25 May 2021 21:42
1 434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda seçki yaxınlaşdıqca siyasi hərarət durmadan yüksəlir. Seçkidə yenidən xalqdan mandat almaq imkanlarını itirən baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyan xalqı sınaqdan çıxmış üsulla – xarici düşmən obrazı ilə qorxutmağa çalışır. “Biz xarici düşmən qarşısında birləşməliyik, erməni xalqının nicatı bizim birliyimizdədir, birləşməsək Ermənistanın suveren dövlət kimi mövcudluğu ciddi təhlükə altına düşə bilər”, - Ermənistanın hakim dairələrinin hazırda mövcud olan seçki şüarını bu cür ümumiləşdirmək olar.

Teleqraf.com bildirir ki, mayın 12-dən artıq bu prosesə tam gücü ilə start verilib. Azərbaycanın öz sərhədlərinə sahib çıxması, 1975-76-cı illərdə iki ölkə arasında dəqiqləşdirilmiş sərhədlər çərçivəsinə qayıdılması rəsmi İrəvan üçün lap göydəndüşmə fürsət olub. Bununla bağlı ənənəvi çığır-bağır (oxu: şüvənlik) salan, xarici havadarlarını prosesə cəlb etməyə çalışan Ermənistandan hansı paytaxtlara, kimlərə zəng edilmədi, kimlərdən mədəd umulmadı? Fransa, Rusiya, ABŞ, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının katibliyi, təşkilata cari sədrliyi həyata keçirən Tacikistan, KTMT-nin üzvləri, Avstriya və sair ölkələr, onların liderləri bu günlərdə Ermənistan baş naziri, xarici işlər və müdafiə naziri səlahiyyətlərinin icraçıları tərəfindən sözün əsl mənasında dəng edilməkdədir.

Ancaq Azərbaycanın məsələyə soyuqqanlı və təmkinlə yanaşması, güc tətbiqini tamamilə istisna etməsi, məsələni siyasi-diplomatik yollarla həll etmək istəyi, o cümlədən Azərbaycan Prezidentinin sözügedən ölkələrdən olan həmkarları ilə telefon danışıqları Ermənistanın əlindən əsas “kozır”ının da çıxmasına səbəb oldu. Hətta KTMT kimi Ermənistanın 44 günlük müharibədən əvvəl Azərbaycanı təhdid etdiyi əsas təşkilatın xarici işlər nazirlərinin görüşünün nəticəsiz başa çatması İrəvanın seytnot vəziyyətə düşməsinə gətirib çıxardı.

Vəziyyəti belə görən Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu gündən etibarən təxribatların yeni mərhələsinə başlatmağa qərar verdiyi aşkar görünür. Belə ki, bu gün Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə növbəti dəfə yalan məlumat yayıb. Azərbaycan Müdafiə Nazirliyinin bununla bağlı yaydığı açıqlamada da birmənalı şəkildə bildirilib ki, bölmələrimiz tərəfindən qarşı tərəf istiqamətində heç bir atəş açılmayıb.

Ermənistan tərəfi bu gün həmin ərazidə insident baş verdiyini və bu insident nəticəsində bir erməni hərbçisinin – müqavilə əsasında xidmət edən 1989-cu il təvəllüdlü kiçik serjant V.Y.Xurşudyanın həlak olduğunu iddia edir.

Azərbaycan Müdafiə Nazirliyi isə sərəncamında olan məlumata əsasən erməni hərbi qulluqçusunun ölümü ilə bağlı insidentin bədbəxt hadisə nəticəsində baş verdiyini bildirib. “Bu hadisənin Azərbaycan tərəfi ilə hər hansı bir əlaqəsi yoxdur. Bildiririk ki, Azərbaycan tərəfi məsələ ilə əlaqədar Rusiya tərəfi ilə də daimi təmasdadır”, – Azərbaycan MN-nin məlumatında qeyd olunub.

Onu da qeyd edək ki, son iki gün ərzində (24-25 may) Ermənistan silahlı qüvvələri 3 hərbçisini itirib. Belə ki, mayın 24-də müddətli hərbi qulluqçu Mkrtiç Ovannisyan özünü başından güllələyib, mayın 25-də saat 13:00-da isə yenə başından güllə yarası alan Mqer Ovannisyanın meyiti aşkarlanıb. Yuxarıda adı çəkilən V.Y.Xurşudyan Ermənistan ordusunun artıq qeyd etdiyimiz kimi son iki gün ərzində itirdiyi üçüncü hərbçidir. Bu intihar, qətl və ya bədbəxt hadisə nəticəsində baş verən ölüm hadisələrini hansısa formada əsaslandırmaq, seçki ərəfəsində siyasi ehtirasların qızışdığı Ermənistan cəmiyyətini sakitləşdirmək, erməni analara cavab vermək lazımdır.

Belədə ən ortimal çıxış yolu hərbçinin ölümünü Azərbaycan Silahlı Qüvvələrinin ayağına yazmaqdır. Üstəlik, bununla rəsmi İrəvan artıq eskalasiyanın baş verdiyini, ilk qurbanın qeydə alındığını beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırmaq istəyir. Halbuki bütün bu ölümlər Ermənistan hakimiyyətində olduğu kimi orduda da baş verən özbaşınalığın, dərəbəyliyin nəticəsidir. Ölkədə hakimiyyətsizlik mövcud olduğu kimi orduda da ciddi nizam-intizamsızlıq hökm sürür. Bir sözlə əsl Armageddon - nəticələri Ermənistan ordusunun məhvinə gətirib çıxara biləcək fəlakət yaşanır. Orduda nə baş verdiyini praktik olaraq heç kim bilmir. Buna görə də artıq son iki gündə üçüncü ölüm faktı qeydə alınır.

Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında da qeyd olduğu kimi bu hadisələrin ölkəmizə heç bir aidiyyəti yoxdur. Baş verən insidentlər Ermənistan ordusunun necə acınacaqlı durumda olmasının əyani göstəricisidir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər