Teleqraf.com-un “Bir Bazar günü” rubrikasının qonağı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyevadır.
Görkəmli şairə Nurəngiz Günün yeganə övladı olan Jalə xanımla 8 Mart ərəfəsində Azərbaycan qadınından, 1937-ci ildə Zərdabdakı babalarının sürgünündən, onlardan qalan mülklərə kimlərin sahib çıxmasından, ailəsindən, Yazıçılar Birliyinə üzvlüyündən, siyasətə gəlişindən danışdıq.
Onunla müsahibəni təqdim edirik:
- Jalə xanım, sizinlə bazar günü görüşürük. Millət vəkilinin istirahət günü necə keçir?
- Çoxdandır bazar günlərim digər iş günlərindən fərqlənmir. Bazar günü insan vaxtını ailəsinə, yığılıb qalmış işlərinə həsr etməli olur. Amma bu, hər zaman mümkün olmur. Ümumiyyətlə, uzun müddətdir ki, bazar günlərimiz də adi iş günləri kimi keçir. Yəni çox nadir hallarda istirahəti ailə üçün ayıra bilirik. Bir ay ərzində həftə içi günlərdə seçildiyim rayona gedə bilməmişəmsə, bunu şənbə və bazar günləri reallaşdırmağa çalışıram.
- Deməli, sizin üçün ən yaxşı istirahət ünvanı rayonda seçicilərlə birlikdə olmaqdır?
- Bu, istirahət deyil. Qalan işləri həll etmək üçün bir imkandır. Yığılıb qalmış işlərimizi görməyə çalışıram.
- Bəs sevimli məşğuliyyəti rahat geyimdə, evdə təşkil edə bilirsiniz?
- (Gülür) Bu, çox arzu elədiyimiz bir istəkdir. Tək mənim yox, bir çox həmkarlarımın arzusu budur. Bütün gün rəsmi geyimdə, müəyyyən çərçivədə olmaq sözsüz ki, yorucu olur. Günün yekununda insan rahat olmaq istəyir. Ailə, ev elə bir yerdir ki, təbii məhrəmindir, sənə aiddir. Ona görə də ancaq evdə istədiyimiz geyimdə ola bilirik. Boş vaxtlarımda sözsüz klassik deyimdə deyəcəm ki, kitab oxumağı xoşlayıram. Bu, hər bir ziyalının arzusudur. Amma təəssüflər olsun son dövrlərdə bu arzumuza nail ola bilmirik. Boş zaman məfhumu olmadığına görə tam səmimi deyirəm, mən onu necə istifadə etdiyimi də deyə bilməyəcəm. Həqiqətən də 24 saatlıq sutkanın 20 saatı işləyərək keçir. İşləyirsən, yazırsan, danışırsan, cavab verirsən, problem həll edirsən, tədbirlər, iclaslar, müsahibələr, görüşlər... Ona görə də, qalan o dört saatı da çalışıram yuxuya sərf edim (gülür)
- Necə geyimlərə üstünlük verirsiniz?
- Mənim üçün rahat olan geyimlərə üstünlük verirəm. O geyim ki məni sıxmır, incitmir onda daha rahat oluram.
- Jalə Əliyevanı idman geyimində görməmişik...
- Hər bir yerin öz geyim qaydası var. Evdə sözsüz ki, fərqli, gəzməyə gedərkən fərqli, Milli Məclisdəki işə gələrkən başqa geyimdə olmalısan. Yəni bu anlayışları bir-birinə qarışdırmaq olmaz.
- Tez-tez rayondan şəkillər paylaşırsınız. Sizi seçicilərlə görüşlərdə görürük. Həm də rayon havası yəqin sizi daha çox çəkir?
- İnsan yaşa dolduqca torpağa daha çox bağlanır. Bunu özümdə daha çox müşahidə edirəm. Hamımız torpaqdan çıxmışıq, Allah bizi torpaqdan yaradıb, torpağa da yönəldir. Bəlkə də elə bunun fəlsəfəsidir ki, insan yaşlandıqca, ömür azaldıqca torpağa daha çox bağlanmağa başlayır. Son illərdə şəhərin iztihamından, gurultusundansa, daha az insanın, hər şeyin təmiz olduğu məkana üz tutmağa çalışıram.
- Qaçıb sığınmaq istədiyiniz bir ünvan varmı?
- Sakit bir məkan... Bir meşənin bucağı mənim üçün daha cazibəlidir. Açığını deyim, dəniz məni bir o qədər özünə çəkmir. Dəniz mənə təlatümlü, hay-küylü gəlir. Amma sakit axan bir çay, Zərdabdan keçən Kürün sahili məni daha çox özünə çəkir, nəinki dəniz sahili...Quşların cəh-cəh vurduğu, yarpaqların xışıltısının eşildiyi bir yer məni daha çox sakitləşdirir.
- Yazıçılar Birliyinin üzvüsünüz, şeirləriniz heç qarşımıza çıxmayıb...
- Yazıçılar Birliyinin üzvü olmaq ancaq şairlik demək deyil. Mən nə şair, nə də yazıçıyam. Ədəbiyyat tədqiqatçısıyam. Eyni zamanda publisistik yazılar müəllifiyəm. Bu yazılarıma görə Yazıçılar Birlyinin sədri Anar müəllim məni öz sıralarına qəbul edib.
- Kitabınız çap olunubmu?
- 100-dən çox elmi məqalənin müəllifiyəm. 4 elmi monoqrafiyam, 2 metodik dərs vəsaitim yayınlanıb. Publisistik yazılarım isə mütəmadi olaraq dövrü mətbuatda yayınlanır. Onları kitab şəklində toplamamışam.
- Yazılarınızda özünüzü necə təsvir edirsiniz?
- Adətən, elə birinci şəxsin adından yazıram. Sanki, özüm-özümə məktub qələmə alıram.
- Biz elə bilirdik şeir də yazırsınız…
- Tapdıq, əzizim, şairlik fitri bir istedaddır. Heç kəs də məni qınamasın məni bu sözə görə, şairlər Allaha çox yaxın insanlardır. Söhbət təbii ki, əsl şairlərdən gedir. Bu, uydurma şairlərə aid deyil. İllah da heca, bənd xətrinə “şeir” yazan şairlərdən danışmıram. Hecabaz, fikirlərini zorla hansısa bəndə yerləşdirməyə çalışanlardan danışmağa ehtiyac yoxdur. Biz fitri istedada malik insanlardan danışırıq. Şairlik vəhy kimi bir şeydir. Necə ki Məhəmmməd Peyğəmbərə vəhy gəlib nəticədə müqəddəs Quranı-Kərim ortaya çıxıb. Şairlərin də daxilindən gələn səslər mənə elə gəlir ki, səmadan gələn səslərdir. Bunu özündə hiss etmirsənsə, onu zorən yaratmaq mümkün olmayacaq. Amma fikirlərimi nəzmlə yox, nəsrlə, publisistik dillə ifadə etmək mənim üçün asan və rahatdır.
- Xoş bir obrazınız var. Bu obrazın arxasında olan Jalə Əliyeva necədir?
- Üz qəlbin aynasıdır. Bu ifadəni özümü nəzərdə tutaraq demək istəməzdim. Amma insanın atdığı addım, keçdiyi yol təbii ki, özünün özü üçün yaratdığı bir obrazdır. Təbii ki, müəyyən yaşa gəlmiş bir insan artıq bir şəkildə cəmiyyətin yadında qalıb. Əgər siz dediyiniz kimidirsə, bu çox gözəl haldır. Bunu eşitdiyimə görə şadam. Obraz öz-özünə yaranmır. Bu, qan yaddaşından, gen yaddaşından gəlir. Həyat tərzi, əxlaq normalarına yanaşmalar, etik, estetik baxışlardan bu obraz formalaşır. Bir çox məfhumlar var. Ailədə aldığın tərbiyə, üz tutduğun cəmiyyət, orada qarşılaşdığın insanlar səni, obrazını formalaşdıraraq bir şəxsiyyətə çevirir. Mənfi ya müsbət olmaqla özün haqqında bir obraz yaradırsan. Min kərə doğulub böyüdüyüm ailəyə, aldığım təhsilə borcluyam. Əgər azacıq da olsa müsbət bir cizgi yarada biliriksə, bunun üçün böyüklərimizə borcluyuq.
- Arximed deyirdi mənə istinad nöqtəsi verin, dünyanı altını-üstünə çevirim. Sizin istinad nöqtəniz kim oldu?
- Anamdan çox böyük bir insanlıq dərsi aldım. İnsan kimdir, dünya nədir? İnsana münasibət, yaradılışın hər bir canlısına mərhəmətli olmağı bacarmaq, düşünməyi, əzənin yox, əzilənin, haqqın-ədalətin yanında olmaq duyğularını anam aşılayıb. Eyni zamanda böyüyə-böyüyə qarşıma çıxan, nəzərimdə müsbət keyfiyyətləri özündə daşıyan hər bir insandan nəsə bir şey əxz eləmişəm. Çox sevdiyim müəllimimdən, müəllim obrazı necə olmalıdır, şagirdi, yetirməsi ilə necə davranmalıdır onu öyrənmişəm. Müəllimim Aliyə Təhmasibdən çox şey mənimsəmişəm. 5-ci sinifdə oxuyanda Aliyə Təhmasib SSRİ Ali Sovetinin deputatı seçilmişdi. Bəlkə də həmin gün şüuraltı, heç nəyi bilmədən bu yolu seçmişəm. 12 yaşında bir qız uşağı necə deyə bilərdi ki, mən deputat olacağam. O yaşda qız həkim, müəllim olmaq istər. Amma bəlkə də özümü müəllimimin obrazına oxşatmışam, onun kimi görünmək, olmaq istəmişəm. Eyni zamanda atamın qayğıkeşliyi, onun az məvacibinin son qəpiyini belə əzizlərinə, dostlarına, ailəsinə xərcləmək bacarığını görmüşəm. Atam kiçik gəliri ilə nübar meyvələr yetişəndə aprel-may aylarında əlimdən tutub məni bazara aparardı və ürəklə, nə istəyirsənsə seç, alım, deyərkən qiymətlərə baxıb hesablayırdım ki, axı bunların hərəsindən bir kiloqram aldırsam, atamın bir aylıq məvacibi gedəcək ... O zaman istəyimi içimə atmağım, “heç birini istəmirəm” deməyimi bu gün də xatırlayıram...Atamın isə həssaslıqla o meyvələrin hamısından alıb mənə daddırmağı ilə nə olur olsun, qarşısındakını məmnun edə bilmək bacarığını da beləliklə atamdan əxz eləmişəm. Digər insanlardan, cəmiyyətin ayrı-ayrı fərdlərindən, istər ədəbiyyatda oxuduğum, istərsə də həyatda qarşılaşdığım müsbət obrazlardan nələrsə götürməyə çalışmışam. Sabah həyatda olmayanda səndən sonra gələnlərə xoş xatirə, işıqlı bir iz yadigar buraxa bilmək duyğusu gözəldir...
- 8 Mart ərəfəsi görüşürük. Azərbaycan qadını bu bayramı bir fərqli qarşılayır. Qalib əsgərin anası, bacısı, həyat yoldaşı, əzizi daha məğrurdur. Azərbaycan qadınının özəl gününə hansı rakursdan baxmalıyıq?
- Biz artıq qalib bir ölkənin qadınlarıyıq. Şərəfli, mübarizə aparan, möhtəşəm qələbə çalan və həmin müharibə günlərində arxa cəbhəni ön cəbhə bilən qadınların vətənindəyik. Əli öpüləsi qadınlarımız tək 8 Mart günü deyil, hər gün, hər an ehtirama layiqdir. Şəhid anaları, bacıları, həyat yoldaşları, onların timsalında Azərbaycan qadını uca zirvədə dayanıb. Tək övladını cəbhəyə yola salan, “get cəngavərim, get düşməni məhv etmədən gəlmə" deyən nənələrimizin timsalında bütün qəhrəman ana və bacılarımızın qarşısında baş əyirik. 44 gündə hər bir Azərbaycan qadını ön cəbhədə əsgər qardaşlarımızın, övladlarımızın yanında olmaq istəyirdi. Bu gün Azərbaycan qadınının ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın timsalında bir örnəyi var. Onun öz həyat yoldaşı ilə çiyin-çiyinə işləyə bilməsi, ən çətin məqamların öhdəsindən birlikdə gəlməsi, hər an xalqın, hər bir vətəndaşın yanında olması, xüsusilə həssas təbəqəyə diqqəti ona tarixi ana titulunu bir daha qazandırıb. Hörmətli Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadını keçdiyi böyük bir tarixi yolu təkrarlamış, təsdiqləmiş olur. Rəvayətlərimizə, dastanlarımıza, tariximizə dönüb baxsaq Burla xatunumuz, Sara xatunumuz, Nigarımız, Həcərimiz və bu gün Mehriban xanımın timsalında tarixi, qəhrəman Azərbaycan qadınının obrazını görürük. Onun həm xarici gözəlliyi, həm daxili zənginliyi, bu iki məqamın vəhdəti, bütövlüyü ilə dünyada Azərbaycan qadını haqqında obraz yaranır. Azərbaycan qadını qürurludur, vüqarlıdır. Ölkəmizi ən yüksək səviyyədə, dünya miqyasında təmsil edə biləcək qadınlarımız var.Təkcə siyasətdə deyil, bütün sahələrdə - istər mədəniyət, istər idman sahəsində, ədəbiyyatda, elmdə, səhiyyədə, hətta general rütbəsi qazanmış qadınlarımız bu günümüz, gələcəyimiz üçün örnəkdir. Məhz bu qadınlar Azərbaycan qadınının uğurunun məcmusudur.
- Deputat Jalə Əliyeva necə bir ailədə böyüyüb?
- Ailənin tək övladı olmuşam. Qızım da tək övladdır, qardaşım yoxdur. Oğul övladım da olmayıb. Anam Nurəngiz Gün sovet ədəbiyyatında dissident şeirlərin, cəsarətli misraların, fəlsəfi fikirlərin müəllifi, müasir Azərbaycan ədəbiyyatında yenı cığır açan, yol olan, yola çevrilən bir isimdir. Bunu mən yox, ədəbiyyat nəzəriyyəçiləri, tədqiqatçılar deyir. Sovetlər İttifaqında deyilməsi mümkün olmayan misraları ədəbiyyata gətirən, 80-ci illərdən “Qəfəs respublikası”, “Ətini didəyəcəm, didib parçalayacam mənfur yadelliləri" , " Sarı sapoqlular", “Üşüdən qızıl ulduz", "Məşhur qırmızı qospodin", "Tarixi dilənçi, bəd qonşu Erməni" və s. deyərək sətiraltı ifadələri ilə sovet rejiminə üsyan edən bir qadının ailəsində doğulub-böyümüşəm. Atamı gənc yaşlarımda itirmişəm. Amma insan valideynlərindən birini itirərkən digəri varsa, o yoxluğu tam hiss etmirsən. Bunu öz həyatımda yaşamışam. Hər iki valideynini itirdiyin zaman neçə yaşın olursa olsun yetim qalırsan. Atamı itirəndə 20 yaşındaydım, anamı isə itirəndə 50 yaşım vardı. Amma bu, çox fərqli hiss idi. Anamı itirəndə yaşadığım iztirabları, kədəri atamı itirərkən yaşamamışdım. Ona görə ki, atamdan sonra arxamda anam, onun nəvazişi, nəfəsi, istiliyi vardı. Ana qayğısı, ən azından, ana olaraq xitab edəcəyin bir istinad nöqtəsi vardı. Anamı itirdiyim gün özümü tam yetim hiss etdim. Tale elə gətirib ki, özümün də bir qız övladım oldu, oğlum olmadı. Amma hər zaman arzusunda olmuşam. Üç oğlan nəvəm var. Yaşları kiçikdir. Nəvələrim 1-4-5 yaş aralıqlarındadır.
- Nəvələrə zaman ayıra bilirsiniz?
- Günün bütün qayğısını, ağırlığını evə gedəndə nəvələrim çıxarır. Evə girdiyin anda onların sənin üstünə qaçmaları, gözlərini çantama dikib, mənə nə gətirmisən demələri, boynuna sarılmaları, onların yaşatdığı bir anlıq sevinc bütün yorğunluğumu unutdurur, stressimi uzaqlaşdırır. Mənim üçün hər bir zaman uşaq, onların xoşbəxliyi çox aktual məsələ olub. Ən kiçik yaşlarımdan bütün uşaqların atalı-analı olmasını istəmişəm. Bir valideynini və yaxud hər iki valideynini itirən, valideyni tərəfindən atılan uşaqlar mənim üçün ürək yarasıdır. 44 günlük Vətən müharibəsində erməni mənfurları Gəncəni bombalayan zaman hər iki valideynini itirən balaca qızımızı övladlığa götürmək istədim. Düşündüm ki, 3 oğul nəvəyə, bir qız nəvəsi də gələr. Öyrəndim, xahiş də etdim ki, əgər uşaq evinə verilərsə, mən onu evimizə gətirib, ona doğması olmağa hazıram. Amma, məlum oldu ki, o qızımız, nəvəmiz babasının, nənəsinin yanında, onların himayəsində qalacaq.
- 44 günlük Vətən müharibəsi bizi bir daha birləşdirdi...
- Bəli, biz bir millət, xalq, dövlət olaraq bir-birimizə çox sıx bağlandıq. Bütün dünyaya milli kimliyimizi nümayiş etdirdik. Adi günlərdə bəlkə seçicilərdən onlarla məktub alırıq. Vətən Müharibəsinin 44 gününündə şəxsən mənə, heç bir seçicidən şəxsi xarakterli müraciət daxil olmayıb. Hər gün gəlib ümumi şöbədən soruşurdum ki, bizə çatacaq məktub varmı? Cavab verirdilər ki, heç bir müraciət daxil olmayıb. Pandemiya şəraitində belə, gecikmə ilə olsa belə biz məktublar alırdıq. Amma 44 günlük müharibə günlərində bir dənə də olsun müraciət gəlmədi. Düşünmürəm ki, həmin vaxtlarda insanların problemi bitmişdi. Sacəcə olaraq Azərbaycan insanı ümummilli məsələni kənara atıb şəxsi məsələsi ilə bağlı xahiş etməyi özünə rəva bilmədi. Həmin günlərdə insanımız bir nöqtəyə köklənmişdi. Bu, möhtəşəm bir nümunə idi.
- Dastanlara, nağıllara, əsatirlərimizə istinad etdiniz. Özünüz nəvələrə nağıl oxuyur, mətbəxdə onlar üçün nələrsə hazırlayırsınızmı?
- Açığı bəzən deyirlər ki, mətbəxə girməyə vaxtım olmur. Bunu nəyə görə dediklərini bilmirəm. Həqiqətən ola bilər ki, vaxt olmasın, yaxud vaxt olsun, həvəs olmasın. Amma qadınsansa, bütün işlərinlə, missiyalarınla bərabər bir böyük missiyan da arxanda olan ailənin rahatlığını təmin etməkdən ibarətdir. Bunu nə şəkildə olur-olsun, həmin gün mətbəxə girə bilməsən belə masanın üzərində o uşaqları doyuracaq, isti ocaq təsirini yaradacaq minimum nə lazımdırsa, etməlisən. Ailədə qadının bir funksiyası da bundan ibarətdir. Mətbəxi də, mətbəxdə yemək bişirməyi də sevirəm. Amma vaxtım olanda (gülür). Təbii işləyən, cəmiyyət içində olan qadın nələrisə həyatında güzəştə gedir. Daha çox bütün dövrlərdə ailəmi ictimai işlərimə, digər fəaliyyətimə güzəştə getmişəm. Pedaqoji, elmi fəaliyyətdə olarkən düşünmüşəm ki, digər şeylər gözləyə bilər. Bu işimi də bitirim ondan sonra məşğul olaram. Rəhmətlik anam zəng edərdi, deyərdim ki, mama, xahiş edirəm sonra danışarıq. Çünki o anda işimlə bağlı bir zəng gəlirdi və yaxud hansısa bir iclasa çıxışa getməliydim. Ona görə doğmalarımla bağlı olan işləri ikinci plana salırdım. Bir gün qızım mənə dedi ki, olar ki, sən bu qədər başqa adamların işi ilə məşğul olduğun kimi, bir dəfə də dönüb məndən soruşasan qızım, bəlkə sənin bir problemin var? Qızım məktəbin son illərini necə oxuyub, bitirib, univeristetə daxil olub, belə demək mümkündürsə, xəbərim olmayıb. Universitet seçimi edəndə belə onun yanında ola bilməmişəm, vaxtım olmayıb ki, qızımın bu işlərinə diqqət edim. Amma bu əsla o demək deyil ki, o nəzarətsiz olub. Xeyr, əsla! O da sağ olsun ki, məni heç bir zaman yanıltmayıb.
- Qızınız hansı universiteti bitirib?
- Qızım Tibb Universitetinin məzunudur. Rezidentura və magistraturanı bitirib. Həkimdir, həm də pedaqoji-elmi fəaliyyət göstərir.
- Humanitar elmlərin aurasında olan ailənin qızı seçimini tibb sahəsi üzrə edib...
- Bayaq söylədim, onu düzgün istiqamətləndirib, sonra onun böyüməsini, inkişafını sanki kənardan izləmişəm. Düşünürəm ki, övladın relsin üzərində düzgün dayanmasını təmin edib sonra çox basqı etmədən inkişafını kənardan müşahidə etməlisən. Nəyin yaxşı və pis olduğunu körpəlikdən izah etsən, o, sonrakı illərdə heç bir çətinlik yaşamayacaq və sənə də çətinlik yaşatmayacaq.
- Siyasətə gəlişiniz necə baş verdi, şərqşünaslıq, hüquq ixtisaslarını bitirmiş bir xanımın siyasətə keçidi hansı zərurətdən yarandı?
- 28 yaşında artıq dissertasiyamı müdafiə etmişdim. Deputat olanda isə 39 yaşım vardı. O dövrdə artıq doktorluq dissertasiyamı yazırdım. İndiki Bakı Dövlət Universitetini Lenin təqaüdü ilə bitirmişəm. Bu, çox ali bir təqaüd idi. 5 ildə bir tələbə buna nail ola bilirdi. Universiteti həmin təqaüdlə bitirdiyimə görə, 1988-ci ildə BDU-da müəllim kimi saxladılar. Paralel olaraq elmi fəaliyyətlə məşğul olmağa başladım. Aspiranturaya daxil oldum. Dissertasiya mövzusu götürdüm və eyni zamanda 1992-ci ildə Azərbaycanda açılan Türkiyə səfirliyində işləməyə başladım. Orada tərcüməçi olaraq fəaliyyət göstərirdim. Həmin vaxtlar Azərbaycan üçün təlatümlü dövr idi. Gəncliyim ölkənin çaxnaşmalı, burulğanlı dövrünə təsadüf etmişdi. Həmin dövrün canlı şahidləriyik. Söylədiyim kimi, diplomatik bir korpusda, missiyada işləyirdim. Diplomatik korpuslar hadisələrin həm içində, həm də pərdə arxasında olur. Nə nəyə görə baş verir? Bütün bunları görüb, dərk edirdim. Həmin dövrdə ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə gəldi. Onun hakimiyyətə gəlişinin canlı şahidlərindən oldum. İstər-istəməz yaşadığımız hadisələr, Azərbaycanın yox olmaqdan birdən-birə var oluşa doğru getməyi beynimdə, düşüncəmdə bir inqilab yaratdı. 12 yaşında olanda müəllimim Ali Sovetin deputatı idi, düşünə bilməzdim ki, üstündən 30 il keçəcək gəlib deputat olacağam. Amma o hadisələr sanki məni ictimai həyata sürüklədi. “Mən də varam, nəsə etmək, xalqım üçün faydalı bir iş görmək niyyəti” içimdə təlatümlər yaratdı. Hiss edirdim ki, axşamlar reportajlarına baxdığımız Ali Sovetin tribunasında bir söz demək istəyirəm. Meydan hərəkatı da gənclik dövrümə düşüb. Qarabağ münaqişəsi, qarşılaşdığımız ədalətsizliklər, sürükləndiyimiz haqsız müharibə, ailədəki milli ruh, duyğu, düşüncə məni siyasətçi kimi formalaşdırdı. Günün birində səsimin duyulmasını istədim. Beləcə, hadisələrin axarı məni bu yola gətirib çıxardı.
- Şəhərdə doğulub-böyümüsünüz, amma deputat kimi Zərdab rayonunu təmsil edisiniz. Bu rayona istinad etməyiniz hansı amillərlə bağlıdır?
- Atam zərdablıdır. Göyçay mahalının Zərdab kəndindəndirlər. Zərdab əvvəllər rayon kimi inzibati vahid olmayıb. Əslim-köküm oralıdır. Babalarım 37-ci ildə repressiyaya məruz qalıb, bəy, mülkədar nəsli olub. Çox sayda mülkləri, evləri qalıb. Onlar hər şeyi bir gecədə xalqa qoyub gediblər. Amma onların böyük bir nəsil kimi adları bu gün də yaşayır. Müəyyən dövr hər rayon adamının Bakıda yaşamaq imkanı yox idi. Biz isə şəhərdə yaşadığımız üçün evimiz sanki hotel idi (gülür). Hətta rayonumuzdan tanımadığımız insanlara belə qapımızı açıb onları qonaq edirdik. Yatacaq çatmadıqda nənəm yerdən özünə yer salıb yatırdı ki, təki qonaqlara rahatlıq olsun. Rayonumuzdan uşaqlar gəlib bizim evimizdə böyüyüb, püxtələşib universitet bitirib, diplom, sənət sahibi olurdular. Ona görə də bizim Zərdabla olan bağlarımız heç vaxt qırılmayıb. Özümüz də rayonumuzun bütün toylarında, yas mərasimlərində iştirak edirdik. İllər sonra deputatlıq barədə qərarı verəndə daha çox xitab edə biləcəyim, üz tutacağım insanlar məhz onlar oldu. Zərdablılar, doğmalarım sağ olsunlar ki, ilk gündən məni o babalarımın, həmin nəslin davamçısı olaraq qəbul etdilər. Babalarımın gördükləri xeyirxah işlərdən həyatda olan ağsaqqallar bu gün də danışır. Əlimdən tutub bir kəndin bucağında, köhnə, paslanmış bir motoru göstərən ağsaqqalımız dedi ki, “ay bala, gəl bax! Bu qara motoru görürsən? Bir əsrdən çoxdur ki, bundan insanlar istifadə edir, nasosla su çıxarılır". Dedilər bunu sənin babaların burada quraşdırıb. Artıq köhnəldiyi üçün adına qara motor deyirdilər. Babalarım son tikələrini belə insanlara paylayıb, ilxılarını, dəyirmanlarını insanlara bağışlayıb gediblər. Onların qoyub getdikləri mülklərdə evsiz-eşiksizlər yaşayıb. Babalarımın 3 mərtəbli evləri Sovet İttifaqı tərəfindən sonradan univermağa çevrilib. İki mərtəbəli evlərini isə bağça ediblər. Əsgərlər üçün kazarmalar, laboratoriyalar babalarımın qoyub getdiyi evlərdə, mülklərdə yaradılıb. Bunları ağsaqqallarımız dedikdə, kövrəlirdim, eyni zamanda qürur hissi keçirirdim. O insanlar həmin o babalarıma olan sevgi ilə mənə qucaq açdılar. Bu sevgi üçün onlara sonsuz minnətdarlığım var.
- Siz xanım deputatsınız, kişi seçiciləriniz sizdən daha çox nəyi xahiş edir?
- Bütün seçicilərimi çox sevirəm, onların etimadına hər zaman layiq olmağa çalışıram. Amma hər kəsə eyni şəkildə çatmaq, faydalı olmaq mümkün olmur. Kaş elə bir maddi-mənəvi, fiziki gücümüz olsun ki, seçicilərimin bütün istəklərini qarşılaya bilim. Bizim ən ali işimiz seçici ilə dövlət arasında bir körpü, bağ yaratmaqdan ibarətdir. Çalışıram ki, imkanlarımı maksimum şəkildə səfərbər edə bilim. İnsanların sözünü, əllərinin çatmadığı, ünlərinin yetmədiyi, qarşılarında qapıların bağlandığı hallarda seçicilərimizə kömək etmək borcumuzdur. Seçicilərim arasında kişi, qadın fərqi qoymuram. Amma açığı kişi seçicilərimin müraciəti daha çox olur. Qəbul etsək ki, kişilər evin əsas qüvvəsidir. Xüsusən də rayon yerlərində bu amil daha güclüdür. Onlar da evin problemini həll etmək missiyasını üzərinə götürdüklərinə görə belə bir hal var. Amma aktiv qadınlarımız da az deyil. Yeri gələndə qadınların da səsini tez-tez eşidirik. Seçicinin müraciəti günün hər hansı bir saatında ola bilər. Lap gec saatda da baxırsan bir seçici zəng vurub, istəyini, xahişini, sözünü deyir. Bazar günləri də telefonum açıqdır. Telefonum yarım saat sönülü olubsa, açanda baxırsan ki, 20-30 zəng olub. Biz, mən və köməkçim bütün zənglərlə bağlı geri dönüş edib maraqlanırıq. Sosial şəbəklərdə də bizə müraciətlər çox olur. Hər zaman da deyirik ki, işin sağlam olması, tez cavab almaq üçün imkan daxilində rəsmi şəkildə müraciətlər olunsun. Bu zaman deputatın da digər instasiyalara söz deməsi, müraciət etməsi daha rahat olur.
- Müraciətlərinizə dövlət orqanları necə reaksiya verir?
- Bu gün həmkarlarımın da çoxu bunu birmənalı etiraf edə bilər. Əvvəlki illərlə müqayisədə bu çağırışdakı seçkili orqan, parlamentlə icra qurumları arasındakı münasibətlər xeyli dəyişib. Əvvəllər hansısa bir qurum bəzən aylarla bizə cavab vermirdi. Bu faktlar dəfələrlə Milli Məclisin tribunasından da səslənib. Bu kimi hallar bizi seçicinin qarşısında hardasa gözükölgəli edirdi. Seciçi rayonda oturub deputata məktub ünvanlayır, amma bilmir ki, gələn məktuba operativ reaksiya verilərək deputat tərəfindən əlaqədar quruma müraciət edilib. Cavabsa olmurdu. Biz də seçiciyə cavab verə bilmirdik ki, sənin məktubuna müsbət və yaxud mənfi cavab gəlib. Bu cavabı almadıqdan sonra deputat ortadakı körpü rolundan zərbə obyektinə çevrilirdi. İndi o durum demək olar ki, dəyişib. Amma bunu da deməliyik ki, bütün seçici istəkləri, tələbləri də hər zaman haqlı olmur. Və ya təəssüf ki, hər zaman müsbət həll olunmur. O zaman çox üzülürəm...
- Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavinisiniz, gənclərimizə tövsiyələriniz nədən ibarətdir?
- İstər işdə, istər ailədə hansısa bir yaxşı işin altında tək öz imzamın olmasını qəbul etməmişəm. “Mən” məfhumu çox yanlışdır. Ancaq kənardakılar sənin şəxsiyyətinə qiymət verə bilər. Gənc qızlarımıza, yetişməkdə olan nəslə tövsiyə edərdim ki, Azərbaycan qadınının ümumiləşmiş obrazını özlərində yaşatsınlar. Hətta bu gün də öyrəndiyim, həyatından, təcrübəsindən nümunə aldığım insanlar var. Arzu edərdim ki, bizim qızlarımız da öz ailələrində, ətraflarında, ölkəmizdə uğur sahibi olan, adının ətrafında ancaq müsbət kəlmələr işlədilən, cəmiyyət tərəfindən qəbul edilən, müsbət xüsusiyyətləri özündə daşıyan qadınlarımızdan nümunə götürsünlər. Unutmasınlar ki, ailənin rəisi kişidirsə, eyni zamanda görünməyən rəisi, mənəvi gücü, qüvvəsi həm də qadındır. Ailə tək kişinin yox, böyük bir ölçüdə həm də qadının çiyinlərində yaşayır, inkişaf edir. Bu xüsusiyyətləri gənc xanımlarımız heç vaxt unutmasınlar. Bütöv ailə, bütöv cəmiyyət, güclü dövlət deməkdir. Dövlətimizə hər zaman bütöv ailələr arzu edirik.
Foto: Ceyhun Rəhimov