11 İyun 2021 18:37
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ilin 11 iyun tarixində xarici işlər naziri Ceyhun Bayramov Somali Federativ Respublikasının Azərbaycan Respublikasında akkreditə olunmuş qeyri-rezident səfiri Cama Abdullahi Mohamedi qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Teleqraf.com-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov Somali ilə mövcud olan dostluq və əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edərək, bu əməkdaşlığın həmçinin beynəlxalq platformalarda uğurla davam etdirildiyini vurğulayıb.

Somalinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verdiyi dəstəyi məmnunluqla ifadə olunub.

Nazir, həmçinin qarşı tərəfə bölgədəki son hadisələr, işğaldan azad olunmuş ərazilərimizdəki vəziyyət, o cümlədən, bu ərazilərdə Ermənistan tərəfindən məqsədli törədilən geniş miqyaslı dağıntılar, mina təhlükəsi, eləcə də bu ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesi haqqında ətraflı məlumat verib.

Səfir Cama Abdullahi Mohamedi ölkələrimiz arasında mövcud olan yaxın tarixi və mədəni əlaqələrə istinad edərək, ölkəsinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə hər zaman dəstək verdiyini qeyd edib. Səfir Azərbaycan xalqını və dövlətini əldə olunmuş böyük Qələbə münasibətilə təbrik edib.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər