Türk-Amerika Təhlükəsizlik Fondunun (TASFO) “12 ayda 12 müsahibə: Qondarma erməni soyqırımı haqqında həqiqətlər” layihəsinin növbəti qonağı rusiyalı tarixçi, professor Oleq Kuznetsovdur.
Teleqraf.com TASFO-nun rəhbəri Fatih Özonurun onunla müsahibəsini təqdim edir:
- Castin Makkarti, Norman Stoun, Patrik Uolş və s. kimi bir çox Qərb tarixçisi 1915-ci ildə Anadoluda baş verən hadisələri “soyqırımı” kimi təqdim edən erməni iddialarını rədd edir. Tarixdən bilirik ki, XIX əsrin sonlarında Osmanlı ərazilərində baş verən erməni üsyanları zamanı bir çox mülki şəxs və türk dövlət adamı qətlə yetirilib. Bu hadisələrlə bağlı Rusiya arxivlərində əhəmiyyətli dəlillərin olduğu deyilir. Siz bununla bağlı hansısa araşdırma aparmısınız?
- Rusiya hakimiyyəti Şərqi Anadoludakı vəziyyəti bir neçə istiqamətdə diplomatlar, hərbi kəşfiyyatçılar, o dövrdə Ticarət və Sənaye Nazirliyinə tabe olan sərhədçilər vasitəsi ilə müəyyənləşdirib. Bu gün Osmanlı İmperiyasındakı erməni üsyanlarına dair hesabatlar fərqli arxivlər və müxtəlif ölkələrdə saxlanılır. Diplomatların hesabatları Rusiya Xarici İşlər Nazirliyinin Xarici Siyasət Arxivi, dəniz kəşfiyyatının hesabatları Sankt-Peterburqdakı Rusiya Dövlət Dəniz Arxivi, sərhədçilərin hesabatları Rusiya Dövlət Tarix Arxivi, hərbi kəşfiyyat hesabatları isə Gürcüstan Dövlət Arxivində saxlanılır. Fiziki olaraq bütün bu arxivlərdə işləyə bilməmişəm, baxmayaraq ki, bəzi sənədlər mənə məlumdur və bunların əsasında o günlərdə Şərqi Anadoluda baş verən hadisələrə dair öz fikirlərimi formalaşdıra bilmişəm.
- Bəzi tarixçilər öz əsərlərində 1877-1878-ci illərdəki Rus-Türk müharibəsi dövründə də bəzi rus zabitlərinin Rusiya ordusunun sıralarında olan erməni könüllüləri tərəfindən törədilən çirkin vəhşilikləri pislədiklərini bildirirlər. Rusiya arxivində rus zabitlərinin qınaqlarını ehtiva edən yazılı qeydləri gördünüzmü?
- Mən Rusiyanın hərb tarixinin mütəxəssisiyəm, dissertasiyamda digər məsələlərlə yanaşı, Rusiyanın imperiya ordusunun bu müharibədə iştirakını araşdırıram. Amma bu müharibədə Rusiya hərbi komandanlığının yaratdığı etnik ermənilərdən ibarət hansısa silahlı dəstənin olmasını isbat edən dəlil görmədim. Balkanlarda rus qoşunlarına dəstək verən Bolqarıstan və Serbiyanın könüllü batalyonları, Qafqazda Osmanlıya qarşı vuruşan gürcü birləşmələri fəaliyyət göstərirdi, amma mən erməni birləşmələrinin bu müharibədə iştirakı barədə tamamilə heç nə bilmirəm. Ümumiyyətlə, Avropa dövlətləri yalnız bu müharibə bitdikdən sonra Osmanlının ermənilər üçün bəzi xüsusi hüquqları təmin etmə borcundan və 1878-ci il Berlin Konqresinin yekun sənədlərindəki fakultativ öhdəlikdən danışmağa başladı. Bu hadisədən əvvəl “erməni məsələsi” mövcud deyildi. Avropa bundan əvvəl Osmanlıya qarşı Balkan və arxipelaq “kart”ını masaya atdı. “Erməni məsələsi” yalnız Birinci Dünya Müharibəsinin başlanğıcında zirvəsinə çatdı.
