29 Aprel 2021 09:23
27 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com professor, siyasi analitik Əli Abbasovla müsahibəni təqdim edir:

- Əli müəlim, Rusiya Ukrayna ilə sərhəddən ordusunu geri çəkdi, ABŞ bu addımı məmnuniyyətlə qarşıladığını elan etdi. Demək olarmı Ukrayna və Rusiya müharibənin bir addımlığından geri dönüb?

- Məncə, bunu qəti formada demək tezdir. Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüş təklifini edib. Putin də deyib ki, onu Moskvada qəbul edə bilər. Zelenski də üçüncü ölkədə görüşməyin mümkünlüyünü qeyd edib. Hər halda ehtimal budur ki, Zelenski-Putin görüşü baş tutmayacaq.

İkincisi, Zelenski “Normand” formatını dəyişdirməyə çalışır. Bu prosesə Kanada və ABŞ-ı cəlb etmək istəyi var. Zelenski-Putin görüşü olmayacaq. Digər tərəfdən, ABŞ-ın bu təşəbbüsə münasibəti məsələsi var. Problem buradadır. Məncə, bir qədər gözləməyə ehtiyac var.

- İndi tərəflər müharibə təhlükəsindən dönərək dialoq mərhələsinə keçid edir?

- Yox. Əvvəla, Rusiya sərhəddəki ordusunu əsasən qərb istiqamətində geri çəkib. Bunu da təlim formasında təqdim ediblər. Amma burada Krım məsələsi də var. Krımda cəmləşdirilən ordu, silah-sursat, texnika... Bunlar qalıb. Orada vəziyyət belədir ki, hər dəqiqə Krımdan şimala gedərək Ukrayna ərazilərinə çıxa bilərlər. Rusiyanın bu addımı atmaq imkanları var. Məncə, bu prosesdə ABŞ-ın mövqeyi sərt olsa da, sonradan bir qədər geriyə çəkilməsi müşahidə edildi. Bu da rusların gözündən yayınmadı. Gözləmək və posesləri izləmək lazımdır.

- Rusiya tərəfi bəyan edir ki, ABŞ və NATO müharibəyə hazırlaşır, Avropadakı qoşunlarının döyüş qabiliyyətini artırır, Yunanıstan sahillərinə ordu cəmləşdirir. Müdafiə naziri Sergey Şoyqu ABŞ və NATO-nu müharibəyə hazırlaşmaqda ittiham etdi. Bu nə dərəcədə realdır?

- Hesab edirəm ki, cənab Şoyqunun dediklərinin əsası yoxur. Bəli, NATO-nun şərqə doğru genişlənməsi prosesi gedir. Ancaq biz həm də onu görürük ki, Ukrayna və Gürcüstan məsələsi həllini tapmır və inanmıram ki, yaxın müddətdə həll ediləcək. Bu ölkələrdəki situasiyanı indiki vəziyyətdə saxlayırlar. Mən ehtimal edirəm ki, ruslar Rusiyanı Qərblə bağlayan ölkələrlə bağlı Vaşinqtondan xahiş və tələb edəcək ki, burada neytral dövlətlər cərəyanı olsun. Söhbət Moldova, Ukrayna və Belarusdan gedir. Yəni burada nə NATO-nun, nə də Rusiyanın ordusu olsun. Ola bilsin ki, belə bir razılşma əldə edilsin. Məncə, bu halda hansısa stabilləşmədən danışmaq mümkün olardı.

- Rusiya niyə NATO-nun Avropadakı ordusunun döyüş qabiliyyətinin artırmasından narahatlıq keçirir?

- Əslində ruslar bundan indi deyil, çoxdandan narahatdır. Çünki SSRİ dağılan ərəfədə Moskvaya söz veriblər ki, Rusiyanın NATO-nun üzvü olması mümkündür. Həm də söz verilib ki, SSRİ-nin süqutundan sonra müstəqillik əldə edəcək ölkələr heç vaxt NATO üzvülüyünə qəbul edilməyəcək. Amma NATO bundan sonra prosesi davam etdirib və verilən sözü tutmayıb. Ona görə də, rusların bu məsələyə dair narazılığı var və problemi deməkləri də havadan deyil. Bu səbəbdən də Avropa Birliyi üzvlərinin çoxu bu məsələdə ehtiyatlı davranırlar. Bəzi ölkələrin də Rusiya deyil, digər cinaha meyl etməsini başa düşürlər. Çünki Rusiyaya nə qədər yaxın olsan, o qədər təhlükə çox olur. Odur ki, mən düşünürəm Rusiya və Qərb arasında razılığa əsasən neytral ölkələr cərəyanı yaradıla bilər. Hər iki tərəf maraqlı ola bilər ki, onların arasında neytral dövlətlər olsun. Ancaq bu halda Gürcüstan məsələsi ortaya çıxır və onun probleminin həlli görünmür.

- Ermənistan hansı istiqamətdə gedəcək, İrəvanın qarşısında strateji seçim baxımından hansı mümkün variantları var?

- Ermənistanın vəziyyəti o qədər çətindir ki, seçkilərdən əvvəl heç nə deyə bilmərik. İndi artıq heç bir qüvvə yoxdur ki, sözdə Rusiyaya yaxın olmağın vacibliyini deməsin, buna qarşı çıxsın. Bütün qüvvələr Rusiya ilə bağlı strateji müttəfiq, dost, Ermənistanın bir nömrəli portnyoru kimi ifadələr işlədir. Belə baxanda başqa seçim də yoxdur. Ermənistanın vəziyyəti o qədər ağırdır ki, Rusiya kömək etməsə, Qarabağ yüz faiz gedir. İkincisi, Ermənistan iqtisadiyyatı dağılmalıdır. Əgər Qərbdən hansısa qarantiyalar olsa, mümkündür ki, fərqli gedişlər də baş versin.

- Siz konkret nəyi nəzərdə tutursunuz?

- Məsələn, belə yanaşma var ki, Vaşinqton və Ankara birlikdə oyun qurub Ermənistanı Rusiyanın əlindən almağa çalışırlar. Co Bayden aprelin 23-də Türkiyə Prezidenti Ərdoğana təsadüfən zəng açmayıb. Məlumata görə, Bayden öncədən “soyqrımı” ifadəsini işlədəcəyini türk həmkarına deyib. Ankaranın da buna reaksiyası sərt olmayıb. Ehtimal edirlər ki, ABŞ və Türkiyə birlikdə Ermənistanı Rusiyadan qoparmaq istəyir.

- Bu versiya nə dərəcədə ciddi sayıla bilər?

- Əgər bu baş versə, xüsusilə Amerika belə bir zəmanət verərsə, çox güman Ermənistan oynaya-oynaya Qərbə tərəf gedəcək. Amma bu, yüz faizlik qarantiya olmalıdır. Nəzərə alınmalıdır ki, bir günün içərisində Paşinyan hakimiyyətini devirə bilərlər.

- Son günlər Rusiyadan Ermənistana dəstək özünü göstərir, Araik Arutyunyan Moskvaya dəvət edilir, Gürcüstan Rusiyadan Ermənistana gedən silahla dolu yük avtomobilini saxlayır. Sizcə, nə baş verir?

- Mümkündür ki, ruslar da vəziyyətə baxıb Ermənistanda mövqelərini bərkidirlər. Amma bunların bir-birilə əlaqəsi olduğunu demək çətindir. Ona görə ki, bu silahları Rusiyadan Ermənistana müharibə dövründə də göndərirdilər. O ayrı məsələdir ki, bu silahların böyük qismi “metallom”dan ibarətdir. Yəni mənə lazım olmayan silahları sizə tərəfə atıram.

- Erməni xalqı nə düşünür, onlar gələcəyini Rusiyada görür, yoxsa Qərbdə?

- Onlar qorxu içində yaşayırlar, problemləri kifayət qədərdir. Ümumiyyətlə, xalq qaçıb gedir, ölkəni tərk edir. Hətta Xankəndi və digər yerlərdə də buna oxşar proseslər gedir. Açığı, mən bir zamanlar inanmırdım ki, hansısa post-sovet ölkəsi dağıla, əriyə və yoxa çıxa bilər. Ancaq indi Ermənistan belə bir problemlə üz-üzə qalıb. Xalqı olmayan dövlətin sözsüz ki, böyük perspektivi də ola bilməz.


Müəllif: Nemət

Oxşar xəbərlər