Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyələşdirilməsi ilə bağlı protokolu təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, sənəd 2020-ci ilin fevral ayının 28-də İstanbulda imzalanıb və fondun büdcəsinin formalaşdırılmasını nəzərdə tutur.
Protokola əsasən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun büdcəsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olan ölkələrin ödənişləri əsasında formalaşdırılacaq.
Xatırladaq ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türk Şurasına üzv olan ölkələrin dövlət başçılarını 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən 9-cu zirvə toplantısında qəbul edilən qərar əsasında yaradılıb. Təşkilatın mənzil-qərargahı Bakı şəhərində yerləşir.