Bildiyim qədər ilk müstəqil erməni hərbi birləşmələri 1912-ci ildə I Balkan müharibəsi zamanı Bolqarıstan ordusunun tərkibində meydana çıxıb. Həmin dövrdə Avropa siyasətçiləri türk əhalisinə qarşı soyqırımı cinayətlərindən danışmağa başladılar. Hətta Fransız vəkil və diplomat Pol Anri Benjamin Desturnel de Konstanın rəhbərliyi altında xüsusi istintaq qrupu yaradıldı. Nəticələri 1915-ci ildə fransız dilində nəşr olundu, lakin Birinci Dünya Müharibəsinin başlaması səbəbiylə yaddan çıxdı. Bu komissiya mülki əhali və ya Balkan türklərinə qarşı ən böyük vəhşiliyin həmin müharibə zamanı yunan və bolqar hərbçiləri tərəfindən törədildiyini və bu cinayətləri həyata keçirənlərin arasında bir çox etnik erməninin olduğunu təsbit etdi. O dövrdə türk imperiyası ərazisindəki ermənilərlə yanaşı, xristian olan aysorlar və yunanlar da Osmanlıya qarşı üsyan etdilər. İngilis araşdırmalarına görə, 1915-ci il Van üsyanı yatırıldığı vaxt 12 min erməni və 13 min aysor öldürülüb. Lakin bu gün ermənilər aysorlardan bəhs etmədən 40 min erməninin öldürüldüyünü iddia edirlər. Ədəbiyyat və tarixi sənədlərə o dövrün hadisələrinin bu cür saxtalaşdırılmasına həmişə rast gəlirəm.
Erməni birləşmələri çar ordusunun tərkibində yalnız 1914-cü ilin dekabrında Osmanlı İmperiyası Rusiyaya hücum etdikdən və Birinci Dünya Müharibəsində Qafqaz cəbhəsi açıldıqdan sonra ortaya çıxdı. Rus hərb tarixçisi Vasili Potto XIX əsrdə ermənilərin dini mərkəzi Eçmiədzini qorumaq üçün bir batalyon da qura bilmədiklərini yazırdı. Yalnız daşnaklar bu işə qarışdıqdan sonra erməni birləşmələrinin qurulması müvəffəqiyyətlə nəticələndi. Daşnaklar hər biri 1000 nəfərlik 4 piyada taboru yarada bildilər. ABŞ-dan Osmanlıya qarşı müharibədə iştirak etmək üçün 250 erməni gəldi. Bəllidir ki, belə birləşmələr nizami ordunun sıralarında döyüşlərdə iştirak etmək üçün çox da uyğun deyildi. Bu səbəbdən də ya arxa qvardiyanın bölmələri, ya da təxribat fəaliyyətləri üçün istifadə edildi. Həmin erməni birləşmələri rus ordusu tərəfindən ələ keçirilmiş Osmanlı ərazilərinin xaricindəki dinc türk əhalisinə qarşı amansız davranırdılar.
Şəxsən mən öz gözlərimlə Qafqaz Cəbhəsi Baş Qərargahı İdarəsinin hərbi məhkəmələrinin erməni silahlıları ilə bağlı 1916-cı ilə aid 80 hesabatını görmüşəm. Moskvadakı Dövlət Hərb Tarixi Arxivində saxlanılır. Yerli əhaliyə qarşı törədilən cinayətlər, qətl, təcavüz və talanda ittiham olunublar. Müharibə şəraitində yalnız bir cəza ola bilərdi - edam.
- Rusiya parlamentin qərarı ilə ermənilərin “soyqırımı” iddiasını tanınır. Sizcə, bu, siyasi motivli, yoxsa Rusiyadakı erməni lobbisini sakitləşdirmək məqsədi daşıyan bir qərar idi?
- Bu qərarın siyasi baxımdan qərəzli və ədalətsiz olması ilə bağlı tamamilə haqlısınız. Ancaq bu qətnamənin qəbul edilməsinin səbəbləri ilə əlaqədar fikrinizlə razılaşa bilmirəm. Təbii ki, erməni lobbisinin təsiri rusiyalı parlamentariləri tamamilə fərqli motivlərlə idarə edirdi, amma bir sıra məsələləri aydınlaşdırmaq lazımdır.
SSRİ-nin dağılmasından və Birinci Çeçenistan müharibəsindəki məğlubiyyətdən sonra Rusiya iqtisadi çöküş yaşayırdı. Eyni zamanda, Birinci Qarabağ müharibəsi sona çatdı və Ermənistanın durumu yaxşıydı. Qarabağda vuruşan hər bir erməni militanı Dağlıq Qarabağdakı erməni separatçılarının qanunsuz silahlı birləşmələrinin iyerarxiyasındakı dərəcəsindən asılı olaraq dünya erməni diasporunun fondlarından 50-500 min dollar almışdı. Bu pulla silahlıların əhəmiyyətli bir hissəsi Rusiya və post-sovet məkanının digər ölkələrinə köçdü, çünki orada onlar üçün praktiki olaraq heç bir rəqib yox idi.
Bu gün az adam bunu xatırlayır, amma o dövrdə rus diplomatları dünyanın inkişaf etmiş ölkələrinin hökumətlərinin qapılarını kredit tələbləri ilə döyürdülər. Buna görə, Rusiya iqtisadiyyatına yatırılan bir neçə milyard dollar Birinci Qarabağ müharibəsində axıdılan qanlara qarışsa da, “böyük nemət” idi. Təbii ki, o dövrün konkret tarixi şərtlərində heç kim bu pulların haradan gəldiyi ilə maraqlanmırdı və həm də erməni millətçiləri olan investorlar siyasi şərtləri də diktə edə bilirdilər. İlk növbədə, Rusiya Dövlət Duması tərəfindən Osmanlıda “erməni soyqırımı”nın tanınmasına dair qərar qəbul edildi. Yəni bu addımın əsas səbəbi, o dövrdə Rusiyanın siyasi elitalarının anti-türk düşüncəsi yox, investorları maddi durumu zəif olan ölkəyə cəlb etmək cəhdi idi.
Bu, beynəlxalq hüquqi öhdəliklər yaratmayan bir siyasi qərardır. Rusiya, beynəlxalq hüququn bir subyekti olaraq, bu qətnaməyə uyğun hərəkət etmək, eyni zamanda, Rusiya-Türkiyə münasibətlərindəki mövqeyini ona uyğun olaraq düzəltmək məcburiyyətində deyil. Bu həqiqət həm Ankara, həm də Moskvada yaxşı başa düşülür. Bildiyimə görə, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın rəhbərliyindəki türk diplomatiyası bu qətnamə ilə bağlı heç vaxt rusiyalı millət vəkillərinə nəsə deməyib. Çünki bu, Rusiya və Türkiyə arasındakı münasibətlərə hansısa şəkildə təsir etmir. Ankara bu qətnamənin əhəmiyyətsizliyini mükəmməl başa düşəcək qədər nəzakətli və müdrikdir. Çünki Rusiyada belə sənədlərin ləğvi üçün qanuni prosedur yoxdur. Buna görə də, ermənilər xaricində hamı rus millət vəkillərinin bu səhvi faktını görməzlikdən gəlir.
- Dünya 1920-1922 illərdə həm Osmanlı, həm də Azərbaycan, 1973-1992-ci illərdə isə Türkiyə diplomatlarına qarşı qlobal miqyasda erməni terrorizminin şahidi olub. Bu haqda fikriniz nədir?
- Bu məsələni bu qədər məhdud hesab etmirəm, göstərdiyiniz illərdə erməni terrorçuları təkcə türk və azərbaycanlı diplomatları və dövlət xadimlərini qətlə yetiriblər. Erməni terrorizmi sosial və cinayət hadisəsi olaraq daha dərin və çeşidlidir. Rusiyada terror cinayətlərinə təkcə dövlət və ya ictimai xadimlərin, diplomatların öldürülməsi yox, eyni zamanda digər qətllər daxildir. 33 belə cinayət faktı məlumdur. Ölkəmdə erməni terrorizminin daha geniş əsasda olduğunu düşünürəm. Yəni erməni terrorizmi Qərbi Avropa ölkələrinin hüquqşünaslarının 1920-ci illərdə təsəvvür etdikləri kimi məhdud deyil. Terrorizm erməni millətçiliyinin ideologiyası və sistemli praktikasıdır, bunun üçün kifayət qədər rasional izahlar var. 1918-ci ilə qədər ermənilərin əraziləri və siyasi ambisiyalarına çatmaq üçün etibar edə biləcəyi öz milli dövlətçiliyi heç vaxt olmayıb. Ayrıca, bu bölgələri özlərinə assimilyasiya etmək üçün heç vaxt yaşadıqları ərazilərdə etnik çoxluq təşkil etməyiblər. Tarixləri boyunca sahib olduqları yeganə şey, yaşadıqları çoxluq arasında əldə etdikləri pul və qan olub. Belə bir vəziyyətdə maddi maraqları uğrunda yeganə mübarizə forması yalnız maddi baxımdan ucuz başa gələn terrorizm ola bilər. Erməni millətçiləri bunu siyasi fəaliyyətlərinin əvvəlindən çox yaxşı başa düşdülər və bu səbəbdən 1895-ci ildə “Daşnaksütyun”un proqramında terrorizmi mübarizələrinin əsas aləti elan etdilər. Daşnaklar terrorla əvvəlcə erməni əhalisi, daha sonra Erməni Qriqoryan Kilsəsini özlərinə tabe etdi. Bundan sonra yaşadıqları ölkələrin hakimiyyət orqanlarına və ərazilərinə iddialar irəli sürməyə başladılar. Deməli, erməni terrorizmi o illərdən çox əvvəl mövcud olub.
Erməni siyasi terrorizminin ilk qurbanları 1920-ci illərin əvvəllərindəki Türkiyə və Azərbaycanın dövlət adamları və ya diplomatlar yox, XX əsrin ilk onilliyində Rusiyanın Qafqazdakı yüksək vəzifəli şəxsləridir. Erməni terrorizminin ilk qurbanları siyahısında 1905-ci ildə öldürülən Bakının mülki qubernatoru Mixail Naxaşidze, 1907-ci ildə qətlə yetirilən Kutaisi general-qubernatoru Maqsud Əlixanov-Avarski olub. Bu iki cinayətin qatili İkinci Dünya Müharibəsi illərində nasistlərlə işbirliyi quran, Vexrmaxtdakı erməni taborunun komandiri Draztamat Kanayan idi. O öldü və ABŞ-da dəfn olundu, daha sonra bu terrorçunun külləri “milli qəhrəman” kimi hörmət edildiyi Ermənistana aparıldı. Bu cinayətlərdə onun ortağı öz nəvəsi, 1908-ci ildə rus sərhədçiləri tərəfindən öldürülən, 1983-cü ildə Parisdəki Orli hava limanında terror aktı törədən və Los-Ancelesdə bir yük terminalını (Canada Airways) partlamağa cəhd etdiyi üçün tutulan Akop Çixaturyandı. Gördüyümüz kimi, terrorizm erməni millətçiləri arasında təkcə fərdi deyil, irsidir, hətta bütöv bir nəsil burada iştirak edir. Pul verirsə, ən çirkin ağaya belə həvəslə xidmət edirlər.
Fələstindən Şimali İrlandiyaya qədər bütün digər milliyönümlü müasir terrorizm növləri arasında erməni terrorizmini ən ciddi terror təhlükəsi hesab edirəm. Bu təhdidin miqyasını fransız, ingilis və türk dillərindən istifadə edərək müxtəlif nəşrlərdən Orli hava limanında baş verən terror hadisəsini araşdıranda başa düşdüm. Cinayətin icraçıları Fransaya saxta Misir pasportları ilə gəlmiş 2 Türkiyə, 1 Suriya ermənisi idi. Əvvəllər bir-birini tanımırdılar və ilk dəfə icarəyə götürülmüş bir mənzildə tanış olublar. Burada bir partlayıcı qurğunun komponentləri artıq onları gözləyirdi, aldıqları təlimata uyğun olaraq yığmalı və işə salmalı idilər. Yüksək rütbəli türk hərbçilərindən ibarət nümayəndə heyətinin fransalı həmkarları ilə danışıqlardan sonra onları evə qaytaran təyyarəni partlatmalıydılar. Fransa xüsusi xidmət orqanları bu cinayətin hazırlanmasında iştirak edən 51 nəfəri həbs etdi. Lakin erməni diasporunun təzyiqi nəticəsində təkcə 6 cinayətkar mühakimə olundu, qalanları cəza almadı, azadlıqda qaldılar. Azadlıqda qalan 45 terrorçunun köməkçiləri erməni millətçisi olan Fransa vətəndaşları idi. Heç kim onları bu işə kimlərin cəlb etdiyini, bu cinayəti törətmək üçün seçdiyini, saxta sənədlər hazırladığını, partlayıcı qurğuların kim verdiyini bilmirdi. Terror aktı törədilənə qədər yeyib-içdilər, əyləndilər.
Ottavadan Sidneyə, Los Ancelesdən Moskva və Tehrana qədər erməni terrorçuları tərəfindən törədilən terror aktlarının coğrafiyası da eyni dərəcədə təsiredicidir. Yəni erməni terrorizminin mövcudluğundan qlobal və ya dünya miqyasında danışmaq olar. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, XX əsrin son rübündə erməni terrorçuları dünyanın 24 ölkəsində 330-ə yaxın terror aktı törədib. Lakin bu statistik məlumatlar post-sovet ölkələrində baş verən terror aktlarını özündə əks etdirməyib, onların sayı Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, 60-ı keçib. Bu rəqəmləri ümumiləşdirsək, onda erməni terrorçuları tərəfindən dünyanın 26 ölkəsində 500-dən çox törədilən terror aktının olduğunu deyə bilərik. Bundan ən çox zərərçəkən Türkiyə, Rusiya və Azərbaycandır.
- Erməni terrorizmi ilə bağlı kitablar yazan və tədqiqatlar aparan bir rus alimi olaraq, nəşr etdiyiniz əsərlərə görə ermənilərdən hansısa bir təhdid almısınızmı?
- Rusiyadakı erməni lobbisi ilə problemlərim 2015-ci ildə “XX əsrdə transmilli erməni terrorizminin tarixi: Kriminoloji tədqiqat” monoqrafiyasını dərc etməyimdən xeyli əvvəl başlayıb. Əvvəllər erməni diasporu, mətbuat və media sferasının nümayəndələrinin təzyiqləri, hədələri ilə üzləşdim. Hər şey 2013-cü ildə rus tarixçisi Stanislav Tarasovun yazdıqlarına və iddialarına cavab olaraq, “Qarabağ münaqişəsinin mifləri” adlı publisistik məqalələr toplusunu dərc etməyimlə başladı. Bu müəllif yazısında tarixi sənədlərin məzmununu özbaşına, öz metodologiyasına uyğun olaraq şərh etməklə kifayətlənməmiş, tarixi sənədlərin məzmununu saxtalaşdırmışdı. Halbuki Cənubi Qafqazın tarixinə dair sənədlər Rusiyanın dövlət arxivlərində var və bu səbəbdən tədqiqatçılar tərəfindən yaxşı bilinir. Yəni, sitatların həqiqiliyini yoxlamaq və Tarasovun intellektual saxtakarlığını sübut etmək mənim üçün çətin deyildi. Ancaq məlum oldu ki, təkcə Tarasov yox, eyni zamanda, bir çox başqa ermənipərəst tədqiqatçılar, o cümlədən Ermənistan Milli Elmlər Akademiyasının akademikləri sistemli olaraq saxtakarlıqla məşğuldurlar.
Müqayisəli mətn araşdırmalarım nəticəsində “Qarabağın Ermənistana mənsubiyyəti” barədə erməni fikrinin süni və yalan olduğunu göstərən və sübut edən çoxsaylı konkret nümunələrdən istifadə edərək "Qarabağ münaqişəsinin mifləri” monoqrafiyasını yazdım və nəşr etdim. Bu kitabın təqdimatından dərhal sonra erməni rusdilli mətbuatı hücuma keçdi, Rusiya KİV-lərinə girişimi əngəlləmək cəhdləri ilə qarşılaşdım. Rusiya mətbuatının əhəmiyyətli bir hissəsinin erməni diasporunun nümayəndələri tərəfindən idarə olunduğunu nəzərə alsaq, bu, mənim üçün “qara siyahı”ya daxil olmağım demək idi. Rusiyadakı informasiya mənbələrinə çıxışım bağlandı.
2013-cü ildə XVI əsrin ortalarında Moskva Knyazlığı, Polşa, Litva, Krım Xanlığı və Osmanlı İmperiyası arasındakı əlaqələrin tarixinə dair bir monoqrafiya çap etdirdim. 2016-cı ildə Rusiya Elmlər Akademiyası Rusiya Tarixi İnstitutuna bu mövzuda Ümumrusiya Elmi Konfransında iştirak üçün müraciət etdim. Tələbəlik illərindəki dostum da məni bu elmi forumda iştirak etməyə çağırdı, dəvəti böyük məmnuniyyətlə qəbul etdim. Konfransın mövzusu Cənubi Qafqazla bağlı deyildi. Amma bir neçə gün sonra dostum zəng vuraraq institutun direktoru tərəfindən adımın siyahıdan çıxarıldığını dedi. Rusiya Elmlər Akademiyasının Rusiya Tarixi İnstitutunun direktoru, etnik erməni olan Aleksandr Çubaryan bu qərarını bir cümlə ilə şərh etdi: “Bu şəxsin adı Rusiya tarixində olmamalıdır”. Bu gün həmin şəxs Rusiya Elmlər Akademiyası Rusiya Tarixi İnstitutunun direktoru, Dövlət Humanitar Universitetinin dekanı, Rusiya tarixçiləri milli komitəsinin sədri, Rusiya tarix cəmiyyətinin həmsədridir, yəni kiminsə akademik elmə yol açması və kimisinə bağlaması üçün real imkanları var. Bu yolu da mənim üzümə bağladı. Buna görə də Rusiya xaricində elmi karyera qurmalı, Almaniya, İsveç, Türkiyə, Çexiya, Azərbaycan və Özbəkistanda monoqrafiya və elmi məqalələr dərc etməliyəm.
“XX əsrdə transmilli erməni terrorizminin tarixi” monoqrafiyam da oxşar aqibətlə üzləşdi. Əvvəlcə Rusiyada nəşr etmək üçün rus dilində yazdım, ancaq birinci dəfə - 2015-ci ildə Bakıda, bir il sonra Berlində ingilis dilində, yalnız bundan sonra Moskvada rus dilində nəşr olundu. Çox vaxt elmi nəşrlərim Avropadan yol tapmaqla rus oxucularına çatır və bunun üçün günahkar Rusiyanın hökuməti və ya xüsusi xidmət orqanları yox, erməni lobbisidir.
2015-ci ilin yanvar ayında Rusiya erməni terrorizminə dair yazdığın monoqrafiyanı nəşriyyata təqdim etdim. Kitabın mətbəəyə təhvil verməsindən bir gün əvvəl polis xüsusi təyinatlıları nəşriyyatın direktorunun yanına gəldi və kitabı ələ keçirdi. Kitabda Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın bu ölkənin Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olduğu illərdə onun əmri ilə Ermənistan xüsusi xidmət orqanlarının Rusiya ərazisində 4 terror aktı həyata keçirdiyini yazdım. Bu terror aktlarından üçü Dağıstanda, biri də Çeçenistanda baş verdi. Rusiyadan Azərbaycana gedən qatarları partlatdılar. Kreml bunu çox yaxşı bilir və bilirdi ki, bunu etməyi əmr edən onun özü idi. Lakin atdığı addımının əxlaqı barədə düşünmədən, “peyklərini” yanında möhkəm tutmaq üçün yenə də onu dəstəklədilər. Bu məlumatların yayılmasının Rusiyanın siyasi hakimiyyəti üçün son dərəcə əlverişsiz olduğu aydındır. Bu səbəbdən kitabın Rusiyada nəşr olunmasına qadağa qoyuldu və “ekstremizm” səbəbiylə məni cinayət məsuliyyətinə cəlb etmək qərarı verildi. Həbs və mühakimə olunmamaq üçün 6 ay müddətində Azərbaycana getməyə məcbur oldum. Monoqrafiyam Azərbaycan və Almaniyada nəşr olunduqda və mətni internetdə yayımlandıqda, artıq Rusiyada nəşrini qadağan etməyin mənası qalmadı.
Rusiyadakı erməni terrorizminin tarixinə dair monoqrafiyamın nəşri rusdilli erməni mətbuatında əsl isteriyaya səbəb oldu, veb saytımın elektron poçtuna və Feysbuk hesabıma minlərlə lənət və təhdid göndərildi. Ancaq bütün bunlara mənəvi cəhətdən hazır idim, çünki bu məsələdə sona qədər getməyə qərar vermişdim. 2018-2019-cu illərdə İrəvanın siyasi sifarişini yerinə yetirən erməni əsilli iki Rusiya vətəndaşı Ruben Kirakosyan və Robert Nersesyan yenidən “etnik nifrət və ekstremizmi qızışdırmaq” ittihamı ilə mənə qarşı cinayət işi açmaq qərarına gəldilər. Rusiya İstintaq Komitəsi tərəfindən başladılan istintaqı təxminən bir il davam etdi və heç nə ortaya çıxmadı. Erməni diasporu bu dəfə buna Daxili İşlər Nazirliyi vasitəsi ilə nail olmaq qərarına gəldi. Rusiyanın Tula bölgəsindəki erməni icmasının liderlərindən biri Manuk Avetisyan 2019-cu ildə polisin məni tutmasını istədi, amma buna da nail olmadılar.
Son 7 ildə Rusiyadakı erməni diasporu mənə qarşı 6 dəfə, inzibati qaydada 8 dəfə cinayət işi açmağa cəhd edib. Bəzən gülünc vəziyyət yaranır. Məsələn, keçən il Krımın erməni icması İkinci Dünya Müharibəsi vaxtı sovet dövlət təhlükəsizlik orqanlarının dərc olunmuş sənədləri əsasında bir məqalə yazdığım üçün mənə cəza verilməsini tələb etdi. Tuapse yaxınlığında gedən döyüşlərdə qırmızı ordunun erməni bölməsinin döyüş meydanından qaçışını göstərdiyim üçün... Krım ermənilərinin ictimai təşkilatı bunun heç vaxt olmdığını, hər şeyi məndən yaxşı bildiklərini iddia etdi və dedilər ki, mən erməni xalqına böhtan atıram.
Son illərdə dəfələrlə ermənilərin belə gülünc əsaslarla hücumları ilə qarşılaşmışam. Amma ədalət naminə deyilməlidir ki, Ermənistanın 2020-ci ilin payızında Azərbaycanla müharibədə məğlubiyyətindən sonra mənə qarşı hər cür aqressiv hücumlar nəinki rəsmi səviyyədə, hətta internetdə də dayandı. Görünən budur ki, indi ermənilər açıq-aşkar mənimlə maraqlanmırlar.