20 Aprel 2021 18:30
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər 24 aprel ərəfəsində saxta soyqırımı ilə bağlı böyük dövlətlərin açıq mövqe göstərməsi üçün çox ciddi canfəşanlıq edirlər. Təbii ki, bu mənada ABŞ prioritet təşkil edir. Amma bu günə kimi ABŞ-ın heç bir prezidenti 24 aprel tarixində ermənilərin uydurma soyqırımına onların gözləntilərinə uyğun reaksiya verməyib.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Onun fikrincə, bu günə qədər heç bir ABŞ prezidenti erməni “soyqırımı” ifadəsini işlətməyib:

“Müxtəlif ifadələrlə həmin günlə bağlı münasibət bildirilib. Barak Obama da Demokratların təmsilçisi idi. O da soyqırımı ifadəsini işlətmədi. Yəni soyqırımı ifadəsi özündə hüquqi məsuliyyət yaradır. Bir ölkəyə qarşı soyqırımı ilə bağlı ittihamlar mövcuddursa və bunu dünya qəbul edirsə, tanıyırsa, o zaman bu soyqırımı törətmiş olan dövlətin üzərinə konkret öhdəliklər qoyulur. Ermənistanın da istəyi əsasən bundan ibarətdir”.

Millət vəkilinə görə, bu “soyqırımı” məsələsi ermənilərin uydurduğu saxta bir tarixdir:

“Bunun heç bir əsası yoxdur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ baş nazir olarkən bildirmişdi ki, ortaq bir komissiya yaradılsın və tarixi həqiqətlər üzə çıxsın. Amma Ermənistan tərəfi buna getmədi. Çünki həqiqətin nədən ibarət olduğunu çox yaxşı bilirlər. Bu gün Ermənistana və dünya erməniçiliyinə xeyir edən məsələ ondan ibarətdir ki, ümumiyyətlə həqiqətlər araşdırılmasın. Sadəcə olaraq bu saxta soyqırımı oyununda hamı iştirak etsin. Bu baxımdan da əsasən ermənilərin gözləri ABŞ-a tikilib. Onların ABŞ prezidenti Co Baydendən ümidləri var”.

Elşad Mirbəşiroğlu xatırladıb ki, indiki ABŞ prezidenti C.Bayden ədalətsiz 907-ci düzəlişin Azərbaycana qarşı tətbiq olunmasının əsas müəlliflərindəndir:

“Amma ABŞ-da prezidentin iradəsi əsas deyil. Burada dövlət maraqları məsələsi mövcuddur. C. Bayden bu mənada sağlam məntiqə söykənəcək. Ona qədər heç bir ABŞ prezidenti saxta soyqırımı tanımayıb. C.Bayden də bu saxta soyqırımı tanımamaqla bir daha nümayiş etdirəcək ki, ABŞ öz maraqlarının təmin olunması üçün sağlam məntiqə söykənir. ABŞ-ın indiki prezidenti sələfləri kimi müəyyən bir ifadələr işlədə bilər. Saxta soyqırımı ilə bağlı ola bilsin “böyük faciə” ifadəsini işlətsin. Amma düşünülmür ki, bu saxta soyqırımı ifadəsi C.Baydenin dilindən eşidilsin. Ermənilər bu istiqamətdə növbəti dəfə yanılırlar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər