15 İyun 2021 14:50
354
12 Punto 14 Punto 16 Punto 18 Punto

1993-cü ilin 15 iyun günü ümummilli lider Heydər Əliyevin Azərbaycan Milli Məclisinin sədri seçilməsi ölkəmizin taleyində dönüşün başlanğıcı oldu. Bu günün müasir tariximizə Qurtuluş günü kimi keçməsi və bu adla rəsmiləşməsi onunla əlaqədardır ki, məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizin müstəqilliyi qorunub saxlanıldı, möhkəmləndi, bütün sahələrdə dirçəliş baş verdi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə gələnə qədər Azərbaycanda xalqının maraqlarına uyğun olmayan vəziyyət hökm sürürdü: “Həmin dövrdə böyük əksəriyyətin düşüncəsi bu idi ki, ölkənin belə bir ağır durumdan xilas edə biləcək yeganə şəxsiyyət ulu öndər Heydər Əliyevdir. Xalqın bu niyyətini qəbul edən dahi lider Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlər qısa zamanda nəticəsini verdi. Ölkə parçalanmaqdan qurtuldu, nizami ordu formalaşdırıldı, bütün siyasi və diplomatik vasitələr işə salındı. İqtisadi potensialımızdan səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr imzalandı. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir”.

Millət vəkilinə görə, ulu öndər Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir vaxtda Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanmaq təhlükəsindən qurtarmasında idi: “Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir. Buna görə də xalqımız haqlı olaraq bu günü Milli Qurtuluş günü kimi qeyd edir.

Artıq Azərbaycan Cənubi Qafqaz region ilə, MDB məkanı və Avropa ilə deyil, dünya ölkələri ilə müqayisə edilir. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü lideri var. Ölkəmiz hələ uzun illər boyunca Heydər Əliyev yolu ilə inkişafa tərəqqiyə doğru gedəcək. Bu mənada nə qədər Azərbaycan var, Heydər Əliyev bizim aramızda əbədiyaşar qalacaq”.

Aqil Məmmədov bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı 44 günlük müharibə müasir tariximizə qızıl hərflərlə yazıldı: “Cənab Prezidentin nümayiş etdirdiyi qətiyyətli mövqe, xarici mediaya verilən müsahibələr, Ordumuzun misilsiz şücaəti xalqımızı 30 ildir yaşadığı məğlubiyyət girbadından qurtardı. Bütün bunlar ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın maraqlarına, mənafeyinə tam cavab verən milli siyasətə sadiqliyin, bu siyasətin dövrün tələblərinə uyğun şəkildə cilalanaraq inkişaf etdirilməsinin və dövlət siyasətində tətbiqinin nəticəsidir. Çünki ulu öndər torpaqlarımızın azad ediləcəyinə hər zaman qətiyyətlə inanıb.

Bu yaxınlarda Ulu öndərin uzun illər əvvəl məcburi köçkünlərlə görüşündə çıxışını əks etdirən bir video yayımlandı. O çıxışında 44 günlük savaşda işğaldan azad edilmiş rayonlarımızın adlarını bir-biri sadalayır. Çünki onun başlatdığı siyasi kursun məntiqi torpaqlarımızın azad olunması ilə nəticələnməli idi. Belə də oldu. Bu baxımdan, Azərbaycan xalqı hər zaman Ulu öndərin adını, xatirəsini əziz tutacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər