Bu gün Azərbaycan həm regionda, həm də qlobal miqyasda yüksək nüfuza malikdir. Ölkəmiz regionun lideri və beynəlxalq təşəbbüslərin müəllifidir. Azərbaycan əldə etdiyi uğurlar və qazandığı tərəfdaşlar sayəsində dünyanın siyasi xəritəsində öz statusunu yüksəldib. Respublika günü ilə bağlı cənab Prezidentə ümumilikdə 60-dan artıq ölkə rəhbəri tərəfindən təbrik məktubları ünvanlanıb. Bu amil Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və genişlənən əməkdaşlığının göstəricisi hesab olunur.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində öz status və rolunu artırıb:
“İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daha da güclənib. Bu gün dünyanın aparıcı dövlətləri və onların rəhbərləri Azərbaycana, cənab Prezidentlə əməkdaşlığa xüsusi önəm verir. Məhz bu səbəbdən son zamanlar ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri ilə bağlı atılan addımları xüsusi vurğulamaq olar”.
Deputat hesab edir ki, ABŞ prezidentinin İlham Əliyevə ünvanladığı təbrik məktubu ölkələr arasında etibarlı münasibətlərin inkişafının göstəricisidir:
“ABŞ prezidentinin cənab Prezidenti Respublika Günü və bundan öncə də Novruz bayramı münasibətilə təbrik etməsi münasibətlərdəki inkişafın göstəricisi hesab olunur. Bu cür münasibətlər ikitərəfli əlaqələrin çoxşaxəliliyində xüsusi önəmi daha da artırır”.
Məlahət İbrahimqızına görə, müstəqilliyin bərpasından sonra ABŞ və Azərbaycan arasında əlaqələr təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərini özündə əks etdirir:
“Ağ Ev administrasiyası Azərbaycanın enerji layihələrini dəstəkləyir. Bu layihələrin inkişafında maraqlıdır. ABŞ ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri xüsusi qiymətləndirib. Eyni zamanda Xəzərdə yatağın Türkmənistanla birgə işlənməsinə dair Anlaşmanı da qətiyyətlə dəstəklənib. Dünyanı təhdid edən terrorla mübarizədə Azərbaycanın oynadığı rol ABŞ-ın siyasi rəhbərliyi tərəfindən etiraf olunur. ABŞ prezidenti Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarlığını bildirir. Bütün bunlar ölkələr arasındakı münasibətlərin inkişafı, yeni perspektivlər üçün yol açır”.