16 Aprel 2021 12:05
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda seçki qabağı vəziyyət günü-gündən gərginləşməkdədir. Paşinyanla Köçəryan və Petrosyan arasındakı didişmələr, bir-birini ləkələmək üçün verdikləri açıqlamalar Ermənistan gündəmində ümidsizlik və inamsızlıq yaradır. Paşinyan hakimiyyətə gələndə etdiyi populist çıxışları ilə ermənilərə qızıl dağları vəd etdiyi halda heç birinə əməl edə bilmədi. Əksinə, kapitulyasiya sənədinə imza atmaqla acı məğlubiyyətə düçar olduğunu etiraf etdi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Paşinyan erməni ictimaiyyəti arasında itirdiyini hörmətini yenidən qazanmaq üçün məğlubiyyətin günahını əvəlki hakimiyyətdə olanların üzərinə atır:

“O cümlədən 2018-ci ildə hakimiyyətə gələndə Petrosyanın ona işğal etdikləri torpaqları Azərbaycana qaytarmasını dediyini ictimaiyyətə çatdırmaqla onu da nüfuzdan salmağa çalışır. Eks prezidentlər isə Paşinyanı vətənə xəyanətdə günahlandırırlar. Köçəryanın bütün cəhdlərinə baxmayaraq erməni ictimaiyyətində ona qarşı qərəz və nifrət formalaşıb. Ona görə də seçkidə Köçəryanın qalib gəlmək şansı çox aşağıdır. O cümlədən Petrosyanın da seçkidə hər hansı bir uğur əldə edəcəyinə inam yoxdur. Erməni ictimaiyyəti çaşqınlıq içindədir. Ölkənin iqtisadiyyatı məhv olub. Ermənilərin seçkidə iştirak edəcək namizədlərin gələcəkdə hər hansı bir uğura imza atacaqları ilə bağlı bütün gözləntiləri ölüb”.

Azər Badamov hesab edir ki, iyun ayında keçirələcək seçkilərdə ermənilər çarəsizlikdən yenidən Paşinyanı dəstəkləyəcək:

“Çünki Paşinyan özünə arxayın olandan sonra növbədənkənar seçki qərarını verdi. Bütün bunlara baxmayaraq Ermənistan çalxalanır və ümidsizlik içindədir. Seçkidən sonra isə ölkənin hansı təlütümlərlə üzləşəcəyi bəlli deyil”.


Müəllif: Tapdıq Qurbanlı