Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycanın siyasi gündəmində olan məsələləri daim öz fəaliyyət proqramına və onun istiqamətlərinə daxil edən, zamanın nəbzini tutan, həm də ondan irəli gələn tələbləri nəzər alan bir partiya olduğunu göstərib. Bu illər ərzində ictimai rəyin, insanların düşüncələrinin, onların həyatının, rifahının yüksəlməsini öz fəaliyyətində nəzərə almaq hesabına yüksələn xətlə inkişaf edib. Xalqın daha geniş dəstəyi ilə əhatə olunub. Öz sıralarına yüz minlərlə insanı cəlb edə bilib.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Ailə, Qadın Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Onun fikirncə, YAP bütün bunları vətəndaşın marağına yönələn və onun rəyini, istək və arzusunu nəzərə alan bir təşkilatdır:
“Partiya bu fəaliyyəti nəticəsində dəfələrlə seçkilərdə uğur qazanıb. Ötən dövrdə iqtidar partiyası olaraq mövqeyini qoruyub saxlayıb. Təbii ki, həyat inkişaf edir. Bir yerdə dayanmır. Həm Azərbaycanın öz daxilində, onun ətrafında, həm də bütün dünyada gedən proseslər partiya və onun rəhbərliyi konkret olaraq ölkə Prezidenti, YAP-ın sədri cənab İlham Əliyev tərəfindən nəzər alınır. YAP zaman-zaman ölkədə gedən islahatlara ən çox dəstək verən və öz fəaliyyətində bu islahatları həyata keçirən partiya olaraq cəmiyyətdə tanınır”.
Bahar Muradovaya görə, bir neçə gün öncə keçirilən YAP-ın VII qurultayı və burada qəbul olunan qərarlar göstərir ki, hakim partiya öz kredosuna, mövqeyinə bu dəfə də sadiqdir:
“YAP zamanın çağırış və tələblərinə, islahatlara cavab siyasətinə öz töhvəsini bu şəkildə verib. Partiya yenilənmiş bir halda, dövrün çağırışlarına yeni enerji, güc və ruhla qatılır. Qurultay təkcə Yeni Azərbaycan Partiyasının üzvlərinin deyil, ölkəmizdə həyatın yaxşılığa doğru daha çox dəyişməsinə mühüm təsir göstərəcək. Əldə edilən nailiyyətləri qorumaq, inkişaf etdirmək baxımından partiyanın qurultayı gələcək hədəflərə çatmaq, onu bir bünövrə kimi möhkəmləndirmək işinə öz böyük töhvəsini verəcək”.