25 May 2021 09:38
381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsində əldə olunmuş Qələbə Ermənistanın işğalçı siyasətinə son qoyub. “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq öz aktuallığını itirib. Bu münaqişə ilk növbədə, Azərbaycan tərəfindən, sonra isə ötən ilin 10 noyabr tarixli birgə Bəyanat ilə artıq həll olunub.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, artıq Azərbaycan işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərini intensiv şəkildə həyata keçirir: “Eyni zamanda II Qarabağ münaqişəsindən sonra bölgədə yaranmış yeni mühit qarşılıqlı münasibətlərin yeni sferalar üzrə inkişafını zəruri edib. Bu məqsədlə ölkəmiz çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış edir”.

Ceyhun Məmmədova görə, bölgə üçün yeni inkişaf strategiyası və bu təşəbbüsləri formalaşıb: “Bu amil 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Xüsusən də, kommunikasiyaların və yeni daşıma dəhlizlərinin açılması gündəmdədir. Layihənin həyata keçirilməsi ilə bağlı artıq ilkin işlərə başlanılıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Hazırda proseslərin sürətli inkişafına maneə yaradan amil mina təhlükəsi və ərazilərin partlamamış silah-sursatla dolu olmasıdır. Bu təhlükə iqtisadi layihələrin sürətlə reallaşdırılmasında əlavə çətinlik yaradır. Çünki müharibə dayanandan sonra 100-dən çox adam minaya düşərək həlak olub və ya ağır yaralanıb. Ermənistan isə minaların xəritəsini verməkdən imtina edir. Minaların təmizlənməsi çox çətin, bahalı bir prosesdir və vaxt aparır. Buna baxmayaraq ərazilər bərpa edilməli və minalardan təmizlənməlidir. Bu təhlükə aradan qalxmadan real addımların atılması mümkün deyil”.

Millət vəkilinə görə, işğaldan azad olunmuş ərazilərin vəziyyəti erməni vandalizminin sübutudur: “İşğaldan azad olunmuş ərazilər tamamilə dağılmış vəziyyətdədir. Şəhər və kəndlərin 90 faizi tamamilə dağıdılıb. Həmin dağıntılar tək Birinci Qarabağ müharibəsi zamanı baş verməyib. Bu şəhərləri bombardman etməklə bu hala salmaq mümkün olmazdı. Bunlar sonrakı dönəmdə baş verib. Ermənilər evlərin və məktəblərin tikinti materiallarını, dam örtüklərini və pəncərələrini oğurlayıb. Daha sonra isə işğal olunmuş torpaqlarda Azərbaycanın mədəni irsini silməyə çalışıb. İşğal altındakı torpaqlarda 60-dan çox məscid dağıdılıb. Bu isə ermənilər vandalizminin, barbarlığının bir daha açıq təzühürü hesab olunur”.

Deputat Azərbaycanın 30 il ərzində əziyyət çəkmiş tərəf olmasına baxmayaraq əməkdaşlığa açıq olduğunu söyləyib: “Əsas şərt isə yeni fəsil başlasın. Bundan sonra gələcək haqqında danışılsın. Ermənistan hökumətinin ən böyük səhvi və problemi ondan ibarətdir ki, onlar yalnız keçmiş haqqında danışır. Onların gələcək haqqında heç bir düşüncəsi yoxdur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər