“Artıq Dağlıq Qarabağ adlı bir ərazi yoxdur və münaqişə tamamilə öz həllini tapıb. Ermənistan kapitulyasiya aktını imzalayıb, məğlubiyyətini etiraf edib. Azərbaycan zərrə qədər təhlükə hiss etsə, həmin qüvvələr dərhal məhv ediləcək”.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, 30 ilə yaxın müddət ərzində Azərbaycanın 20 faizə yaxın ərazisi mənfur qonşusu erməni faşistləri tərəfindən işğal edilib: “Təəssüf ki, beynəlxalq ictimaiyyət bu prosesə göz yumdu və ikili standart nümayiş etdirdilər. Bu münaqişənin sülh yolu ilə həll etməyə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrləri isə regiona yalnız turistlik səfərlər edirdilər. Bir sözlə, münaqişəni sülh yolu ilə həll edə bilmədilər.
Beynəlxalq qətnamələr və sənədlər Azərbaycanın tərəfində olsa da, ölkəmizin ərazi bütövlüyü hüquqi olaraq tanınsa da, bu problemin sülh yolu ilə həllinə nail olunmadı və qarşı tərəfə heç bir təzyiq nümayiş etdirilmədi. Təəssüf ki, azərbaycanlılara qarşı hərbi cinayət və soyqırım törədən erməni terroristləri cəzasız qaldı. Ötən müddət ərzində öz ordusunu, iqtisadi gücünü artıran Azərbaycan 2020-ci ildə 44 günlük Vətən Müharibəsi zamanı ərazi bütövlüyünü bərpa etdi və erməni terroristlərini Qarabağdan qova bildi”.
Naqif Həmzəyev təəssüflə qeyd edib ki, hələ də münaqişəni yenidən alovlandırmaq, erməniləri qızışmağa sövq edən qüvvələr tapılmaqdadır: “Təbii ki, burada erməni lobbisinin və ermənipərəst qüvvələrin rolu çox böyükdür. Davamlı sülhü təmin etmək, gələcəkdə belə soyqırımlarının qarşısını almaq üçün Prezident İlham Əliyev genişmiqyaslı və uğurlu fəaliyyəti göstərib. Bunu görmək üçün 10 noyabr Bəyanatı ilə tanış olmaq kifayətdir. Bu Bəyanata Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri imza atıb. Bu Bəyanat yalnız Azərbaycanın maraqlarına xidmət etmir, eyni zamanda regionda sülhün daimi olmasına unikal imkanlar yaradır.
Bölgədə davamlı, dayanıqlı sülh və təhlükəsizliyin yolu əməkdaşlıqdan keçir. Artıq Ermənistanın Zəngəzur dəhlizinə mane olmaq imkanları bloklanıb. Hazırda Horadiz-Ağbənd dəmir yolunun inşası aparılır, bu yolun bərpasından sonra dəmir yolu xətti Ordubad dəmir yolu stansiyası ilə birləşdiriləcək. Ermənistan dəmir yolları isə Rusiyaya məxsusdur, ona görə də hazırda Zəngəzur dəhlizi məsələsi daha çox Rusiya ilə müzakirə olunur. Ölkəmiz bütün kommunikasiyaların bərpası üçün də real işlər görür. Ermənistan sülhün xeyrini görəcək”.
Millət vəkili Azərbaycanın növbəti 10-15 ili hansısa münaqişəyə və ya problemin həllinə həsr etmək istəmədiyin də vurğulayıb: “Artıq Dağlıq Qarabağ adlı bir ərazi yoxdur və bu münaqişə tamamilə öz həllini tapıb. Ermənistan kapitulyasiya aktını imzalayıb və məğlubiyyətini etiraf edib. Üçtərəfli Bəyanatda Ermənistan öz öhdəlikləri ilə razılaşıb. Bir sözlə, münaqişə həll olunub və bu məsələyə qayıtmaq əbəsdir.
Kanadanın və Fransanın bu mövqeyi qəbuledilməzdir. Onlar anlamalıdır ki, 30 ilə yaxın müddətdə problemi həll edə bilmədilər. Münaqişəni Ali Baş Komandan, Azərbaycan Ordusu və Azərbaycan xalqı həll etdi. Münaqişəni yenidən alovlandırmaq istəyən qüvvələrin yenidən bu mövqeyi sərgiləməsi Ermənistanın ziyanına işləyə bilər. Çünki Azərbaycan 30 il bundan əvvəlki dövlət deyil.
Bu gün Azərbaycan çox güclü orduya sahibdir və regionun ən güclü dövlətidir. Azərbaycan haqlı mübarizə aparıb ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın dəmir yumruğu düşmənin başına elə dəyib ki, onların hər hansı bir xırda səhvi qətiyyən bağışlana bilməz. Azərbaycan zərrə qədər təhlükə hiss etsə, yerindəcə həmin qüvvələr məhv ediləcək. Bir sözlə, əgər Ermənistan baş vermiş hadisələrdən düzgün nəticə çıxarmasa, öhdəlikləri yerinə yetirməzsə və regionda sülhün daimi olması üçün cəhdlər göstərməzsə, özlərini region dövlətlərdən tamamilə tədric edəcəklər. Nəticədə onlar öz müstəqilliklərini belə, şübhə altına qoyacaqlar.
Ermənistan tək bir çıxış yolu var - Türkiyə və Azərbaycanla əlaqələrini gücləndirmək, region dövlətlərinə qarşı ərazi iddialarından əl çəkmək və revanşis fikirlərindən daşınmaqdır. Odla oynamaq Ermənistana bundan sonra da xeyir verməyəcək. Biz növbəti 10-15 ili hansısa münaqişəyə və ya problemin həllinə həsr etmək istəmirik, bunun əvəzinə regionda iqtisadi inkişafa və sülhə nail olmaq olar”.