24 May 2021 13:48
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qarabağda İslam irsini bərpa edir. Ölkəmiz İslam dünyasının bir parçası kimi hər zaman mənsub olduğu dəyərlərin mühafizəsini ən yüksək səviyyədə təmin edib. 2020-ci il noyabrın 10-da Qarabağda Azərbaycanın böyük qələbəsi ilə başa çatan müharibədən sonra İslam irsinin qorunmasında da artıq yeni mərhələ başlayır. Bu, bərpa mərhələsidir. Çünki 30 il ərzində Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən İslam irsinə qarşı ciddi vandallıq aktları törədilib.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, Ermənistan 10 illiklər boyu İslam irsini məhv etmək siyasəti yeridib: “Lakin azərbaycanlıların Qarabağa qayıdışı ilə rifah, dağıdılan irsin bərpası başlayıb. Cənab Prezident tərəfindən Şuşada Müqəddəs Ramazan Bayramı ərəfəsində yeni məscidin təməlinin qoyulması da bu məqsədə xidmət edir”.

Deputat xatırladıb ki, qədim Azərbaycan torpağı olan Şuşada vaxtı ilə 17 məscid olub: “Ermənilər işğal zamanı onların hamısını dağıdıb. Bunlardan üç məscid yarıdağıdılmış vəziyyətdə qalıb. Yarısalamat qalmış Yuxarı və Aşağı Gövhərağa (1768-1769-cu illərdə inşa edilən bu məscid də işğal dövründə erməni vandalizminin qurbanı olmuşdu) və Saatlı məscidləri olub. Onların da təmiri ilə bağlı artıq ilkin işlər başlayıb. Şuşadakı məscidlərin bərpasını Azərbaycanda və dünyada humanitar və xeyriyyə layihələrinin ən fəal iştirakçısı olan Heydər Əliyev Fondu həyata keçirir. Artıq Şuşaya hakim olan yeni bir məscid binası ucalacaq”.

Könül Nurullayeva 5 il öncə Prezident İlham Əliyevin təşəbbüsü ilə Cocuq Mərcanlıda məhz Şuşa məscidinin bənzərinin inşası da yenidən o dəyərlərə sahib olacağımız barədə verilən önəmli mesaj idi: “Məhz cənab Prezident Cocuq Mərcanlıdakı məscidin açılışında bildirmişdir ki, “gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcək”. Bu gün verilən bütün sözlər vədlər tam reallıqlar yerinə yetirilir. Bundan sonra məscidlərimizdən hər zaman azan səsi eşidiləcək. 30 ildən sonra Şuşada bayram namazı qılındı. Məhz bayram ərəfəsində qədim Şuşa şəhərində yeni məscidin təməlqoyma mərasiminin keçirilməsi isə həqiqətən böyük tarixi və rəmzi xarakter daşıyır. Bu, həm də onu göstərir ki, Azərbaycan üçün İslam irsinə sahib çıxmaq, onu qorumaq, mühafizə etmək hər zaman olduğu kimi, bu gün də prioritetdir. Təsadüfi deyil ki, Azərbaycan əsgəri azad etdiyi ərazilərdə ilk olaraq namaz qıldı, dağıdılmış olsa belə, məscidlərdə azan səsləri ucaldı. Bu, azərbaycanlıların 30 illik arzusu idi. Bundan sonra biz Qarabağada əbədi yaşacağıq və bundan sonra məscidlərdən hər zaman azan səsi gələcək. Bundan sonra sülh dini olan İslamın dəyərli irsi Qarabağda əbədi qorunacaq”.

Qeyd edək ki, millət vəkili Qarabağda Azərbaycanın İslam irsini bərpası ilə bağlı Əlcəzair, Misir və İraqın nüfuzlu informasiya portallarında ərəb və ingilis dillərində məqalə ilə çıxış edib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər