Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbə hələ də Qərbdəki bəzi dairələrin yuxusunu ərşə çəkməyə davam edir.
Teleqraf.com bildirir ki, müharibə günlərində canfəşanlıqla erməniləri dəstəkləyən bu dairələr öz məqsədlərinə çata bilməməyin yaratdığı diskomfortdan qurtula bilmirlər. Onlar müharibə nəticəsində yaranmış yeni geosiyasi reallığı heç bir vəchlə qəbul edə bilmirlər.
Bəs onlar kimlərdir?
Bu, ənənəvi anti-Azərbaycan və anti-Türkiyə cəbhəsidir. Sıraya Qərb dünyasında dözümsüzlüyün, islamafob dairələrin az qala mərkəzi halına gələn Fransa başçılıq edir. Bu ölkədə hökm sürən ifrat islam və türk düşmənçiliyi artıq bütün hədləri aşmaqdadır. Onu Belçika, Niderland, Yunanıstan, Avstriya, Kanada kimi ölkələr təqib edir. Təsadüfi deyil ki, bu ölkələrin bir çoxu müharibənin başa çatmasından dərhal sonra öz ölkələrinin parlamentlərində Ermənistanla Azərbaycan arasında artıq keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsi barədə qətnamələr qəbul etdilər.
Deutschland, was ist passiert?
“Deutschland, was ist passiert?” (“Almaniya, nə olub?”) – İkinci Dünya müharibəsi zamanı işğal olunmaq ərəfəsində olan ölkələrin xalqlarının ən çox işlətdikləri sözlərdən biri də bu idi. Qəribədir ki, həmin müharibənin başa çatmasından 76 il keçməsinə baxmayaraq, sual bu gün də öz aktuallığını qoruyub saxlayır.
Azərbaycanın apardığı Vətən müharibəsi günlərində qismən, müharibədən sonra yaranmış yeni geosiyasi reallığa münasibətdə isə əsasən susqunluq nümayiş etdirən Almaniya bu dəfə yeni ampluada çıxış etmək qərarına gəlib. Görünür, İkinci Dünya müharibəsindən sonra bütün beynəlxalq kürsülərdə söz və səs haqqı alınan, çıxdaş edilməsi bu günədək davam edən Almaniya beynəlxalq münasibətlərdə oynadığı yerlə bağlı əvvəllər mövcud olmuş boşluğu bu yolla doldurmaq məqsədi güdür.
Bu günlərdə Almaniyanın İctimai Televiziyasının efirində Markus Lants öz aləmində Azərbaycan üzərinə “hücuma keçib”. Biz əvvəllər də belə “hücumlar” görmüşük. Hətta, bundan qat-qat sistemli və ardıcılına da şahidlik etmişik. Ancaq bu hücumlar Azərbaycanı öz yolundan nəinki döndərə bilməyib, əksinə onu daha da güclü edib. Ona görə əminliklə demək olar ki, alman jurnalist də bu qınaqları ilə heç nəyə nail ola bilməyəcək.
Xoruzun quyruğu görünür
Azərbaycana qarşı aparılan hər cür çirkin qarayaxma kampaniyasının arxasından erməni barmağının çıxdığı fikri ilə artıq heç kimi təəccübləndirmək mümkün deyil. Budəfəki “hücum” da istisnalıq təşkil etmir, ancaq bu dəfə bir qədər mürəkkəb kombinasiya qurulub. Belə ki, yola salmaq üzrə olduğumuz mart ayının əvvəlində Avropa Xarici Əlaqələr Xidməti Rusiya dövlət kütləvi informasiya vasitələri yolu ilə Almaniyaya qarşı məqsədli dezinformasiya kampaniyasının aparıldığı barədə bir hesabat açıqlamışdı. Bir neçə il əvvəl isə Konstitusiyanın Müdafiəsi federal qurumu (Almaniya Federativ Respublikasının əks-kəşfiyyatı) öz hesabatında Rusiyanı dövlətə məxsus media – “Russian Today Deutsch” və “Sputnik Deutschland” vasitəsilə alman ictimai rəyinə üstüörtülü şəkildə təsir göstərməyə çalışmaqda ittiham etmişdi. Məlum olduğu kimi bu media qurumlarına anti-Azərbaycan və anti-türk təbliğatının önəmli fiquru Marqarita Simonyan rəhbərlik edir. Beləliklə, artıq özünün birbaşa nəzarət etdiyi media qurumlarından əlavə M.Simonyan Almaniyadakı təsir agentləri vasitəsilə anti-Azərbaycan məzmunlu verilişlər hazırlanmasına nail olur.
M.Simonyanın bu əməlləri təkcə Azərbaycana qarşı yönəlməyib. Həm də son vaxtlar yüksələn xətt üzrə inkişaf edən Rusiya-Türkiyə münasibətlərinə arxadan vurulan zərbədir. Ona görə də Rusiya və Türkiyədə əməkdaşlıqdan yana olan qüvvələrin bu yalan tuluğu, şər boxçasına qarşı birgə mübarizəsində fayda vardır.