Azərbaycan Ali Sovetinin (indiki Milli Məclis) sabiq sədri, professor Yaqub Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Yaqub müəllim, COVID-19 pandemiyası ilə bağlı ölkədəki hazırkı durumu necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, pandemiya hələ bir müddət də davam edəcək və tədricən vəziyyət düzələcək. Əslində pandemiya tarix boyu belə olub. 2022-ci ildə tam başa çatsa yaxşı olar. Azərbaycan dünyanın bir hissəsidir və dünyada baş verənlərdən kənarda deyil. Ümid edək ki, dəyişən müsbət dinamika davam edəcək.
İkincisi, mən hesab edirəm ki, bu, sintez olunan virusdur, təbiətdən əmələ gələn təbii virus deyil. Kimin nə deməsindən asılı olmayaraq qənaətimcə, bu, süni şəkildə yaradılan virus, ola bilsin bioloji silahdır.
Bu prosesdə də çox maraqlı qüvvələr- transmilli korporasiyalar var. Üstəlik virusla paralel olaraq vaksinasiya mövzusu ortaya çıxdı, burada milyardlardan söhbət gedir.
Bu səbəblərdən də tam proqnoz vermək, konkret “virus bu tarixdən olmayacaq” demək olduqca çətindir. Bu barədə heç kəs dəqiq söz deyə bilməz. Ehtimalım belədir ki, 2022-ci ilə qədər vəziyyət belə davam edəcək.
- Dünyada koronavirusla bağlı hansı tendensiyaları müşahidə edirsiniz?
- Müşahidələrimə əsasən deyə bilərəm ki, bu virusun ayrı-ayrı ştammları ortaya çıxır. Əvvəl İngiltərə variantı ortaya çıxdı, indi Hindistan variantı haqqında danışılır. Bir qədər sonra hansı variantın ortaya çıxıb-çıxmayacağını da demək mümkün deyil. Odur ki, bu barədə də qəti fikir demək doğru deyil. Amma proses bir müddət davam edəcək, bitənə oxşamır. Dünyada proses gedir, biz də onun bir hissəsiyik. Gediş-gəliş var, gətirirlər, yayırlar. Camaat xəstələnir. Qarşısını almaq da mümkün deyil. Amma hər halda nəzarət altına alınıb. Arzu edək ki, pandemiya tez bitsin.
Onu deyə bilərəm ki, indi bir məsələ çox müsbətdir. Virus yeni yarananda bunun insanlara çox ciddi psixoloji təsirləri var idi. İnsanlarda panika və qorxu müşahidə olunurdu. İndi tədricən insanlar vəziyyətə uyğunlaşıb, adaptasiya olunub. Qorxu hissi, psixoloji amillər tədricən sönməyə başlayıb. Məncə, bu, çox mühüm detaldır.
Digər tərəfdən, əvvəlcə virus ortaya çıxsa da, onun müalicəsi yox idi. Həkimlər də çaş-baş qalmışdı. Çünki tamamilə yeni virus idi. Lakin vaxt keçdikcə həkimlər də böyük təcrübə topladılar. Pis-yaxşı müalicə yolu tapıldı, insanlar müalicə alır. Bu müsbət işdir, səhiyyənin uğurudur. Hər halda müəyyən nəaliyyətlər əldə edilib. Diqqət etsəniz, görərsiniz ki, əvvəlki panika, qorxu hissi indi yoxdur. Bir çox hallarda xəstələr evdə müalicə alırlar. Məncə, bu da yaxşı amildir. İzləməkdə davam edək.
- ABŞ kəşfiyyatının sonuncu hesabatında qeyd olunur ki, 2019-cu ilin noyabrından əvvəl- yəni dünya bu virus haqqında məlumatsız olduğu dövrdə Çinin Uhan şəhərindəki laboratoriyada işləyən üç mütəxəssis mövsümü qriplə bağlı xəstəxanaya müraciət edib. Başqa sözlə, ABŞ kəşfiyyatı əvvəlki mövqeyini təkrarlamaqla virusun Çindən yayılması haqda arqumentlərə əlavə sübut daxil edib. Nə dərəcədə inandırıcıdır?
- Bu, süni yaradılan prosesə oxşayır. Dünyada COVID-19 pandemiyası başlayan zaman da bunun təbii virus olmasına şübhəmi ifadə etmişəm. Bir daha hesab edirəm ki, bu, süni prosesdir, təbiət hadisələrindən qaynaqlanan hadisə deyil. Məncə, bu laboratoriyada sintez olunub. Xatırlayırsınızsa, Ümumdünya Səhiyyə Təşkilatının xüsusi komissiyası Uhan şəhərinə səfər etdi və bu məsələləri araşdırdı. Sonda da ortaya bir nəticə qoymadılar. Mən bildiyim qədər indi yeni bir komissiya yaradılıb və aparıcı mütəxəssislər bu məsələni yenidən yoxlayacaq. Görək bu komissiya hansı rəyə gələcək. Əslində pandemiya və onun inkişafı barədə ona görə dəqiq danışmaq və proqnoz vermək çətindir ki, təbiİ yaranmayıb, digər viruslardan fərqlidir. Faktiki olaraq son aylar Çində xəstəlik yoxdur, ya da tamamilə azdır. İlk olaraq da Çin vaksin kəşf etdi, sintez edib nəticə əldə etdilər. 2 milyarda yaxın insanın yaşadığı Çində faktiki indi pandemiya yoxdur. Həm də bu yalnız xəstəlik məsələsi deyil. Deyərdim ki, bu, siyasi, iqtisadi, sosial xarakterli böyük problemdir.
- Virus yayıldıqdan sonra dünya ölkələrinin demək olar ki, hamısında iqtisadi gerilik müşahidə olunur. Ancaq Çində tam əksi - inkişaf tendensiyaları müşahidə olunur. Bu da qəribə deyilmi?
- Bəli, Çin inkişaf edir və bu, olduqca maraqlı prosesdir. Sözsüz ki, bu da böyük problemdir. Mən təklif edirəm ki, buna yalnız səhiyyə problemi kimi baxmayaq. Daha yaxşı olardı ki, burada böyük maraqların olduğuna diqqət yetirək. Bu, iqtisadi, sosial, siyasi məsələdir.
- Koronaya qarşı peyvənd hazırlayan şirkətlər böyük gəlirlər əldə edib. Dünyanın zənginlər siyahısına daha 9 nəfərin adı salınıb və bunların hər biri virusa qarşı peyvənd hazırlayan şirkətlərin rəhbərləridir...
- Dediyim kimi, bu, böyük oyundur. Ona görə proses tezliklə dayanmayacaq. Burada söhbət milyardlardan gedir.
- Bəzi şəxslər bu prosesləri müharibəyə bənzədir. Siz necə düşünürsünüz?
- Bəli, adını pandemiya qoymuşuq, amma o biri tərəfdən müharibədir. Əslində pandemiya da müharibədir. Bioloji müharibədir. Bu tərəfdən də həm iqtisadi, həm siyasi, həm də geosiyasi müharibədir. Böyük maraqlar var.
- Artıq yay fəsli yaxınlaşır, yoluxma sayı azalıb. Karantin qaydaları getdikcə yumşaldılır. Vəziyyətin daha da yaxşılaşması üçün daha nələr etmək olar?
- Mən, insanları həkimlərin təklif etdiyi qoruma tədbirlərinə əməl etməyə çağırıram. Kütləvi yerlərdə ehtiyac olmadığı təqdirdə çox toplaşmasınlar. Hər kəs öz şəxsi müalicəsini təmin etməlidir. Həkimlərin tövsiyəsinə əməl etmək, dövlətin karantin rejimi ilə bağlı tətbiq etdiyi qaydalara tabe olmaq vacibdir, eləcə də könüllü vaksinasiyaya getmək. Hazırda hamılıqla bu tədbirlərə tabe olmalıyıq.
Nəhayətdə pandemiyadan qorxmaq lazım deyil. Bu həyat tərzidir. Ölüm də, sağalma da olur. əsas odur ki, qorunasan, özün öz həkimin olmalısan.