28 Mart 2021 18:45
1 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Qarabağ müharibəsində Azərbaycanın qalibiyyətinə onun dostları sevindiyi kimi, rəqibləri də narahatlıqla dərindən köks ötürdü. Artıq müharibənin başa çatmasından 4 aydan çox keçir. Bu müddət ərzində Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi üçün atdığı qətiyyətli addımları həzm etməyənlərin “zəhəri” tədricən üzə çıxır.

Əslində belə "zəhəri" ilk publik nümayiş etdirən Avropanın mədəniyyət beşiyi sayılan Fransa oldu, daha doğrusu, Fransada erməni lobbisinin təsiri altında olan siyasətçilər, Prezident Emmanuel Makron. Onlar hər vəclə müharibəni dayandırmaq, Azərbaycan Ordusunun irəliləməsinin qarşısını almaq və əbədi müttəfiqləri olan erməniləri düşdükləri çətin durumdan çıxarmaq üçün əllərindən gələni etdilər, amma nail ola bilmədilər.

Budur, müharibənin başa çatmasından aylar sonra Almaniya Federativ Respublikasının İctimai Televiziyası, eləcə də digər media orqanları Azərbaycana qarşı təbliğata başlamaqla sanki müharibə dövründə “susğunluqlarının" əvəzini çıxmağa çalışır. Yoxsa Fransa və ABŞ-da olduğu kimi erməni lobbisi alman siyasətçiləri və jurnalistlərini də öz təsir dairəsinə ala bilib? Normalda bunun real ola biləcəyinə inanmaq müşkül haldır. Amma diqqət edək... Azərbaycan ərazi bütövlüyünü pozan, ərazilərini işğal edən Ermənistanın növbəti hərbi həmləsinə qarşılıq verərək əks-hücum kampaniyasına başladı. Beləcə Cənubi Qafqazda müharibəyə start verildi. Rəsmi Berlin müharibənin gedişatı zamanı haqlı tərəfin yanında yer almağı özünə yaraşdırmadı. Bunun səbəb və motivi indi də bəlli deyil. Amma Almaniyada başlanan anti-Azərbaycan kampaniyası həqiqətlərin gün işığına çıxarılması üçün güzgü rolunu oynadı. Erməni faşist ordusu Azərbaycanla ayaqlaşmayacağını gördükdə Gəncə, Tərtər, Bərdə və digər şəhərlərimizi atəşə tutmuş, yüzlərlə günahsız insanımızı öldürmüşdü. Həm müharibə dövründə, həm də 10 noyabr anlaşmasından sonra Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, səfirlər bu şəhərlərə səfər edərək erməni faşizminin törətdiyi anti-bəşəri və anti-insani cinayət aktlarına şahid olmuşdular. Ancaq bu tədbirlərin heç birində Almaniyanın Bakıdakı diplomatları iştirak etmədilər. Əvəzində almanlar Marqarita Simonyanın anti-Azərbaycan kampaniyası ruporuna çevirdiyi “Sputnik”i oxumağa və təkrarlamağa üstünlük verdilər.

Bu gün bir sıra inkişaf etmiş ölkələr kimi Almaniyanın da kifayət qədər problemləri var. Ölkədə nasizm inkişaf edir, faktiki Hitlerizmi qeyri-rəsmi dəstəkləyən siyasilər artıq Bundestaqa daxil olub. Bu, özü sosial və liberal prinsiplərlə çıxış edən dövlət üçün ciddi problem və təhlükədir. Digər tərəfdən ölkədə COVID-19 pandemiyası tüğyan edir. Faktiki nə mərkəzi, nə də federal hökumətlər pandemiyanın qarşısını almaq üçün mühüm nəticə əldə edə bilməyiblər. Son günlər Almaniyada pandemiyaya yoluxanların sayı gündəlik 20 minə yaxınlaşıb. Alman iqtisadiyyatında da problemlər tədricən özünü göstərməyə başlayıb. Ölkə ABŞ və Rusiya arasında qalıb. Bir yanda ABŞ-ın siyasi mövqeyi, digər tərəfdə isə rus qazına olan ehtiyacları...

Belə bir məqamda Cənubi Qafqaz iqtisadiyyatının təqribən 70 faizinə sahib, regionda ən güclü enerji-iqtisadi platformasına, habelə şimal-cənub nəqliyyat qovşağına nəzarət edən Azərbaycana qarşı bu cür kampaniyaya başlamaqla Almaniyanın hansı nəticələr əldə edəcəyi haqda versiyalar səsləndirmək gülünc olardı. Sanki anti-Azərbaycan təbliğatına başlayanlar Azərbaycanın payız həmləsi ilə regionda hərbi vəziyyəti öz xeyrinə dəyişməsindən sonra düşünürlər ki, bu reallıq Almaniyanın Cənubi Qafqazdakı təsirlərini yuya bilər. Ancaq bu cür düşünmək üçün əsasları yoxdur. Azərbaycan hətta 30 il ərzində işğala məruz qalan ərazilərində faşizmdən də pis vəziyyət yaradan, şəhərlərini xarabalığa çevirən Ermənistanla belə əməkdaşlığı mümkün sayır. Bir şərtlə ki, Azərbaycanın hüquqlarına və dövlətçilik anlayışına hörmətlə yanaşsınlar. Bu, elə Almaniyaya da aiddir.


Müəllif: Cavad

Oxşar xəbərlər