14 Aprel 2021 15:38
1 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəngəzur məsələsinin gündəmdə olması ərazi iddiası, aqressivlik deyil, siyasi təzyiq vasitəsidir”.

Teleqraf.com xəbər verir ki, bunu ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, biz qonşularımızla sülh şəraitində yaşamaq istəyirik, iqtisadi və insani münasibətlərin yaranmasında, kommunikasiya xətlərinin açılmasında, logistik əlaqələrinin bərpasında maraqlıyıq:

“Biz Ermənistanla dinc qonşuluq etməyə hazırıq, amma rəsmi İrəvən buna hazırdımı? Sabah status məsələsini təkcə İrəvən yox, Moskva, Paris, Vaşinqton qaldırsa nə olacaq?

Minsk qrupu yerindəcə qalıb, heç yerə itməyib, Moskvanın regionda tək söz sahibi olmaq istəyinin qarşısını həm də Minsk qrupu formatı ala bilər. Biz işimizi doğru qursaq, Moskva və Qərb arasında olan münaqişə və fikir ayrılığından gözəl istifadə edə bilərik. Rusiyanın bu məsələdə tək söz sahibi olması yalnız bizi yox, elə Qərbi də narahat edir. Sabah Rusiya qoşununu ərazimizdən çıxarılması məsələsində məhz Paris və Vaşinqton bizə kömək ola bilər.

Amma Minsk qrupunun təhlükəli tərəfləri də var, bu, status məsələsidir. Hesab edirəm ki, bu məsələ masaya gətiriləcək, müəyyən təzyiqlər olacaq, bu təzyiqlərin amortizasiyası üçün iki vacib yol var: daxildə çoxsəsli parlament və paralel olaraq, qaçqınların Zəngəzura qayıtması. Buna zəmanət verən başqa yol görmürəm”.

Natiq Cəfərli bildirib ki, biz hər dəfə doğru siyasi ritorika ilə ”Zəngəzur” deyəndə Ermənistanın status məsələsi ilə bağlı israrından imtina etməsi şansı artır:

“Dediyim kimi, biz Ermənistana ərazi iddiası etmirik, amma Qərbi Azərbaycandan olan türklərin öz ata-baba yurduna qayıtması üçün mütləq son sülh müqaviləsində hüquqi baza yaradılmalıdır. Əgər əvəzində Ermənistan Bakı, Sumqayıt, Gəncəyə erməni əsilli azərbaycanlıların qaytarılması məsələsini qaldırsa, buna da razılıq verməliyik. Çünki demokrafik üstünlük bizdədir, yaxın 25-30 ildə regionda demoqrafik üstünlük tam bizdə olacaq. İqtisadi, insanı münasibətlərin bərpasından da sonda udan biz olacağıq. Daha soyuqqanlı olmağı və strateji düşünməyi öyrənməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər