23 Aprel 2021 11:49
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında məsələ müzakirəyə çıxarılıb.

Teleqraf.com-un xəbərinə görə, məlumatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edir.

Məruzədə 2020-ci ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 cinayət işi üzrə 155 insan alveri faktı, 2 cinayət işi üzrə 5 məcburi əmək və 40 insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə dair cinayət faktlarının müəyyən edildiyi qeyd edilib.

Ümumilikdə, insan alveri üzrə cinayətlərin açılması 98 faiz, məcburi əmək cinayətlərinin açılması isə 100 faiz təşkil edib. İnsan alveri cinayətləri törətdiklərinə görə 17-si qadın, 3-ü kişi olmaqla 20 şəxs məhkəmə məsuliyyətinə cəlb edilib.

Məhkəmələr tərəfindən ittiham hökmü çıxarılan 15 nəfərdən 12-si azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, 2 nəfər şərti məhkum edilib, 1 nəfərin cəzası isə usağı 14 yaşına çatanadək təxirə salınıb.

Ümumilikdə, 2020-ci ildə müəyyən olunmuş 94 insan alveri qurbanından 91-nə müvafiq köməkliklər göstərilib, maddi yardımlar edilib.

Qurbanların uşaqları da diqqət mərkəzində saxlanılıb.

İllik məlumat dinlənildikdən sonra onun ətrafında müzakirələr aparılacaq.


Müəllif: Nemət