14 İyun 2021 20:43
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ı bölgə ilə bağlı iki məsələ narahat edir: həyata keçirilən Zəngəzur dəhlizi layihəsindən kənarda qalması və Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi. Hər iki gəlişmə ABŞ üçün arzuolunan deyil. Bu baxımdan da, bunlar ABŞ tərəfindən müzakirə edilən mövzulardır. ABŞ hələ 1990-cı illərin əvvəllərində Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində müəyyən diplomatik səylər göstərmişdi. İndi belə bir strateji bölgədəki reallığın dəyişməsi Avropa Birliyi və Rusiya ilə yanaşı, ABŞ-ı da ciddi qayğılandırır”.

“Bakı” politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədovun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. Türkiyə lideri səfərdən əvvəl bildirdi ki, Azərbaycanla hərtərəfli müqavilə imzalanacaq. O, bunun indiyədək iki ölkə arasında imzalanmış ən böyük müqavilə olacağını dedi. Sizcə, bu müqavilədə nələr yer ala bilər?

- Sabahdan Ərdoğanın Azərbaycana iki günlük səfəri başlayır. Bu səfər çərçivəsində mühüm sazişlərin imzalanacağı gözlənilir. Son gəlişmələr həm də onu göstərir ki, Türkiyə-Azərbaycan münasibətləri iki ölkə arasındakı əlaqələr tarixinin ən yüksək səviyyəsinə çatıb. İndi burada əsas məqam Ərdoğanın elan etdiyi sazişlərlə bağlıdır. Bir məsələni də qeyd etmək lazımdır ki, Azərbaycan uzun illər xarici ölkələrlə olan münasibətlərində balansı qoruyurdu. Çalışırdı ki, ayrı-ayrı güclərin bölgədəki maraqlarını nəzərə alsın. Ötən il Ermənistan Tovuz istiqamətində təxribat törədərkən həm Rusiya, həm ABŞ, həm də Avropa İttifaqının susması ona gətirib çıxardı ki, Bakı öz hərbi müttəfiqi olan Türkiyə ilə münasibətlərdə daha ciddi addımlar atsın. Biz bunun nəticəsində 100 il sonra yenidən türk əsgərinin Azərbaycana gəlməsinin şahid olduq. Türkiyə hərbçilərinin Ağdamda fəaliyyət göstərən monitorinq mərkəzində təmsil olunması bunu deməyə əsas verir. Eyni zamanda, Türkiyənin Naxçıvanla bağlı göstərdiyi səylər də hər kəsə bəllidir.

İndi əsas məqsəd Türkiyə və Azərbaycanın hərbi sistemlərini bir-birinə yaxınlaşdırmaqdır. Burada kadr islahatlarından tutmuş, hərbi-texniki sahədəki inkişafa qədər məsələlər yer almalıdır. Söhbət həm də Türkiyənin ən müasir dron və digər silahlarının Azərbaycanda istehsalının təşkilindən gedə bilər. Çox güman ki, Ərdoğanın səfərindən sonra biz bu yöndə gəlişmələrin şahidi ola bilərik. Hər kəsə məlumdur ki, Türkiyənin son hərbi nailiyyətlərinin ən yüksək şəkildə dünyaya təqdim olunmasında Azərbaycan da mühüm yer tutur.

Başqa bir istiqamət iqtisadi sahə ilə bağlıdır. Bu baxımdan, açılması gözlənilən Zəngəzur dəhlizi Böyük İpək Yolunun əsas orta xəttində çox mühüm istiqaməti təşkil edir. Türkiyə də bu xətt vasitəsilə Ermənistan-İran sərhədindən keçməklə Orta və Mərkəzi Asiya, eləcə də Çinə uzanan mühüm nəqliyyat qovşağında xüsusi yer alacaq. Qənaətimə görə, yaxın aylarda bu nəqliyyat dəhlizinin reallaşmasının şahidi ola bilərik.

Türkiyənin bölgədə hərbi cəhətdən nüfuzunun artması, onun iqtisadi sahədə də güclənməsinə gətirib çıxaracaq. Bu da o deməkdir ki, Ermənistan gələcəkdə Türkiyə iqtisadiyyatı tərəfindən “əridiləcək”. Eyni zamanda, Türkiyə şirkətləri azad edilmiş ərazilərdə tikinti və infrastruktur sahələri ilə yanaşı, bölgədəki təbii sərvətlərin istismarı ilə məşğul olacaqlar. Habelə Türkiyə və Azərbaycan arasında hərbi sahədə yeni sənədin imzalanacağı istisna deyil. Bu isə o demək olacaq ki, əgər üçüncü dövlətlər Azərbaycana hərbi müdaxilə edərlərsə, avtomatik olaraq qarşılarında Türkiyəni görəcəklər. Düzdür, belə bir sənəd 2010-cu ildə Naxçıvanda imzalanıb, amma bunun genişləndirilməsi mümkündür. Bu da o deməkdir ki, Azərbaycanda Türkiyənin hərbi bazaları qurula və ya hərbi qüvvələrinin yerləşdirilməsi rəsmiləşdirilə bilər. Habelə bu səfərdə Şuşada Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmliyinin göstəricisi olan hansısa bir layihənin əsasının qoyulması mümkündür.

- ABŞ bölgədə fəallığını artırıb. Dövlət katibinin köməkçisi bölgə ölkələrinə səfər etdi, bundan sonra Prezidenti Co Baydenin Qarabağ məsələsini Ərdoğanla müzakirə edəcəyi deyildi. ABŞ-ın bu fəallığı bizə nə vəd edir?

- ABŞ-ı bölgə ilə bağlı iki məsələ narahat edir: həyata keçirilən Zəngəzur dəhlizi layihəsindən kənarda qalması və Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi. Hər iki gəlişmə ABŞ üçün arzuolunan deyil. Bu baxımdan da, bunlar ABŞ tərəfindən müzakirə edilən mövzulardır. ABŞ hələ 1990-cı illərin əvvəllərində Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində müəyyən diplomatik səylər göstərilmişdi. İndi belə bir strateji bölgədəki reallığın dəyişməsi Avropa Birliyi və Rusiya ilə yanaşı, ABŞ-ı da ciddi qayğılandırır. Hər kəs burada payının olmasını istəyir və bunun üçün çalışır.

NATO-dakı müttəfiqi Türkiyənin Qarabağda, ümumiyyətlə Cənubi Qafqazdakı hərbi-siyasi varlığı gələcəkdə ABŞ-ın maraqlarına cavab verəcək. Buna görə də, ABŞ Türkiyənin bölgədə fəaliyyətlərinə mane olmamalıdır. Əksinə, Türkiyənin Cənubi Qafqazdakı fəaliyyətlərinin genişlənməsinə şərait yaratmalı, ona kömək etməlidir. Digər yandan, Putin və Bayden arasında da, Cənubi Qafqazdakı son proseslər müzakirə ediləcək. Düşünürəm ki, ABŞ müəyyən məsələlərdə həm Türkiyə, həm də Rusiyaya güzəştə gedərək, bölgədəki maraqlarını təmin etməyə çalışacaq. Məsələn, ABŞ Ukrayna və digər bölgələrdə Rusiyaya güzəştə gedərək bir sıra regionlarda öz maraqlarını həyata keçirməyə cəhdlər edə bilər. ABŞ-ın Türkiyə ilə danışıqlarında da eyni prosesləri görə bilərik.

Ərdoğan-Bayden görüşündən sonra ABŞ-ın Cənubi Qafqazda gedən gəlişmələrdə daha fəal rol alması mümkündür. Yəni ABŞ bölgədəki yeni reallığın lehinə olan bir mövqedə dura bilər. Bu görüş olduqca vacibdir. Təsadüfi deyil ki, bu görüşdən əvvəl dövlət katibinin köməkçisi Filip Riker həm Bakı, həm də İrəvanda səfərdə oldu. Rikerin bölgəyə səfəri çərçivəsində hazırladığı hesabat Baydenin həm Ərdoğan, həm də Putinlə görüşünün əsasını təşkil edəcək.

- Azərbaycanda saxlanılan 15 erməni hərbçisi qaytarıldı, əvəzində Ağdam üzrə minalanmış ərazilərin xəritəsi alındı. Burada diqqətçəkən məqam Azərbaycan tərəfinin Gürcüstan və ABŞ-a təşəkkür etməsi oldu. Bu mesajı necə başa düşək, məsələn, bu kimi məsələlərin həlli üzrə üzərinə öhdəlik götürmüş Rusiya niyə burada yer almadı?

- Əslində Rüstəm Muradov erməni hərbçilərinin İrəvana qaytarılması ilə bağlı çoxdan məşğul idi. Bu dəfə də hər kəs düşünürdü ki, “əsirlərin” qaytarılması və mina xəritələrinin alınması Muradovun səyləri ilə baş tutub. Hətta Ermənistanın bir çox media qurumları, xüsusən də “Sputnik Armeniya” buna görə, Rüstəm Muradova ayrıca təşəkkür etdilər, Rusiyanın mövqeyini qabartmağa çalışdılar. Əslində Azərbaycan və Ermənistan arasındakı bu humanitar kompromislərdə Rusiyanın göstərdiyi səylər onun Ermənistandakı mövqeyini gücləndirirdi. Halbuki Azərbaycanın bu məsələlərdə prinsipial mövqeyi var. Azərbaycan bundan əvvəl də bu yöndəki addımları öz iradəsi ilə atmışdı.

Son addıma gəldikdə, bu, ABŞ və Gürcüstanın baş nazirinin vasitəçiliyi ilə həyata keçirildi. Gürcüstan bununla kənarda qaldığı son proseslərdəki yerini sığortalamış oldu. ABŞ isə bununla seçkiqabağı dəstək verdiyi Paşinyana böyük jest edərək, erməni ictimaiyyətinə sübut etməyə çalışdı ki, Rusiya yox, Amerika Cənubi Qafqazdakı proseslərdə mühüm oyunçudur, Paşinyanı seçsəniz, Vaşinqton Ermənistana öz dəstəyini əsirgəməyəcək. Bundan sonra da Paşinyanın Robert Köçəryan üzərində qələbəsini təmin edə biləcək addımların atılmasının da şahidi ola bilərik.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər