiyi anda onları məhv edəcək. Eyni zamanda Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir. Cənab Prezident də vurğuladı ki, Qarabağa adbaad kim gəlib kim gedirsə bəllidir. Görünən odur ki, ermənilər bu provakasiyalara gedirlərsə, yenə də öz xalqını düşünmürlər. Onlar normal düşünüb, cənab Prezidentin fikirlərini şərh edə bilmirlərsə, bu məsələ heç də yaxşı sonluğa doğru getməyəcək. Dövlətçilik haqqında düşünüb məsuliyyəti tam şəkildə üzərinə götürə bilməyəndə dövlətçilik əldən çıxır. 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndə ilk növbədə Gəncəyə getdi və vətandaş müharibəsinin cücərtilərini kökündən kəsdi. Ona qarşı üsyan qaldıranları belə danışıqlar yolu ilə zərərsizləşdirib xalqı birləşdirdi, Azərbaycanda olan bütün problemləri xalqla birgə bölüşdü. Ölkədə olan məsələlərlə bağlı xalq da öz üzərinə məsuliyyət götürdü. Ulu öndər Heydər Əliyevin dahiliyi, uzaqgörən siyasəti ilə proseslər tam nəzarətə alındı. Ermənistan da hazırda prosesləri Paşinyandan orduya, ordudan prezidentə ötürməyə çalışırlar. Amma başa düşmürlər ki, onların hamısı bu proseslərin belə bir səviyəyə gəlib çatmasında günahkardır. Bunu dərk etməsələr müstəqilliklərini, xalqlarının gələcəyini, xoşbəxtliyini itirəcəklər.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər