Müharibə cinayətkarı, korrupsioner və qatil kimi tanınan Ermənistanın sabiq prezident Robert Köçəryanın seçki kampaniyasını Moskvaya səfər etməklə və bu ölkənin “Birinci kanalı”na müsahibəsi ilə başlaması anlaşılandır. Çünki bu adam erməni xalqının ona səs verməyəcəyini gözəl bilir. Odur ki, dəstəyi Rusiyanın hansısa dairələrində axtarır.
Bu fikirləri Teleqraf.com-a hüquq elmləri doktoru, professor Rüstəm Məmmədov deyib.
Alim deyib ki, Ermənistan siyasətində Robert Köçəryan artıq ölü fiqurdur və dirilməsi də mümkünsüzdür: “Görünən budur ki, Rusiya dairələrində onun havadarları çoxdur, bu səbəbdən də seçki kampaniyasını Ermənistanın hansısa ucqar kəndindən deyil, Moskvadan başlayır. Ancaq həqiqət budur ki, Ermənistanda Nikol Paşinyanın devrilməsi, Köçəryanın onun yerini tutması mümkünsüzdür”.
Professor əlavə edib ki, Rusiyada müəyyən dairələrin və rəsmi medianın 10 noyabr və 11 yanvar razılaşmasının ruhuna zidd olaraq Köçəryanı qanadları altına alması yanlış addımdır: “Köçəryan Rusiyanın adamıdır, amma Ermənistan əhalisi onu qəbul etmir. Reallıq budur. Erməni xalqı üçün Köçəryan həm hərbi canidir, həm də oğrudur. Ermənistan büdcəsini dağıdanlardan biridir. Odur ki, erməni seçicisi onu qəbul etmir, rədd edir”.
Robert Köçəryanın Rusiyanın “Birinci kanalı”na müsahibəsi zamanı özünü müharibə tərəfdarı kimi təqdim etməməsi, reallıqların revanşizmə imkan verməməsini deməsini və özünü “siyasi dialoqun” tərəfdarı kimi təqdim etməsini oyun adlandıran Rüstəm Məmmədov qeyd edib ki, Köçəryanın fikirlərində səmimiyyət yoxdur: “Bu adam yalan danışır. Xalis daşnakdır, revanşizm haqqında düşünür. Əslində belə addımları ilə mesaj verir ki, Rusiya və Azərbaycan ona maneə yaratmasın. Reallıqda isə o, qatı millətçi və faşist təfəkküründə olan adamdır. Ermənistanda revanşistlərin başında duran səhnə arxası əsas oyunçu Köçəryandır. Əsas məqsədi Qarabağ kartını diriltməkdir. Sadəcə başqa model seçib. Amma alınmayacaq”.
Professor vurğulayıb ki, seçkilərdə son sözü erməni xalqı deməlidir: “Xalq isə Köçəryanı oğru və bandit kimi tanıyır”.