Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Ziyafət müəllim, Ermənistanda seçki öncəsi daxili vəziyyəti necə dəyərləndirirsiniz?
- İndiki halda Ermənistanda baş verən daxili prosesləri ancaq xaos adlandırmaq olar. Çünki ölkə seçki ərəfəsindədir. 20 iyunda keçiriləcək seçkilərə hazırlıq prosesinin necə getdiyini artıq hər kəs görür. Ermənistanda gedən proseslər bu ölkənin gələcəyini sual altında qoyur. Bu dövlət qonşularla, yəni Azərbaycan və Tükiyə ilə münasibətləri qaydaya salmadığı müddətcə onun problemləri bitməyəcək. Hazırda isə Ermənistanda bu düşüncədən uzaq siyasət aparılır. Onlar daha çox revanşist hisslərlə yaşayırlar.
44 günlük müharibədə Ermənistan biabırcasına məğlub oldu. Amma 30 ilə yaxın özləri haqqında əfsanələr, miflər uydurmuşdular. İddia etdikləri “güclü erməni ordusu” anlayışı 44 günə darmadağın oldu. 30 ilə yaxın işğala güclü Azərbaycan Ordusu 44 günlük əks hücumla son qoydu. Amma Ermənistanda hələ də köhnə xəyallarla yaşayanlar var. Ortada isə münaqişənin bitməsini və bundan sonrakı prosesləri tənzimləyəcək iki mühüm razılaşma var. 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ilə razılaşmasına əsasən sonrakı proseslər danışıqlar və qarşılıqlı anlaşma şəraitində həll olunmalıdır. Burada kommunikasiyaların açılması və digər məsələlər öz əksini tapıb. Dəmir və quru yolu ilə əlaqələrin yaradılması ilə Azərbaycan Naxçıvana və Türkiyəyə birbaşa çıxış imkanı əldə edir. Eyni zamanda bu kommunikasiyaların açılması Ermənistanın özü üçün də əhəmiyyətlidir. Amma bu gün Ermənistanda bir qrup siyasi qüvvə ölkələrinin gələcəyini və inkişafını düşünmədən revanşıst xəyallara düşüblər. Əsl mahiyyəti isə Azərbaycana və Türkiyəyə nifrətlə bağlıdır. 30 illik nifrət isə onlara heç nə qazandırmadı.
- Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan özündən sonrakı siyasi hakimiyyətləri açıq şəkildə ifşa edir. Onun yanaşmalarını necə şərh etmək olar?
- Elə o dövrdə erməni siyasi sferasında azdan-çoxdan prosesləri düzgün dəyərləndirməyə çalışan Levon Ter-Petrosyan olub. Çünki bu cür davranışla heç nəyə nail olmayacaqlarını bilirdilər. Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salmayınca, onlar üçün heç nə dəyişməyəcək.
- Sərhəddəki erməni təxribatları nə ilə bağlıdır?
- Bu təxribatlar Ermənistana heç bir üstünlük qazandırmır. Bununla heç nə əldə edə bilməyəcəklər. Nə qədər təxribata əl atsalar bir o qədər də cəzalanacaqlar. Ermənistan indiki halda delimitasiya və demarkasiya məsələlərindən mümkün qədər qaçmağa çalışır. 30 il yaxın Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan olub. Ermənilər hətta öz sərhədlərinə yaxın əraziləri mənimsəməyə çalışıblar. Düşünüblər ki, əbədi olaraq ərazilər onların olacaq. Ona görə də, Ermənistan siyasi hakimiyyəti sovet dövründə məlum olan xəritələri qəbul etmək istəmir. Sovet dövründə dövlətlər arasında konkret sərhəd məntəqələri olmasa da sərhəd nöqtələri bəlli idi. Bu da mövcud xəritələrdə öz əksini tapmışdı. Ona görə də, bu gün tarix və beynəlxalq hüquq nöqteyi cəhətdən haqq-ədalət Azərbaycanın tərəfindədir.
- Delimitasiya və demarkasiya məsələləri ilə bağlı erməni tərəfinin narazılığı nədən ibarətdir?
- Bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ermənilər tərəfindən basdırılmış yüz minlərə mina var. Sanki bu ərazilərdən cənab Prezidentin də vurğuladığı kimi “vəhşi bir qəbilə keçib”. Ekologiyanı, tarixi, mədəniyyəti barbarcasına dağıdıblar. Azərbaycan isə 44 gündə legitim müharibə apardı. Azərbaycan Ordusu heç bir halda mülki obyektləri, insanları hədəf almadı. Güclü Azərbaycan Ordusu ancaq düşmənin mühüm hərbi obyektlərini məhv edirdi. Ermənilər hər zaman öz uydurma orduları ilə öyünürdülər. Amma 44 gündə onların əslində bir söz yığını olduğu da üzə çıxdı. Ermənilər sadəcə hər zaman kimlərəsə güvənib. Onların öz imkanlarından üstün xəyalara düşməsi də bununla əlaqədardır. Bu gün Ermənistandakı siyasi qüvvələr də ancaq kənardan yardım almağa çalışır. Amma bu cəhdləri də puça çıxdı. Sərhəd məsələsində isə onların heç bir iddiası əsaslı ola bilməz. Ermənistan mümkün qədər sərhədlərin müəyyənləşməsi məsələsini qeyri-müəyyən müddətə uzatmağa və bu prosesi pozmağa çalışır. Ermənistan bununla Azərbaycan ərazilərinə olan iddialarından da əl çəkmədiyini nümayiş etdirir. Çünki rəsmi qaydada Ermənıstan Azərbaycan ərazilərini, sərhədlərini tanıdığı halda onun bütün iddiaları da sıfıra enir. Ona görə də Ermənistan tərəfi sərhədlərin dəqiqləşdirilməsi məsələsində mümkün olduğu qədər pozucu və təxribat xarakterli addımlarda maraqlı ola bilər.
- Münasibətləri normallaşdırmaq üçün ilkin şərtlər necə müəyyənləşməlidir?
- Azərbaycan bütün qonşuları, o cümlədən də Ermənistanla münasibətlərin normallaşmasında maraqlıdır. Azərbaycan bu gün öz üzərinə düşən vəzifələri icra edir. 30 il işğalda qalan və ermənilər tərəfindən sıx şəkildə minalanmış ərazilərin xəritələri Azərbaycana təqdim olunmalıdır. Eyni zamanda delimitasiya, demarkasiya məsələləri həll olunmalıdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.
- Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə yanaşı Minsk qrupunun digər ölkələrinin də sərhəddə gətirilməsi fikrini necə əsaslandrımaq olar?
- 44 günlük müharibə dövründə də Paşinyan dəfələrlə KTMK-yə müraciət etdi. Amma bu təşkilatda təmsil olunan Rusiya Prezidenti Vladimir Putin açıq şəkildə bəyan etdi ki, müharibə Azərbaycan ərazisində gedir. Hətta ermənilərin böyük ümid bəslədiyi Fransa belə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. İndi də sərhədlərin dəqiqləşdirilməsi məsələsi ortaya çıxan kimi Paşinyan yenidən KTMK-yə müraciət edib. Düşünürlər ki, kimlərsə, gəlib onların əvəzinə sərhədlərini müdafiə edəcək. Hər bir dövlət öz sərhədlərini qorumalıdır. Ermənistan öz sərhədlərini qoruya bilmədiyi halda sadəcə hay-küy salmaqla məşğul olur. Ona görə də, erməni tərəfinin qaldırdığı məsələlərin heç bir əsası yoxdur. Azərbaycanla Ermənistan sərhəddini qorumaq üçün heç bir xarici qüvvəyə ehtiyac yoxdur. Azərbaycan beynəlxalq hüquq tərəfindən tanınan ərazilərinin təhlükəsizliyini və bütövlüyünü təmin edir. Bundan sonra da proses beynəlxalq hüquq müstəvisində öz həllini tapacaq.