1 Aprel 2021 17:43
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-rəsmi Zirvə Görüşündə mühüm məsələlər müzakirə olunub. Cənab Prezident Zirvə toplantısında Qarabağ mövzusunda geniş məzmunlu çıxış edib. Bu, dövlət rəhbərinin bütün platformalarda Azərbaycanın milli maraqlarını prinsipiallıqla ifadə və müdafiəsinin növbəti göstəricisidir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, ümumiyyətlə, bu qlobal platformada aparılan vacib məsələlərin müzakirəsi üzv ölkələr arasında əlaqələrin daha da sıxlaşmasına xidmət edəcək: “Eyni zamanda bu platforma əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə kimi qiymətləndirilir. Məlumdur ki, Azərbaycanın quruma sədrliyi pandemiya dövrünə təsadüf etdi. Lakin bununla belə, rəsmi Bakının sədrliyi dövründə təşkilatın fəaliyyətində ciddi aktivlik müşahidə olundu”.

Millət vəkili xatırladıb ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə Naxçıvan sazişinin imzalanması ilə yaradılıb və qurum beynəlxalq proseslərdə aktiv iştirakı ilə seçilir: “2019-cu il oktyabrın 15-də Bakıda keçirilən VII Zirvə Görüşündə təşkilata sədrlik Azərbaycana keçib. Bundan sonra Şura COVID-19 da daxil olmaqla bir sıra qlobal problemlərin həllində təşəbbüskar mövqedən çıxış edib. Bu isə əsl həmrəylik və qobal əməkdaşlıq nümunəsi idi. Təşkilatın fəaliyyətinə yeni reallıqlar fonunda baxmaq daha maraqlıdır. Çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Şuraya üzv ölkələr üçün də yeni perspektivlər açılıb. Bu gün Cənubi Qafqazda nəqliyyat-kommunikasiya sferası əsas əməkdaşlıq hədəfləri sırasındadır”.

Könül Nurullayeva söyləyib ki, Zəngəzurdan keçəcək Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək dəhliz regionun nəqliyyat sektoru üçün böyük imkanlar yaradacaq: “Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvandakı Zirvə Görüşündə qəbul edilməsinin türk dünyası üçün rəmzi əhəmiyyəti böyükdür. Bu rəmzilik bu gün daha ciddi əsaslarla əməkdaşlığa töhfə verir. Üzv dövlətlər arasında əlaqələrin gücləndirilməsinə yönəlmiş səylər Zirvə Görüşünün yekun bəyannaməsində də əksini tapıb. Türk Şurası Azərbaycan ərazilərinin işğaldan azad edilməsini təqdir edib. Bu amil münaqişənin təsirinə məruz qalmış ərazilərin bərpası, yenidən qurulması və reinteqrasiyası istiqamətindəki Azərbaycanla həmrəyliyin ifadəsidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər