Semyon Peqovun qəfildən Donbas separatçılarının yanında peyda olması, bu barədə özünün Teleqram kanalında məlumat verməsi heç bir halda təsadüfi deyil. Adətən istənilən bir əməliyyat hazırlamazdan qabaq əvvəlcə ora təhlükəsizlik orqanlarında çalışan gizli və ya açıq agentlərini ora göndərirlər. Peqovun Donbasda peyda olmasına bu konteksdən baxmaq lazımdır.
Bu sözləri VarGonzonun Donbasda peyda olmasını Teleqraf.com-a şərh edən politoloq Cümşüd Nuriyev deyib.
O xatırladıb ki, bundan öncə Peqov 44 günlük müharibə zamanı Qarabağda ortaya çıxmış və hətta ermənilərin yüksək əhval-ruhiyyə altında vuruşduğunu bəyan etmişdi: “İndi onun Donbasda ortaya çıxması qəribə və təhlükəli haldır. Bu adam həm informasiya ötürür, eyni zamanda lazım olan çəkilişləri də aparır. Həm də üzdə saxlanılır ki, guya dəqiq informasiyalara malikdir. Onun sanki cəmiyyətdə obrazını yaradırlar. Ancaq aydındır ki, bu adam özbaşına biri deyil”.
Politoloq əlavə edib ki, hazırda Rusiyanın Ukrayna ilə münasibətləri gərgindir: “Peqov da ona görə Donbasda peyda olub ki, müxtəlif məlumatları ötürsün, başqa işlər görsün. Qarşıdurma var, lakin müharibəyə keçid fazası yoxdur. Amma müharibə ola bilər”.