Prezident İlham Əliyevin hər bir görüşdə və tədbirdə iştirakı təkcə Azərbaycan üçün deyil, Cənubi Qafqaz və bütövlükdə dünya üçün çox mühüm və önəmli fikirləribn səsləndirilməsi ilə yadda qalır. ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirak edən ölkə başçısının çıxışı, suallara verdiyi cavabların hər biri özü-özlüyündə ayrıca bir konfransın mövzusudur.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
Onun fikrincə, İrəvanın işğalçılıq siyasətinə son qoyması və bu istiqamətdə görülən işlər, əsas hədəflər, prioritetlər nəzərdən keçirilməlidir:
“İrəvanın hərbi cinayətini və işğalçılıq siyasətini bütün dünya ictimaiyyətinə çatdırmaq üçün davamlı təbliğat tədbirləri həyata keçirilir. Həmçinin, siyasi sabitlik, vətəndaş birliyi təmin edilib. Xalqın dəstəyi ilə inamlı islahatlar aparılıb. Siyasi müstəvidə artıq vəziyyət sağlamlaşıb. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın maraqlarına uyğun önəmli qərarlar və qətnamələr qəbul edilib. Qələbinin təminatı və rəsmiləşdirilməsi üçün siyasi və hüquqi baza yaradılıb. Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü Ordu yaratmağa nail olub. 17 il ərzində əsas büdcə xərclərini hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmlənib. Azərbaycan 44 günlük Vətən müharibəsi apararaq Qələbə qazanıb və Ermənistanı kapitulyasiya aktına qol çəkməyə məcbur edib. Vətən müharibəsi təkcə Ermənistanın işğalçılıq siyasətinə qoymayıb. Ermənistan siyasətinin əsl mahiyyəti üzə çıxarıldı. Ərazilər azad edildikdən sonra görünən mənzərə onu deməyə əsas verir ki, rəsmi İrəvan bütün vasitələrlə münaqişənin həllinə mane olub. Nəhəng istehkamlar, müdafiə xətləri, milyonlarla dollarlıq vəsait cəlb etməklə bu ərazilərin həmişəlik işğalda qalmasına çalışılıb. Ermənistan I Qarabağ müharibəsində hərbi cinayətlər törədib, dinc əhalini, o cümlədən, yaşlı insanları, qadınları, uşaqları xüsusi amansızlıq qətlə yetirib, insanlığa yaraşmayan işgəncələr edilib. Lakin o vaxt informasiya mühiti fərqli idi. Vəhşiliklərlə və barbarlıqla bağlı çoxlu faktlar sənədləşdirilməyib və sənədləşdirilsə belə, bu, beynəlxalq ictimaiyyətə çatmayıb. Beləliklə, onlar o zaman bir çox müharibə cinayətlərini gizlədə biliblər. II Qarabağ müharibəsi zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi olub. Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın aydın göstəricisidir. Çünki həmin ballistik raketin hədəfi var idi. Yaşayış komplekslərinin vurulması təsadüfi deyildi. Bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Bu, bir neçə dəfə təkrarlandı. Müharibə, hərbi əməliyyatlar gedən yerlərdən dəfələrlə uzaqda yerləşən yaşayış ərazilərimizi, şəhər və kəndlərimizi ballistik raketlərlə bombalayıblar, hər gün artilleriya atəşinə tutublar. Tərtər balaca şəhərdir, ora 16 min bomba atılıb. Hətta qəbiristanlıqda olan mərasimi də bombalayıblar. Bərdə, Naftalan ermənilər tərəfindən bombalanıb. Naftalanda beş nəfərlik ailə qətlə yetirilib. Bu cinayətlər erməni siyasətinin xislətindən xəbər verir”.
Hicran Hüseynova hesab edir ki, 30 il əraziləri dağıdan, vandallıq edən, qəbirləri şumlayan, ölülərin qızıl dişlərini çıxaran, məscidlərdə donuz saxlayan hansı sivilizasiyadan, mədəniyyətdən, insan hüquqlarından danışa bilər?:
“Bu gün bütün dünya onların “mədəniyyətini”, “insanlığını” görür. Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi aparırdı. Müharibə zamanı hərbi qulluqçularımız ləyaqətlə, mötədil davranıb və mülki vətəndaşlara zərər yetirməyib”.
Professor bildirib ki, ermənilərin törətdiyi bütün terror aktları haqqında dünya ictimaiyyəti xəbərdar olmalıdır:
“Onların riyakar, vəhşı olduğunu bütün dünya bilməlidir. Münaqişənin tarixi təhrif olunmadan gənc nəsl, beynəlxalq aləmə çatdırılmalıdır. Azərbaycan xalqının Qələbəsi dövlətimizin iqtisadi, siyasi gücünün, eləcə də beynəlxalq mövqelərinin artmasının məntiqi nəticəsidir. Bu Qələbə işğalçılıq siyasətinə son qoymaqla yanaşı, dövlətimizin, regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradacaq. Qazanılan bu hərbi-siyasi uğur bölgədə yeni vəziyyət yaradıb. Strateji tərəfdaşlıq və əməkdaşlıq inkişafın əsas prioritetidir. Azərbaycan bütün məsələlərdə konstruktiv mövqe sərgiləyib və beynəlxalq hüququn tərəfdarı olub. Ölkəmizdə insanlar arasında sülhün, mehribançılığın, tolerantlığın hökm sürməsi bütün dünya üçün bir nümunədir. Azərbaycan burada yaşayan bütün xalqların doğma Vətənidir və İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi. Azərbaycan çoxmillətli ölkədir. Vətən müharibəsi zamanı bütün etnik qruplardan olan insanlar son damla qanlarınadək vuruşdular. Azərbaycan hər zaman ədalətin tərəfdarı olub. Münaqişədən əziyyət çəkən tərəf kimi danışıqların simulyasiyasına etiraz edib”.