30 Aprel 2021 12:53
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Bahar xanım, Prezident ailə üzvləri ilə birlikdə növbəti dəfə Zəngilan və Cəbrayıl rayonlarına səfər etdi. Mühüm layihələrin açılışı oldu, bir neçəsinin isə əsası qoyuldu. İlham Əliyevin azad olunmuş ərazilərə son səfəri və verdiyi mesajlar bölgənin gələcəyi ilə bağlı hansı yeniliklərdən xəbər verir?

- Cənab Prezident 44 günlük Vətən müharibəsindən sonra uzun illər dünyaya, bütün xalqlara başqa cür təqdim olunmuş bir dövləti yeni görkəm və keyfiyyətdə tanıtdı. Dünya Azərbaycan haqqında getdikcə indi daha çox maraqlanır, öyrənir və eşidir. Çünki ölkəmiz beynəlxalq hüququn prinsiplərini, BMT-nin qəbul etdiyi sənədləri, beynəlxalq təşkilatların problemin həlli ilə bağlı qəbul etdiyi qərarları öz gücünə icra etdi. Bununla da işğalda olan ərazilərini azad etməyə nail oldu. Bu isə beynəlxalq hüququn təmin olunması, insanların haqqının bərpası deməkdir. Azərbaycan ərazilərində törədilən vandalizm, barbarlığın nəticələrinin aradan qaldırılması istiqamətində cənab Prezident tərəfindən beynəlxalq şirkətlərə abadlıq, quruculuq prosesinə qoşula biləcəkləri barədə mesajlar verilib. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycana dost münasibətləri ilə seçilən ölkələr və şirkətlər bu prosesdə yer alacaq. Azərbaycan artıq mümkün, öz ixtiyarında olan və ən ağır işi həyata keçirib. İndi azad olunan torpaqlarda quruculuq, abadlıq, tikinti, yaşıllaşdırma işləri davam edir. Qısa zamanda tanınmış, beynəlxalq şirkətlərlə əlaqələr qurulub. Onların iştirakı ilə “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələri reallaşır. Yazın bu gözəl günlərində Azərbaycanın ən gözəl təbiət mənzərələrini özündə əks etdirən Zəngilan və Cəbrayıla dövlət başçısının ailə üzvləri ilə səfəri vasitəsilə bu gün həm də bütün dünya Azərbaycanın işğaldan azad olunan ərazilərindəki vəziyyəti və onun düzəltmək, bərpa etmək istiqamətindəki niyyətini izləyir. Bütün dünyaya bir daha bəyan edilir ki, bu ərazilərin əsl sahibi kimdir. Azərbaycanın ədalətli mövqeyini dəstəkləyənlərin sayı indi daha çoxdur. Ermənistana törətdikləri bu cinayətlərə görə haqq qazandıra biləcək fikirlər də artıq səslənmir. Odur ki, görülən bu işlər getdikcə genişlənəcək.

Cənab Prezident həm də azad olunan ərazilərdə gəzdiyi, qəsəbələr, kəndlər, dağlar, çaylar haqqında da ətraflı məlumatlar verərək, onların Azərbaycanın böyük sərvəti olduğunu, bizə məxsusluğunu dönə-dönə vurğulayır. Ali Baş Komandan kimi azad etdiyi bu torpağa, xalqa, dövlətə bağlı olduğunu, vətənin hər daşına, yarpağına, ağacına, sevgi, məhəbbətlə yanaşdığını, bir növ onların insan kimi qayğısını çəkdiyini göstərir. Bu da hər bir Azərbaycan gəncinin, insanının vətənpərvərlik hissinin daha da güclənməsinə xidmət edir. Azad olunmuş torpaqlarda xüsusi ilə məscidin bərpası ilə bağlı atılan addım, dini ocağın divarına cənab Prezidentin öz əlləri ilə daş qoyması, həm də onun saf niyyətini, Ermənistan tərəfinin dağıdıcı, Azərbaycanın isə qurucu bir ölkə olduğunu göstərir. Bu, həm də min illər bu ərazilərin bizə, Azərbaycana məxsusluğuna dair həqiqəti bir daha sübüt edir. Bu səfər əyani şəkildə sübut edir ki, Vətənin hər daşı bizim üçün əzizdir. Bu həqiqət həm də ermənilərə bəllidir. Əgər belə olmasaydı, ermənilər bu əraziləri tamamilə dağıdıb xarabalığa çevirməzdi. İnzibati binaları, evləri, yolları dağıtmazdı, təbiətə bu qədər zərər vurmazdı, ağacları kəsməz, çayları çirkləndirməzdi. Ona görə də cənab Prezidentin azad olunmuş torpaqlara son səfərini izləyən xalqımızın ürəyində bir daha bu torpaqlara qayıdışda yaxından iştirak etmək, onun hər daşını qorumaq, indiyə kimi buraxdığımız səhvləri düzəltmək, malik olduqlarımıza sahiblik hissi ilə yanaşmaq keçir. Bu bizim daxili birliyimizi, milli həmrəyliyimizi qorumaq hislərimizi daha da gücləndirir. Xalqımızı bir daha Azərbaycanın Lideri, müzəffər Ali Baş Komandanı, dünya liderləri içərisində ən parlaq Şəxsiyyət, ən güclü Prezident kimi qəbul edilən cənab İlham Əliyevin ətrafında birləşməyə sövq edir.

- ABŞ prezidenti Co Baydenin erməni "soyqırımı" ifadəsini işlətməsi bölgədə yaranan yeni reallığa, münasibətlərə hansısa bir formada təsir edə bilərmi?

- Düşünmürəm ki, bu uğursuz ifadənin işlədilməsi müsbət proseslərin istiqamətini döndərə bilər. Bu qətiyyən mümkün deyil. Artıq Azərbaycan və Türkiyənin mövqeyini bu ərazidə zəiflədə bilən hansısa bir hərəkət keçərli ola bilməz. C.Baydenin bu ifadəni işlətməsi rəsmi mövqedə də vurğulandığı kimi Amerika siyasətində baş verən bir səhv, böyük xəta kimi xarakterizə olundu. Amma indi bu səhvin necə düzəldilməsi yollarını özləri düşünməlidir. Hər halda C.Bayden Türkiyəyə qarşı öz arsenalında olan ən təsirli silahını istifadə etdi. İndiyə qədər Amerika prezidentlərinin kimliyindən asılı olmayaraq bu sözü işlədib-işlətməyəcəyinə rəğmən addımlar atılırdısa, siyasət qurulurdusa, artıq bu ifadə işləndikdən sonra Türk dünyasının baş verməsindən çəkinəcəyi elə bir məsələ qalmayıb. Bu məğlubiyyətə düçar olmuş, Qərb dünyasının əlində alət olan Ermənistanı düşdüyü kritik vəziyyətdən çıxarmaq, sanki onlara ruh vermək üçün işlədilən bir ifadə idi. Amma hesab edirəm ki, bu həm də Amerika-Türkiyə münasibətlərinə, bu regiondakı yeni siyasi reallığa, yarana biləcək əməkdaşlığa mənfi təsir göstərə bilər. Ehtimal olunan odur ki, zamanla ABŞ rəsmiləri vəziyyəti düzəltmək istiqamətində müəyyən addımlar ata bilər. Amma bu olmayacağı təqdirdə də Türkiyə kimi böyük bir dövlət bu addımın qarşısından geri çəkilməyəcək. Eyni zamanda o da məlumdur ki, Türkiyənin hazırkı məqamda dünyadakı yerinə, regiondakı roluna mənfi təsir göstərə bilən, sarsıdan, hansısa bir siyasət sonadək gerçəkləşə bilməz.

- Cənab Prezidentin "Zəngəzura qayıdırıq, İrəvana da qayıdacağıq" - mesajlarını necə analiz etmək olar?

- Ermənilər məntiqli siyasət yürütsəydilər, düşdükləri vəziyyətin ağırlığını, çətinliyini, xüsusilə indiyə qədər törətdikləri əməllərin qarşılığını aldıqlarını anlasaydılar, revanşist hərəkətlər etməz və ya fikirlər səsləndirməzdilər. Amma bu da məlumdur ki, həm Ermənistanda, həm də dünyanın müxtəlif yerlərində bu məsələni yenidən alovlandırmağa çalışanlar var. Hətta sülhün vacibliyini, bu regionda qonşuluq münasibətlərinin qurulmasını məqbul hesab edən erməni vətəndaşlarını belə bu mövqeyindən çəkindirmək üçün gecə-gündüz çalışırlar. Aprelin 24 -nə qədər, ondan sonra baş verən hadisələr də bunu təsdiq edir. Erməniləri revanşizmə sürükləyən, əvvəlki hala qayıda biləcəklərinə inandırmağa çalışan dairələr var. Bu da region ölkələri arasında normal münasibətlərin yaranmasını istəməyənlərdir. Məlumdur ki, ermənilər bu ərazilərə məhz bir alət kimi yerləşdirilib. Bu alətdən də sona qədər istifadə etmək istəyirlər və bu, hər zaman belə olacaq. Erməni xalqı və siyasi rəhbərliyi düşdüyü vəziyyətin ağırlığını, çətinliyini dərk edərək onlara uzanan əli geri qaytarmamalıdır. Onlar Cənubi Qafqazda sülh şəraitinin yaranmasını istəyirlərsə, ilk olaraq cənab Prezident İlham Əliyevin təkliflərini qəbul etməlidirlər. Çünki cənab İlham Əliyev bu illər ərzində regionu fəlakətlərə sürükləyən Qarabağ məsələsində əllərini qızdırmaq istəyənlərin qarşısında mətanətlə dayanmağı bacardı. O, öz xalqının gücünə, dəstəyinə arxayın olaraq bu problemi aradan qaldıra bildi. Doğurdan da, Ermənistan heç kəsdən asılı olmadan, müstəmləkə, forpost deyil, müstəqil ölkə kimi yaşamaq istəyirsə cənab İlham Əliyevin bütün çağırışlarını qəbul etməlidir. İrəvan və Zəngəzur Azərbaycanın tarixi torpağıdır. Və Cənab Prezident Şərqi və Qərbi Zəngəzuru əməkdaşlıq koridoru ilə birləşdirərək bu regiona sülhlə və quruculuqla qayıdır. Qarşı tərəf də bunu məhz belə qəbul etməlidir. Əks təqdirdə bu qonşu ölkəni özlərinin düçar etdiyi fəlakət girdabından heç Co Baydenin bəyanatı da xilas edə bilməyəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər