Qaragöl Azərbaycanındır, Azərbaycan dövlətinin ərazisidir. Bunu xəritə üzərində də hər kəs bilir. Yəni bura bizə aiddir. İndi ermənilər hay-küy salır, vay-şüvən qoparırlar. Ancaq bunun tarixə, xəritədə olanlarla hər hansı bir bağlılığı yoxdur. Heç hüquqi əsası da yoxdur. Dövlətimiz, Xarici İşlər Nazirliyi bu barədə öz mövqeyini bildirib. İndi ermənilər bilmirlər nə etsinlər.
Bu sözləri Teleqraf.com-a baş nazirin sabiq müavini, millət vəkili Vahid Əhmədov deyib.
Vahid Əhmədov xatırladıb ki, 1987-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Qaragölün dövlət qoruğu elan olunması təsadüfi qərar olmayıb.
Deputat əlavə edib ki, 1987-ci ildə Qaragölün dövlət qoruğu elan olunmasına dair qərardan məlumatlı olub:
“Düzdür, mən o zaman Nazirlər Kabinetində işləmirdim, amma belə qərar verilən zaman məlumatlı idim. Ona görə dövlət qoruğu elan edilib ki, ermənilər istədiklərinə nail olmasın. Yoxsa oranın suyundan, imkanlarından istifadə etməyə çalışırdılar. Qərar çıxarılması o demək idi ki, ora dəymək olmaz. Üstəlik sabah bir hadisə olsaydı, beynəlxalq məhkəmədə bu işə baxılacaqdı. Ona görə belə qərar verilib”.