Milli Məclisin Sədri Sahibə Qafarova Pakistana rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının Sədri Əsəd Qeysərlə görüşüb.
Bu barədə Teleqraf.com-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclis Sədrinin rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyətini Pakistanda görməkdən məmnun olduğunu deyən Milli Assambleyanın Sədri bu səfərin iki ölkə arasında parlamentlərarası münasibətlərin inkişafına yeni töhfələr verəcəyinə əminliyini bildirib. İki ölkənin qanunverici orqanlarının İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası çərçivəsində əməkdaşlığını yüksək qiymətləndirən Əsəd Qeysər qurumun İkinci Ümumi Konfransında müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb.
Əsəd Qeysər diqqətə çatdırıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı Milli Assambleya da qardaş ölkəyə dəstəyini ifadə edərək plenar iclasında Ermənistanın Azərbaycan Respublikasının ərazisinə təcavüzünü pisləyən qətnamə qəbul etmişdir. Bu qətnamə Pakistanın qətiyyətli mövqeyinin ifadəsidir.
Milli Assambleyanın Sədri hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qruplarının işgüzar əlaqələrindən, mütəmadi keçirilən videogörüşlərdən və parlament diplomatiyası çərçivəsində əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Səmimi görüşə görə təşəkkürünü bildirən Sahibə Qafarova Azərbaycan Milli Məclisinin Sədri kimi Pakistan İslam Respublikasına ilk rəsmi səfərindən məmnunluğunu ifadə edib. Bildirib ki, təməlində ortaq dini-mədəni dəyərlər, möhkəm dostluq və qardaşlıq telləri dayanan Azərbaycan-Pakistan münasibətləri bu gün həm də strateji önəm daşıyır. Ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə dövtlət başçılarımız xüsusi diqqət göstərirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti cənab Arif Alvinin qarşılıqlı səfərləri iki ölkə arasındakı münasibətlərin inkişafında müstəsna əhəmiyyətə malikdir.
İki ölkə arasında mədəni-humanitar münasibətlərə də toxunan Milli Məclisin Sədri bu sahədə Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulayıb. O xatırladıb ki, həyata keçirdiyi xeyirxah əməlləri sayəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 2015-ci ildə Pakistanın ali müküfatı olan "Hilal-e Pakistan" ordeni ilə təltif olunub.
Sahibə Qafarova 2020-ci ildə Azərbaycanın 44 gün davam edən Vətən Müharibəsi nəticəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını Ermənistanın işğalından azad etdiyini qeyd edərək, Pakistan hökuməti və parlamenti tərəfindən ölkəmizin beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə verilən qətiyyətli dəstəyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, Xocalı faciəsi ilə əlaqədar Pakistan parlamenti və müxtəlif qurumları tərəfindən qəbul olunmuş sənədlər məhz bu qəbildəndir. Pakistan İslam Respublikası Milli Assambleyasının plenar iclasında Azərbaycan Respublikasının ərazisinə erməni təcavüzünü pisləyən qətnamənin qəbul edilməsi bu dəstəyin bariz nümunəsidir.
Milli Məclisin Sədri deyib ki, artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. İndi Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərində genişmiqyaslı yenidənqurma və bərpa dövrü başlayıb. Belə ki, Ermənistan işğal etdiyi ərazilərimizdəki məscidlərimizi, mədəniyyət abidələrimizi və bütün digər tikililəri dağıtmış, infrastrukturu tamamilə məhv etmişdir. Düşmən hətta müqəddəs ziyarətgahlarımızı və məscidlərimizi də təhqir etmişdir. Bu gün isə münaqişə başa çatsa da, bir sıra problemlər hələ də qalmaqdadır. Belə ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı və Vətən müharibəsində azad etdiyimiz torpaqlarımızda minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir, bununla da hərbi cinayət törətməkdə davam edir. Beləliklə, onlar məcburi köçkünlərimizin öz dogma yurd-yuvalarına qayıtmasına mane olmaq istəyir, sərhədlərin delimitasiyası məsələsində təxribatlara əl atırlar. Spiker həmçinin qeyd edib ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq azad olunmuş ərazilərimizə terrorçu qruplar göndərməkdə davam edir və bu bəyanatın imzalanmasından sonra Azərbaycan ərazilərində həbs olunmuş təxribatçıları "hərbi əsirlər" kimi qələmə verməyə çalışır.
Milli Məclisin Sədri diqqətə çatdırıb ki, ölkələrimizin ali qanunverici orqanlarında formalaşdırılan dostluq qrupları parlamentlərimizin ən geniş tərkibli qruplarından hesab edilir. Dostluq qrupları işgüzar əməkdaşlıq əlaqələri saxlayır, videogörüşlər keçirir, müxtəlif məsələlərdə bir-birinə dəstək ifadə edirlər. Ölkələrimiz arasında münasibətlərin inkişafı naminə parlament diplomatiyasının bütün formatlarından tam şəkildə istifadə etmək üçün geniş imkanlar mövcuddur.
Görüşün sonunda Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, Pakistan İslam Respublikası Milli Assambleyasının Sədri Əsəd Qeysər iki ölkə arasında parlamentlərarası münasibətlərin inkişafına və dövlətlərarası əlaqələrin genişləndirilməsi işinə verdiyi töhfələrə görə Milli Məclisin Fəxri Medalı ilə təltif edilib. Azərbaycan Parlamentinin Spikeri medalı Əsəd Qeysərə təqdim edib.
Görüşdən sonra Azərbaycan parlament nümayəndə heyəti Pakistan Milli Assambleyasının inzibati binasında və iclas zalında deputatlar üçün yaradılmış şəraitlə tanış olublar. Burada Milli Məclisin Sədrinə Pakistan Parlamentinin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Parlament nümayəndə heyətimiz Pakistan parlamentində olan zaman Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının Sədri Əsəd Qeysərlə birlikdə iki ölkə arasında dostluğun və qardaşlığın nümunəsi olaraq Milli Assambleyanın bağında ağac əkiblər.