“Münaqişə heç də İudaizmlə İslam və ya yəhudilərlə müsəlmanlar arasında getmir. Bu da təbiidir, çünki irqçilik və kseonofobiyanın digər təzahürləri bölgünü “özüm və özgələr” formatı üzrə aparır. Yeri gəlmişkən, əsrlər boyu İslam kilsə ilə müqayisədə yəhudilərə qarşı qat-qat daha tolerant olub. Yəni istər inkvizisiya olsun, istər yəhudi poqromları, istərsə də Holokost - heç biri müsəlmanların icadı deyil”.
Politoloq Ərəstun Oruclunun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Ermənistan-Azərbaycan sərhədlərində baş verən son proseslər haqda fikriniz necədir: gərginliyi artıran İrəvanın məqsədi nədir?
- Bu başdan deyim ki, Azərbaycan-Ermənistan sərhədində baş verənlərin həm təbii, həm də konyunktur səbəbləri görünür. Səbəb ilk növbədə bundan ibarətdir ki, Ermənistanın Azərbaycana hələ SSRİ-nin son illərindən irəli sürdüyü ərazi iddiası və bunun ardınca başlayan savaş, uzunmüddətli işğal iki ölkə arasında sərhədlərin demarkasiya və delimitasiya olunmasına imkan verməyib. Elə bu səbəbdən də həmin proses indi başlayır. Süni səbəb isə bu amildən bütün tərəflərin istifadə etməsidir. Ermənistan rəhbərliyi bundan istifadə edərək iki məqsədə nail olmağa çalışır: 10 noyabr üçtərəfli bəyanatından irəli gələn öhdəliklərini sabotaj etməyə və seçkiqabağı bu məsələdən yararlanaraq beynəlxalq aləmdə xal qazanmaq. Azərbaycan bununla Ermənistana təzyiq edərək, onu öhdəliklərinə əməl etməyə - Naxçıvana nəqliyyat dəhlizini açmağa və ermənilərin qanunsuz hərbi birləşmələrini Azərbaycanın torpaqlarından çıxarmağa məcbur etməyə çalışır.
Rusiyanın da bu məsələdə öz marağı var, bu, ilk növbədə Paşinyanın qarşıdan gələn seçkidə məğlub olmasına və Moskvanın etibarlı emissarı Robert Köçəryanın Ermənistanda hakimiyyətə qaytarılmasına nail olmaqdır.
- Bəs sərhəddə baş verən son gəlişmələr seçkilərə hazırlaşan Baş nazir Nikol Paşinyanın daxili reytinqinə mənfi təsir göstərmir? Bu, onun rəqiblərinə əllərini gücləndirirmi?
- Məsələyə sırf Ermənistanın daxili siyasəti rakursundan baxdıqda elə görünür, amma fikrimcə, bu, xeyli dərəcədə aldadıcıdır. Belə ki, Paşinyanın təbliğatı ilə məşğul olan informasiya resursları baş verənləri Kremlin Azərbaycanın əlilə Paşinyana təzyiqi kimi təqdim etməklə onu həm Rusiyanın, həm də Azərbaycanın hədəfində olan qurban kimi təqdim edirlər. Yeri gəlmişkən, etiraf etməliyəm ki, bu işi onlar çox incə və peşəkar səviyyədə aparırlar. Nəticədə erməni əhalisinin 44 günlük müharibədən sonra həm Rusiya, həm də Azərbaycana düşmən münasibət sərgiləyən hissəsini Paşinyanın ətrafında toplamağa çalışırlar. Bu işin ilkin nəticələr baxımından uğursuz aparıldığını deməzdim. Digər tərəfdən də məsələnin belə təqdim olunması Paşinyana beynəlxalq aləmdə, lap dəqiq desək, Qərbdə müsbət dividendlər qazandırır. Bir daha demək istəyirəm ki, ilk baxışdan nəzərə çarpan mənzərə heç də reallığı əks etdirmir. Belə görünür ki, Paşinyan üçün yüksək peşəkarlığa malik siyasi texnoloqlar çalışırlar.
Ermənistanın daxilinə gəldikdə, orda da vəziyyət yetərincə mürəkkəbdir və hələlik üstünlük Paşinyandadır. Erməni cəmiyyətinin qatil və korrupsioner kimi tanıdığı, üstəlik də Moskvanın kadrı hesab etdiyi Robert Köçəryanın indiki hökumətin əsas opponenti olması Paşinyanın xeyrinə işləyir. Eks-prezident Serj Sərkisyan seçkilərə qatılmır və bu prosesin saxtalaşdırılacağını iddia edir, birinci prezident Levon Ter-Petrosyan isə 23 ildə ölkəni idarə edənlərin hamısını kəskin tənqid edir və burada da Paşinyanın payına həmin 23 ilin cəmi üçü düşür. Üstəlik də həm xaricdən və həm də daxildən təzyiqlərə məruz qalan Paşinyana əzabkeş obrazının yaradılması yalnız onun xeyrinə işləyir. Unutmayaq ki, erməni ictimai şüurunda əzabkeşlik xüsusi əhəmiyyət kəsb edir.
Ermənistanda gedən mübarizədə ilk baxışdan bir o qədər görünməyən digər bir amil də var. Bu, Rusiya və Qərbdəki erməni diasporları arasında gedən mübarizədir ki, həmin mübarizədə də Paşinyan Qərbdəki erməni diasporunun dəstəyinə malikdir. Diasporlararası mübarizədə isə ilkin nəticə belədir: Qərb (ilk növbədə ABŞ) diasporu Ermənistana “soyqırımı”nın tanınmasını qazandırıb, Rusiya diasporu isə 44 günlük müharibədə məğlubiyyəti. Odur ki, mən hələlik baş verənlərin ancaq Paşinyanın xeyrinə işlədiyini düşünürəm. Son sözü isə təbii ki, seçki deyəcək.
- Bəs Fələstin-İsrail münaqişəsi niyə indiki məqamda partlayış verdi? Bu istiqamətdə gərginliyi artıran əsas geosiyasi şərtlər nələrdir?
- Əslində, Fələstin-İsrail münaqişəsi heç vaxt səngiməmişdi də, sadəcə zaman-zaman müxtəlif səbəblərdən münaqişənin “isti” və “soyuq” fazaları bir-birini əvəzləyib. Amma bu dəfəki partlayışın da öz səbəbləri var əlbəttə. Bunlar həm tərəflərin daxili siyasi problemlərindən qaynaqlanan, həm regional vəziyyətdən irəli gələn, həm də bölgə uğrunda gedən geosiyasi mübarizədən doğan səbəblərdir. Başlıca səbəb isə şübhəsiz ki, tərəflərin bir-birinin dövlət kimi mövcud olmaq haqqını tanımamasıdır. Odur ki, bölgədə qarşı tərəf üçün bu haqqı tanıyan, qəbul edən, əməkdaşlığa köklənən Fələstin və İsrail dövlətləri təşəkkül tapmayınca münaqişə davam edəcək, zaman-zaman alovlanacaq.
Şübhəsiz ki, burada coğrafiyanın mürəkkəbliyinin və geosiyasi maraqların toqquşmasının da rolu var, bu amillər də indiki mərhələdə daha dolaşıq və daha ziddiyyətlidir. Məsələn, təxminən son 70-80 ildə bölgədə əsas iki güc - ABŞ və SSRİ (ardınca da Rusiya) mübarizə aparırdısa, bu gün həmin siyahıda Çin, bölgədə söz sahiblərindən olmağa can atan İran və Türkiyə də var. Bundan başqa, son illər iqtisadi, siyasi və hərbi baxımdan xeyli güclənmiş İsrail də öz müstəqil siyasətini yürütməyə çalışır. Məlumdur ki, bu və ya digər bölgəyə təsir etmək istəyən güclərin əlində universal sınanmış vasitələrdən biri mövcud konfliktlərdir və biz də bu gün Yaxın Şərq uğrunda gedən mübarizədə bu münaqişələrdən istifadə olunmasının tipik nümunələrini görürük. Digər tərəfdən də maraqların müxtəlifliyi və onların bəzən bir-birinə diametral zidd olması münaqişələrin yaranmasına və onlardan istifadəyə geniş yol açır.
Yuxarıda qeyd etdiyim daxili və regional səbəblərlə yanaşı, geosiyasi amilin təsiri də Yaxın Şərqə gərginlikdən çıxmağa imkan vermir. Odur ki, indi biz yeni geosiyasi konstruksiyanın yaranmasını gözləməli olacağıq ki, bu da başlayıb və xeyli uzana bilər. Sabitlik yarada biləcək digər bir variant isə bölgə ölkələri arasında hansısa dayanıqlı koalisiya formatının yaranması ola bilər ki, bu da münaqişələrin çözülməsinə öz töhfəsini verərdi. Təəssüf ki, bunun da yaxın gələcəkdə baş tutacağı hələlik inandırıcı görünmür.
- Bu münaqişədə diqqətçəkən məqamlardan biri budur ki, xristianlar İsraili, müsəlmanlar da Fələstini dəstəkləyirlər. Digər regional münaqişələrə baxışda da bu yanaşmanı görmək mümkündür. Hesab etmək olarmı ki, dinlərarası və ya sivilizasiyalararası toqquşma başlayır, bu yöndə yaxın gələcəyi üçün dünyanı nə gözləyir?
- İstənilən münaqişənin, müharibənin səbəbləri arasında sivilizasiyaların, dinlərin toqquşması hər zaman olub. Məsələn, Avropa ölkələrinin əksəriyyətinin əsas münaqişə narrativi uzun əsrlər boyu antisemitizm olub. Bu gün isə Köhnə Dünyadakı sağ və ifrat sağ cərəyanların əsas dayaq nöqtəsi islamofobiyadır, amma düşünürəm ki, bu, sadəcə sosial dayaqlar qazanmaq üçün istifadə olunan fasaddır. Əsas hədəf isə o fasadın arxasında gizlədilir. Əgər biz istər Almaniyadakı AFD, istərsə də Fransadakı “Milli Cəbhə”yə diqqətlə baxsaq, onların da antisemit sentimentlərinin zaman-zaman üzə çıxdığının şahidi olarıq.
Dediyim odur ki, burada münaqişə heç də İudaizmlə İslam və ya yəhudilərlə müsəlmanlar arasında getmir. Bu da təbiidir, çünki irqçilik və kseonofobiyanın digər təzahürləri bölgünü “özüm və özgələr” formatı üzrə aparır. Yeri gəlmişkən, əsrlər boyu İslam kilsə ilə müqayisədə yəhudilərə qarşı qat-qat daha tolerant olub. Yəni, istər inkvizisiya olsun, istər yəhudi poqromları, istərsə də Holokost - heç biri müsəlmanların icadı deyil. Hətta elə bu gün İsraillə Fələstin arasındakı münaqişədə heç də bütün müsəlman ölkələri birmənalı Fələstini dəstəkləmir. Avropada isə demokratik institutların böhran yaşamağa başladığı dövrdə baş qaldıran ultramillətçiliyin və irqçiliyin çox ağır fəsadları ola bilər. Tarix və bəşəriyyət isə bundan bir neçə dəfə keçib artıq. Onların təkrarlanmaması isə demokratik institutların İkinci Dünya Müharibəsindən sonrakı mərhələdə formalaşmış təsir dairəsini bərpa edə bilməsindən asılı olacaq.